Mart soyqırımı: Erməni vəhşiliyinin ən qanlı faciələrindən biri

“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”

Heydər ƏLİYEV

Məlum olduğu kimi, ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı müxtəlif yollarla təcavüzkar əməllərini davam etdirərək soyqırımı siyasəti həyata keçiriblər. Erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində, ardıcıl olaraq, hərbi, ideoloji və təşkilati tədbirlər həyata keçirilib və azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların yaşadıqları ata-baba yurdlarında başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.

Əsrləri əhatə edən azərbaycanlılara qarşı soyqırımı siyasətinin gerçəklikləri Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırılmışdır. Belə ki, bu soyqırımı yalnız Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. Həmin vaxtdan başlayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsidə qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri həyata keçirilir və dünya ictimaiyyətinin diqqəti bu hadisəyə cəlb olunur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamı da olduqca mühüm əhəmiyyət kəsb edir. Hadisələri təhlil elədikcə, məlum olur ki, tarixən başımıza gətirilən olaylar eyni ssenari üzrə həyata keçirilibdir. Bu və ya digər faktlar göstərir ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qalıblar. Xüsusilə onların 1905-1907-ci il, 1915-1920-ci il, 1947-1953-cü və 1988-1993-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri qanlı terror əməllərinin ən dəhşətlisi olmuşdur...

1918-ci il martın 31-də erməni daşnaklarının xalqımıza qarşı törətdikləri soyqırımından artıq 100 il ötür. Ermənilərin bu zamana qədər xalqımıza qarşı həyata keçirdikləri genosid siyasətinin nəticəsi olaraq, azərbaycanlıların başına ağlasığmaz müsibətlər və faciələr gətirilmişdir. Tarixi mənbələrdən bəlli olduğu kimi, “Türkmənçay” müqaviləsindən sonra Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “erməni vilayəti”nin yaradıldığı elan edilib, 7331 azərbaycanlı və 2369 erməninin məskunlaşdığı İrəvan şəhəri bu vilayətin tərkibinə daxil edilib. Qeyd edək ki, Rusiyanın erməniləri köçürmək siyasəti XX əsrin əvvəllərinə qədər davam edib. Rus tədqiqatçısı Şavrov 1911-ci ildə yazırdı ki, Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu Rusiya tərəfindən son dövrlər köçürülüb. Bu isə onu təsaiqləyir ki,  bütövlükdə Qafqaz ərazisində yaşayan ermənilərin əksəriyyəti Rusiyanın İran və Osmanlı dövləti ilə müharibələrindən sonra köçürülüblər. Rusiya Qafqazı işğal edəndə, xüsusilə, Şimali Qafqazdakı müharibələr zamanı 2 milyona yaxın müsəlman və türk əsilli insanlar Osmanlı ərazisinə köçüblər. Bununla da, Qafqazda əhalinin milli-etnik tərkibi süni surətdə dəyişib.

Mart soyqırımı isə Stepan Şaumyan başda olmaqla, 1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınlardandır. Həmin vaxt Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə 50 mindən artıq günahsız soydaşımız qətlə yetirilib. Tarixi Azərbaycan şəhəri olan İrəvanda  1920 azərbaycanlının evi yandırılıb, minlərlə soydaşımız qətlə yetirilibdir.

Xatırladaq ki, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən yeddi min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan əlavə, Qırmızı Qvardiya adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət olub. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən-dırnağa qədər silahlanmış  erməni əsgərləri müsəlmanların evlərinə basqın edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara belə aman vermirlər. Qadınlar isə daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən, qulaqları, burunları kəsilən və orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirilmişdir.

Azərbaycan torpaqlarını işğal etməyə cəhd göstərən ermənilər Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücum planı da hazırlamışdılar. Amma 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşının başlanması işğalçıların bütün planlarını alt-üst etdi. Demokratik Cümhuriyyətin sənədlərini  nəzərdən keçirərkən bəlli olub ki, mart qırğınlarının törədilməsində o dövrün hakimiyyətinin xüsusi rolu olmuşdur. Şaumyanın V.İ.Lenin tərəfindən Zaqafqaziyaya fövqəladə komissar təyin edilməsi bu hadisələrin miqyasını daha da genişləndirmişdir.  Bu baxımdan, Naxçıvanda, Gəncədə, Qubada, İrəvanda və azərbaycanlılara məxsus olan digər yaşayış məntəqələrində qırğınlar törədilmişdir.

Bu gün dünya ictimaiyyətinin nəzərinə 31 Mart Soyqırımı ilə bağlı əsaslı dəlillərdən biri olaraq, Quba kütləvi məzarlığı təqdim olunur. Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılıb. Həmin dövrdə Qubada azərbaycanlıarla yanaşı, yəhudilər və ləzgilər də daxil olmaqla 20 min insan öldürülmüş, 122 kənd dağıdılmışdı. 2007-ci ildə aşkarlanan məzarlıqdakı çoxsaylı insan skletləri ermənilərin Qubada soyqırımı həyata keçirməsinin əyani sübutudur. Bu, ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.

Əslində, mart hadisələri bolşeviklərin daşnaklarla birgə həyata keçirdikləri milli qırğın idi. Hadisənin təşkilatçısı olan S.Şaumyan qırğından bir neçə gün sonra 1918-ci il aprelin 13-də RSFSR XKS-yə yazdığı məktubunda fəxrlə göstərirdi ki, biz suvari dəstəmizlə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. “...Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyün”un də üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hisslərin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

...Ermənilər zaman-zaman tarixi təkrarlayaraq, iyrənc siyasətin müəllifinə çevriliblər. Vaxtilə 31 mart tarixində qətlə yetirilən  azərbaycanlıların uyuduğu məzarlıqda bu gün həmin yüzilliyin sonunda şəhid olan Vətən oğulları uyuyur. Bəşəriyyət tarixində ermənilərin xalqımızın başına gətirdikləri faciə ilə müqayisə ediləcək dəhşətli cinayət törədilməyib. Xocalı soyqırımı aktı da ermənilərin hazırladığı növbəti ssenari əsasında həyata keçirilmişdir.

Müstəqil dövlət olaraq bü gün dünyaya qapı açdığımız zamanda tariximizin hər bir səhifəsi bizə ibrət dərsi olmalı, zaman-zaman başımıza gətirilən fələkatləri unutmamalı və vaxtında  nəticə çıxarmalıyıq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993