Qaçqın və məcburi köçkünlərin seçimi bəllidir

Onlar əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də YAP-ın namizədinə - cənab İlham Əliyevə səs verəcəklər

“Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib...”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın qurucusu və yarıdıcısı, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə göstərdiyi xidmətlər sonsuz və əvəzolunmazdır. Onun ən böyük xidmətlərindən biri də özü qədər inandığı Prezident İlham Əliyevi təcrübəli siyasətçi kimi yetişdirməsi, Azərbaycan dövlətinin, xalqının taleyini ona etibar etməsidir. Ötən illərdə ölkəmizin əldə etdiyi nailiyyətlər təsdiqlədi ki, ümummilli lider Heydər Əliyev siyasətini daim dəstəkləyən, ona inam və etimadını dəfələrlə sübuta yetirən Azərbaycan xalqı da Prezident İlham Əliyevə güvənir, tərəddüd keçirmədən taleyini ONA etibar edir. Bu gün yenə də Azərbaycan xalqı sınaq qarşısındadır - Azərbaycanın ən taleyüklü ictimai-siyasi hadisəsi olan prezident seçkilərinə saylı günlər qalır. Bu günədək ölkəmizin müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımızı da təmsil edən seçicilərlə keçirilən bütün yığıncaqlarda onların ümumi rəyini - cənab İlham Əliyevə etimadını nəzərə alaraq əminliklə söyləmək olar ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində qaçqın və məcburi köçkünlər də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

İqtisadiyyatda qazanılan uğurların sosial sferaya yönəldilməsi Prezident İlham Əliyevin öz vətəndaşlarına qayğı və diqqətinin bariz nümunəsidir

Cənab Prezidentin hələ 2003-cü ildə - prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda yeni salınmış qəsəbələrdə məskunlaşan məcburi köçkünlərlə keçirməsi və onların qarşısındakı dərin məzmunlu çıxışı özlüyündə bir daha sübut edirdi ki, ölkəmizin bir saylı problemi olan qaçqın və məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində də ciddi addımlar atılacaq və bu sahəyə xüsusi diqqət göstəriləcəkdir. Həmin görüşdə cənab İlham Əliyevin verdiyi vədlərdən biri və ən vacibi də məhz Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacağı barədəki qətiyyətli vədi idi.

Həmin vaxtdan ötən 15 il ərzində istər qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində, istərsə də ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı sabit, demokratik ölkə imici sahəsində görülən işlərə və əldə olunan nəticələrə təhlili baxımdan yanaşsaq, birmənalı şəkildə qeyd etmək olar ki, dövlətimizin başçısı nəinki təkcə yuxarıda qeyd olunan, eləcə də verdiyi digər vədlərə əməli fəaliyyəti ilə sadiqliyini nümayiş etdirmişdir. Belə ki, son on beş ildə diqqətçəkən ən mühüm cəhətlərdən başlıcası odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirmiş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltmişdir.

Xüsusən iqtisadiyyatda qazanılan uğurların sosial sferaya yönəldilməsi Prezident İlham Əliyevin öz vətəndaşlarına qayğı və diqqətinin bariz nümunəsidir. Siyasi fəaliyyətində hər bir ölkə vətəndaşının qayğısına qalmağa çalışan Prezident İlham Əliyev əhalinin sosial cəhətdən ən zərif və həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini özünün gündəlik fəaliyyətinin əsas prioritetlərindən biri kimi qəbul etmişdir. Məhz bunun nəticəsidir ki, dövlət başçısı vəzifəsinə seçildiyi ilk gündən cənab İlham Əliyev bu soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də fəaliyyətini genişləndirmiş, prinsipial mövqe nümayiş etdirmişdir.

Belə ki, dövlət başçısı vəzifəsinə seçildiyi ilk gündən cənab İlham Əliyev bəyan etmişdi ki, Azərbaycanın bir qarış torpağı belə düşmənə verilməyəcək, nə qədər ki, sülh danışıqları davam edir, çadırlarda, yeraltı daxmalarda, vaqonlarda ağır şəraitdə yaşayan soydaşlarımızın mənzillə və işlə təmin olunması problemi öz həllini tapacaqdır. Yuxarıda da qeyd etdiyimiz kimi, cənab Prezident ilk günlərdən ölkənin iqtisadi imkanlarından bu məqsədlə maksimum istifadə olunmasını, Dövlət Neft Fonduna yığılan vəsaitin ilk növbədə bu sahəyə yönəldilməsini bir şərt kimi qarşıya qoyaraq qaçqın və məcburi köçkünlərin problemlərinin kompleks həllini nəzərdə tutan Dövlət Proqramını və ona əlavələri təsdiq etmişdir.

Azərbaycanın qazandığı bütün nailiyyətlər cəmiyyət tərəfindən haqlı olaraq ümummilli liderimiz Heydər Əliyevin ideyalarının təntənəsi kimi qəbul edilir

Ulu öndərimiz Heydər Əliyevin memarı olduğu Azərbaycan indi beynəlxalq aləmdə müstəqil siyasət yeridən ölkə olmaqla bərabər, həm də dünya birliyinin etibarlı tərəfdaşı kimi  regionun lider dövlətinə çevrilmişdir. Buna görə də Heydər Əliyevin qurduğu, həyatını həsr etdiyi bugünkü müstəqil Azərbaycanı onun şah əsəri adlandıranlar olduqca haqlıdırlar.

Təbii ki, bütün bunlardan sonra Heydər Əliyevin başladığı və həyata keçirdiyi əzəmətli işlərin - bütövlükdə bu siyasi kursun davam etdirilməsi sosial sifarişdən irəli gələn zərurət idi. Elə ulu öndər Heydər Əliyevin siyasi kursuna olan inamın fonunda bu siyasi kursun İlham Əliyevin şəxsində davam etdirilməsi də sosial sifariş olaraq ictimai rəyin təşəbbüsü idi.

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində gələcək siyasi baxışlarını açıq şəkildə bildirən cənab İlham Əliyevin Prezident seçilməsində məhz bu baxışlar mühüm rol oynadı. Çünki bu siyasi baxışların əsasında ümummilli lider Heydər Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasi kursun davam etdirilməsi dayanırdı. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi isə dövlətin milli maraqları və xalqın mənafeyi ilə tam uzlaşırdı. Təbii ki, cənab İlham Əliyevin Prezident seçilməsində bunlarla yanaşı, onun siyasi imici, diplomatik keyfiyyətləri, siyasi yetginliyi, səmimiliyi və hədsiz təvazökarlığı, dövlətinə, millətinə sevgisi, hörmət və ehtiramı, yüksək, ali tərbiyəsi, zəngin mənəviyyatı da əsas rol oynayır.

Prezident kimi fəaliyyətə başladığı ilk vaxtlardan cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu, onun ideyalarına, Azərbaycanın müstəqilliyinə göstərdiyi xidmətlərə sadiqliyini əməli fəaliyyəti ilə nümayiş etdirmişdir. Son illər bütün sahələrdə görülən işlər də bir daha sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu təkcə qoruyub saxlamır, onu yeni şəraitin tələblərinə uyğun şəkildə daha da inkişaf etdirir, bu ideyaları yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirir, bu prinsiplərdən, ideyalardan yaradıcı şəkildə istifadə edərək praqmatik təfəkkürlü bir siyasətçi kimi problemlərə müasir tələblər səviyyəsində yanaşaraq onların həlli üçün qabaqcıl təcrübənin öyrənilməsi ilə yanaşı, bir çox dövlətlərə nümunə olaraq Azərbaycan modelinin tələbinə uyğun olması üçün var gücündən istifadə edir. Ona görə də bu gün qətiyyətlə demək olar ki, cənab İlham Əliyev həm milli maraqları təmin edən dövlət başçısı, həm də beynəlxalq auditoriyaları ələ almağı bacaran təcrübəli siyasətçidir. Azərbaycanın son 15 ildə istər xarici siyasətdə, istər ölkə daxilində yaradılmış stabillikdə, istərsə də sosial-iqtisadi inkişafda əldə etdiyi bütün nailiyyətlər də cənab İlham Əliyevin özündə əxz etdiyi bütün bu keyfiyyətləri ortaya qoyur.

Bütün demokratik ölkələrdə hakimiyyətin ən ali vəzifələrindən biri iqtisadi inkişafdan yararlanaraq əhalinin hər bir üzvünün sosial müdafiəsini təmin etməkdir

Bu baxımdan əhalinin aztəminatlı təbəqələrinə yardım göstərilməsi, bütövlükdə bütün kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda da dövlət siyasətinin başlıca istiqamətləri sayılır. Hazırda möhtərəm Prezidentimiz başda olmaqla indiki iqtidarın əsas məqsədi bir tərəfdən ölkədə hüquqi-siyasi, demokratik, sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsidirsə, digər tərəfdən həmin islahatların məntiqi nəticəsi olaraq əhalinin maddi rifah halının durmadan yüksəldilməsidir. Azərbaycanda aparılan iqtisadi islahatların, görülən işlərin ilk növbədə insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcəyini dəfələrlə bəyan edən dövlətimizin başçısı bu məsələni daim diqqət mərkəzində saxlamışdır.

Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər və islahatlar ölkədə iqtisadi sabitliyi təmin etməklə yanaşı əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün möhkəm zəmin yaratmışdır. Bu gün ölkənin hər bir bölgəsində vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrə müavinətlərin verilməsi, qaçqın və məcburi köçkünlərə edilən güzəştlərin artırılması, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər dövlətin öz vətəndaşlarının sosial qayğılarına diqqətinin nəticəsidir. Azərbaycanın iqtisadi imkanlarının və əsası ümummilli liderimiz Heydər Əliyevi tərəfindən qoyulan neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərindən və digər mənbələrdən qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həllində maksimum istifadə olunmasının vacibliyini daim önə çəkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin bir saylı problemini gündəlik diqqət mərkəzində saxlamaqla bu sahəyə müntəzəm qayğı göstərib və bu gün də göstərməkdədir.

Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, onlar üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmışdır. Yeni qəsəbələrdə insanların rahat yaşaması, uşaqların təhsil alması, sağlamlıqlarının qorunması məqsədilə bütün zəruri sosial obyektlərlə yanaşı, texniki infrastruktur da yaradılmışdır. Konkret desək, 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xətti çəkilmişdir. Məcburi köçkünlər üçün ən böyük təhsil ocağı - 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarımstansiyası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir.

İndiyədək 53 min ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bundan 49 min ailə, yaxud 245 min nəfər son 14 ilin payına düşür. Yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 24 ildə 6,6 milyard manat vəsait sərf olunmuşdur. Ondan 3,1 milyard manat dövlət büdcəsinin, 2,1 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılmışdır.

Göründüyü kimi, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qayğısı bu gün ölkə Prezidenti tərəfindən də uğurla davam etdirilir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu problemlə bağlı çoxsaylı çıxışlarında, məcburi köçkünlərlə görüşlərində dəfələrlə vurğulamışdır ki, Azərbaycanın iqtisadi imkanları genişləndikcə, bu imkanlardan qaçqın və məcburi köçkün soydaşlarımızın vəziyyətinin yüngülləşdirilməsində maksimum istifadə olunacaq, onlar üçün yeni qəsəbələr salınacaq, sosial-məişət şəraitləri yaxşılaşdırılacaqdır. Bu gün görülən işlər deməyə əsas verir ki, cənab Prezidentin müntəzəm qayğısı sayəsində problemlər öz həllini tapır, ölkənin iqtisadi imkanlarından bu məqsədlə maksimum istifadə olunur.

Bütün bunları yaxından dərk edən məcburi köçkünlər böyük əhval-ruhiyyə hissi ilə 11 aprel prezident seçkilərində fəallıqla iştirak etməklə cənab İlham Əliyevi dəstəkləyəcəkləri barədə qərarlarını çoxdan veriblər. Çünki onlar cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə görülən genişmiqyaslı tədbirləri yüksək dəyərləndirərək özlərinin gələcək xoşbəxtlikləri naminə daim arxalandıqları, fəaliyyəti ilə qürur duyduqları Liderlərini yenidən dövlət başçısı görmək arzusundadırlar.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993