Qaçqın və məcburi köçkünlər bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirəcəklər

Ölkə əhalisinin, o cümlədən əhalinin sosial qayğıya daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsi sahəsində son illər qəbul edilən qanunlar, dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu sahədə müəyyən nəticələrə nail olunmasına hərtərəfli imkan yaradır. Bu istiqamətdə həyata keçirilən siyasət həm də zamanın tələblərinə uyğun olaraq daim təkmilləşdirilir. Bunlar da əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Son günlər bu baxımdan imzalanan fərman və sərəncamlar da məhz bu qəbildəndir.  

Qeyd edək ki, ölkəmizdə həyata keçirilən davamlı daxili və xarici siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından qovulmuş bir milyondan çox qaçqın və məcburi köçkün tərəfindən dəstəklənir. İnanırıq ki, bu siyasət işğal altında olan torpaqlarımızın azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin edəcək. Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur.

Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu kateqoriyadan olan insanlara böyük qayğı var idi. Son illər isə bu qayğı daha da artmışdır. Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi ilə bağlı iki dövlət proqramı qəbul olunmuş və ona iki əlavələr edilmişdir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu günə qədər 265 min köçkün yeni evlə, mənzillə təmin edilmişdir. Keçən il Cocuq Mərcanlı kəndinin bərpası həyata keçirilmişdir. Bildirilmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. 2018-ci ildə 20 min köçkünün yeni evlərlə təmin ediləcəyi də diqqətə çatdırılmışdır.

Bu gün müxtəlif ərazilərdə yeni yaşayış sahələri ilə təmin olunmuş məcburi köçkünlər rahat mənzillərdə yaşayır, onların məşğulluğu qismən təmin olunmuş, təhsil və səhiyyə problemləri həll edilmişdir. Biz məcburi köçkünlər yaxşı bilirik ki, tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq. Bizdə bu inamı yaradan dövlətimizin ildən- ilə güclənməsi, respublikamızın hərbi qüdrətinin artmasıdır.

Hazırda qarşıdan ölkəmizin gələcəyi üçün olduqca mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri gəlir. Seçkilərin yüksək səviyyədə təşkil olunması üçün məsul olan dövlət qurumları, ölkənin ali postuna namizədlərini irəli sürmüş siyasi partiyalarla bərabər, Azərbaycanda fəaliyyət göstərən çox sayda ictimai qurumlar da bu mühüm siyasi kampaniyaya ciddi şəkildə hazırlaşırlar.

Bütün bunlar isə ona dəlalət edir ki, bu gün Azərbaycan dövləti, xalqımız təkcə iqtisadi, hərbi qüdrəti ilə deyil, yüksək seçki mədəniyyəti ilə də çoxlarına nümunə göstərir. Biz məcburi köçkünlər də bu seçkilərdə fəal iştirak edəcək, haqqa, ədalətə səs verəcəyik. Çünki bizim hamımızın Azərbaycan adlı bir anamız var. Vətənin hər bir yeni uğuru qəlbimizdə fərəh doğurur və bizləri daha faydalı işlər görməyə sövq edir. Ona görə də biz hamımız qarşıdakı seçkilərdə öhdəmizə düşən işləri görməyə, daha böyük fəallıq göstərməyə borcluyuq və səsvermə zamanı düzgün seçim etməli, populist siyasətçilərə yox, xalqına, millətinə sahib durmağı bacaran, onun və ölkəsinin problemləri ilə yaşayan və bu problemləri aradan qaldırmaq gücündə olan siyasi liderə - cənab İlham Əliyevə səs verəcəyik.

Alı Əliyev,

Zəngilan rayonu 21 saylı məktəbin müəllimi

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993