Cənab İlham Əliyevə səs vermək bütün ümidlərimizin doğrulmasına səs verməkdir

Bu, qaçqın və məcburi köçkünlərin seçimidir

Yeni Azərbaycan Partiyasının 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyası məcburi köçkün rayonlarında da uğurla davam edir.

Bu günlər - aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində respublikamızın ayrı-ayrı bölgələrində, kollektivlərdə YAP Mərkəzi Seçki Qərargahının prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən izdihamlı görüşlərdə iştirak və çıxış edən ictimaiyyət nümayəndələri qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin şəriksiz lider kimi böyük üstünlüklə qalib gələcəyini əminliklə ifadə edir, bu seçkilərdə yüksək fəallıqla iştirak edəcəklərini bildirirlər. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin siyasi kursunun və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların xalq tərəfindən yekdilliklə dəstəkləndiyini və müdafiə olunduğunu bir daha təsdiqləməkdədir.

Özünün kütləviliyi və bayram əhval-ruhiyyəsi ilə diqqəti cəlb edən təbliğat -təşviqat kampaniyasında ötən on beş ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə qazandığı uğurlar, ölkədə, bölgələrdə həyata keçirilən iqtisadi layihələr, Azərbaycanın regionda və dünyada əldə etdiyi nailiyyətlər hərtərəfli təhlil olunur, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması, regionların inkişafı istiqamətində görülən işlərdən konkret faktlarla ətraflı söhbər açılır.

Seçki-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə də qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən dövr ərzində gördüyü işlər hər bir Azərbaycan vətəndaşının həyatında çox böyük müsbət izlər buraxmışdır. Ona görə də bu gün hər bir Azərbaycan seçicisinin Prezident İlham Əliyevi növbəti dəfə də Azərbaycan Respublikasının Prezidenti görmək istəyi təbii olmaqla, eyni zamanda qanunauyğundur. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbəsinə inamı ötən illərdəki fəaliyyəti ilə təsdiq etmişdir.

Doğma ocaqlarından erməni təcavüzü nəticəsində didərgin salınaraq uzun illər ağır şəraitdə yaşayan, son illərdə dövlət başçısının və dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan qaçqın və məcburi köçkün soydaşlarımızın iştirakı ilə Yeni Azərbaycan Partiyası  rayon təşkilatlarının təbliğat kampaniyası çərçivəsində keçirilən tədbirlərin  də əsas leytmotivini bu fikirlər təşkil edir. Özlərinin himayədarı və qayğıkeşi cənab İlham Əliyevlə həmrəylik və birlik nümayiş etdirmək üçün tədbirlərdə həvəslə iştirak edən qaçqın və məcburi köçkünlərimiz də, ölkə ictimaiyyəti və beynəlxalq aləm də yaxşı bilir ki, cənab İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində ilk görüşünü məcburi köçkünlərlə keçirmiş, seçiciləri ilə görüşündə öncə ölkədəki bütün çadır düşərgələrinin ləğv olunacağını, bir dənə də olsun çadır düşərgəsi qalmayacağını vəd etmişdi və cənab Prezident bu vədini dörd ildə yerinə yetirdi. Ölkədəki bütün çadır düşərgələri ləğv edildi, onların əvəzinə yeni və müasir tipli qəsəbələr salındı. Bu gün hər bir qaçqın və məcburi köçkün ailəsi cənab Prezidentin qayğısı ilə əhatə olunub. Bütün bunları öz həyatlarında hiss edən qaçqın və məcburi köçkünlər haqlı olaraq qarşıdan gələn 11 aprel prezident seçkilərində də ən layiqli namizədi - İlham Əliyevi dəstəkləyəcəklərini açıq şəkildə bəyan edirlər.

Qaçqın və məcburi köçkünlərimizin məhz bu əhval-ruhiyyə ilə keçirilən tədbirlərində qeyd olunur ki, qarşıdan ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən növbəti prezident seçkiləri gəlir. Azərbaycanın demokratik, sivil dövlət olduğunu təsdiqləmək üçün seçkilərdə fəallıq nümayiş etdirməyin mühüm önəm daşıdığını yaxından dərk edən tədbir iştirakçıları həmçinin bildirirlər ki, cənab İlham Əliyev son 15 ildə gördüyü işlərlə xalqın etimadını qazanmış, inamını daha da möhkəmləndirmiş, bir sözlə, qarşıdan gələn prezident seçkilərində qələbəsinə zəmin yaratmışdır. Bütün bunlara görə bu gün hamı bir nəfər kimi seçkilərə yüksək əhval-ruhiyyə ilə getməklə təbliğat-təşviqat kampaniyasında fəal iştirak edir. Respublikada yüksək əhval-ruhiyyə ilə davam edən təbliğat kampaniyasında seçicilərin ürəkdən səsləndirdikləri fikirlər bir daha göstərir ki, xalq insanlara belə xoş gün-güzəran bəxş edən ümummilli lider Heydər Əliyev siyasi kursunun, dövlətçilik məktəbinin layiqli yetirməsi cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və Azərbaycanın gələcək inkişaf yolunu onunla birgə addımlamaqda görür.

Bu da səbəbsiz deyil. Çünki Prezident İlham Əliyev 2003-cü ildən bəri xalqına verdiyi vədləri layiqincə yerinə yetirib. Ölkədə aparılan quruculuq işləri hamının gözü qarşısındadır. Ən başlıcası qaçqın və məcburi köçkünlərin problemini dövlətin bir saylı prioriteti adlandıran cənab İlham Əliyevin gündəlik qayğı və diqqəti sayəsində görülən işləri sadalamağa lüzum olmasa da bircə onu qeyd etmək yerinə düşər ki, indi ən müasir, yeni görkəmli qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin rahat yaşaması üçün hər cür şərait yaradılmış, böyük sosial-texniki infrastruktur layihələri həyata keçirilmişdir. Qaçqın və məcburi köçkünlərə əlavə imtiyazlar verilib və onlar bütün imtiyazlardan bəhrələnirlər. Dövlət başçısının apardığı düşünülmüş daxili və xarici siyasət nəticəsində ən böyük problem, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağı, qaçqın və məcburi köçkün soydaşlarımızın doğma ocaqlarına qayıdacaqları gün də uzaqda deyil.

Dövlətimizin başçısının yeritdiyi siyasət, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün göstərdiyi qətiyyət deyilənləri bir daha təsdiqləyir. Azərbaycanın gələcəyi üçün cənab Prezidentin görəcəyi işlər hələ davam edir. Elə bunlara görədir ki, qaçqın və məcburi köçkün soydaşlarımız da cənab İlham ƏLİYEVİ, ONUN ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyinin və siyasi kursunun davamını dəstəkləyir

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993