“Başlıca məqsəd hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır”

Birinci vitse-prezident Mehriban Əliyeva: Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır

Çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atan, xalqına tükənməz sevgi, hər bir vətəndaşa həssas və qayğıkeş münasibət bəsləyən, öz fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli istiqamətində quracağını bəyan edən, verdiyi vədi əməli fəaliyyəti ilə reallığa çevirən Birinci vitse-prezident təyin olunduqdan sonra Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilmiş ilk müşavirədən bir il ötür.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, bu münaqişə nəticəsində doğma ocaqlarından zor gücünə didərgin salınan qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu təbəqədən olan soydaşlarımızın hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin uzun illər ağır vəziyyətdə məskunlaşdıqları müvəqqəti yaşayış yerlərindən - çadırlardan, dəmiryolu üzərindəki yük vaqonlarından, fin tipli qəsəbələrdən, yeraltı daxmalardan, istismar müddətini başa çatdırmış və qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən müasir tələblər səviyyəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən qəsəbələrə və hündürmərtəbəli yaşayış binaları komplekslərinə köçürülməsi, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalanması dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir

Məlumdur ki, indiyədək qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinin həlli, maddi rifahının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bütün bunlara isə ötən illər ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının müxtəlif sahələrində qazanılan uğurlar sayəsində nail olunub və ölkəmizin surətli iqtisadi inkişafı digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın da sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb. Bu, həm də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər problemlərinin həll olunması istiqamətində görülən işlərin miqyasını daha da artırır. Özü də bu işlər mərhələli şəkildə həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 1 iyul 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və sonradan həmin proqrama edilmiş əlavələrdə, bu istiqamətdə imzalanmış digər hüquqi-normativ sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla və ardıcıllıqla icrası bu qəbildən olan insanların mənzil-məişət və digər problemlərinin həllində mühüm rol oynayır. Məhz bu proqrama və ona edilmiş əlavələrə uyğun həyata keçirilən tədbirlər qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin çözümündə, onların cəmiyyətə inteqrasiyasında Azərbaycanı artıq dünya miqyasında oxşar problemlərlə üzləşən ölkələr üçün nümunəyə çevirib. Ona görə də birmənalı şəkildə qeyd etmək olar ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanan başlıca amillərdən birini təşkil edir.

Elə bunların nəticəsidir ki, 265 min köçkünün yeni evlərlə, mənzillərlə, təmin olunması, dörd yüz min qaçqın və köçkünün işlə təmin olunması da bundan xəbər verir. Ümumilikdə, dövlətimiz indiyə qədər bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib. Elə bu faktların özü də təsdiqləyir ki, dünyanınheç bir yerində qaçqın və məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət, qayğı göstərilmir və ölkəmizdə məcburi köçkünlər üçün görülən işlərin dünyada analoqu yoxdur.

Bütün bu işlər isə cənab Prezidentin diqqət və qayğısının nəticəsində mümkün olub. Ölkə başçısı müxtəlif tədbirlərdə, görüşlərdə daim vurğulayır ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş layihələr bundan sonra da icra olunacaq, bu istiqamətdə digər tədbirlər də həyata keçiriləcək.

“Prezidentə və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam”

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş dövlət siyasətinin olduqca mühüm əhəmiyyət kəsb edən ən vacib faktorlarından biri də ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında daim fəal rol oynayan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlət başçısının müvafiq sərəncamı ilə Birinci vitse-prezident təyin edilməsidir.

Təbii ki, Mehriban xanım bu vəzifəyə xalqın dərin rəğbət və sevgisini qazanması, beynəlxalq aləmdə böyük nüfuz sahibi olması, ən başlıcası isə xalqı və dövləti qarşısında misilsiz xidmətləri nəzərə alınaraq təyin edilib. Belə ki, hələ 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi və iştirakı ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada bu gün də rəğbətlə qarşılanır. Onun bu çoxşaxəli fəaliyyəti ölkəmizin dünyada təbliğinə xidmət etməklə yanaşı, xalqımızın malik olduğu zəngin dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında olduqca mühüm önəm daşıyır. Müxtəlif istiqamətlər üzrə reallaşdırılan çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib.   

Cənab Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezident kimi ilk çıxışında “Prezidentə və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam”, deyən Mehriban xanım Əliyeva bildirib ki, mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Hazırda Birinci vitse-prezident kimi fəaliyyətinin əsas istiqamətini məhz humanizmə, dövlətinin və xalqının maraqlarına yönəldən Mehriban xanım Əliyeva hələ buna qədər də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həlli istiqamətində çoxsaylı layihələrin reallaşdırılmasına nail olub. 2015-ci ildə Xırdalan şəhərində 126 məcburi köçkün ailəsi məhz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş yeni mənzillərə köçürülüb. İndi isə o, artıq ölkənin Birinci vitse-prezidenti kimi, bu sahədə daha fəal və yaxından iştirak etməklə bu təbəqədən olan soydaşlarımızın sosial problemlərinin həllini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi bəyan edərək bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ötən il martın 9-da ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi deyilənlərin bariz nümunəsidir.

Mehriban xanım Əliyeva müşavirədəki çıxışında bu günkü reallığı əsas gətirərək vurğulayıb ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Çıxış yolu kimi Birinci vitse-prezident bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Keçən il 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb

Müşavirədə Azərbaycanın bir nömrəli probleminin Dağlıq Qarabağ məsələsi olduğunu xatırladan Mehriban Əliyeva münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların sosial şəraitinin yaxşılaşdırılmasının vacibliyini önə çəkərək indiyə qədər bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən də söhbət açıb. Bununla yanaşı, qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Birinci vitse-prezident hazırda qarşıda duran əsas məqsədin qəzalı binalarda yaşayan bütün köçkünləri mərhələli şəkildə yeni mənzillərlə təmin etmək olduğunu da diqqətə çatdırıb.

Bunun məntiqi davamı kimi həmin müşavirədə müvafiq qurumlara konkret tapşırıqlar verən, perspektiv planları açıqlayan Mehriban xanım Əliyeva tərəfindən ilk müşavirədən sonra - ötən ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər Şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq işlərin bu gün də uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd etmək kifayətdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülübdür.

 Mehriban xanım Əliyevanın məcburi köçkünlər üçün salınan yeni müasir yaşayış kompleksinin təməlqoyma, eləcə də yeni binaların açılış mərasimlərində iştirak etməsi və burada səsləndirdiyi fikirlər bir daha sübut edir ki, o, vətəndaşların sosial problemlərinin, ailə-məişət qayğılarının həllinə son dərəcə həssaslıqla yanaşır. Həmin mərasimdə çıxışı zamanı Birinci vitse-prezident öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmət növləri ilə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunduğunu, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqləndiyini söyləyərək bildirib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.

İlk növbədə ən qəzalı binalarda yaşayan 4 min ailə yeni mənzillərə köçürülür

Birinci vitse-prezident Mehriban Əliyeva müşavirədə son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkünün yeni iş yeri ilə təmin olunduğunu da diqqətə çatdırıb və bu problemin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildiyini söyləyib. Amma yenə də bu sahədə problemlər olduğunu deyən Mehriban Əliyeva bununla bağlı təkliflər hazırlanmasını tapşırıb və qeyd edib ki, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb və yeni iş yerlərinə daha çox əhalinin bu təbəqəsindən olan insanları cəlb etmək lazımdır.

Bu gün qarşıda duran əsas məqsədin məcburi köçkünləri yaşayış yeri və işlə təmin etmək olduğunu deyən Birinci vitse-prezident bildirib ki, birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb: “İndi qarşımızda duran əsas məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail olacağıq”.

Sevindirici məqamlardan biri də bundan ibarətdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil şəraitinin yaxşılaşdırılmasında dövlətin müvafiq qurumları ilə bərabər, özəl sektor da yaxından iştirak edir. Bir növ xeyriyyəçilik, vətənpərvərlik nümunəsi kimi qəbul edilən bu addım Mehriban xanım Əliyeva tərəfindən xüsusi vurğulanıb. O, dövlətlə yanaşı, biznes strukturlarının, sahibkarların da ölkəmiz üçün çox vacib olan bu məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmadıqlarını, öz dəstəyini verməyə hazır olduqlarını söyləyib, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həllinə biganə qalmayan, dəstək verən şirkətlərin adlarını açıqlayaraq onların rəhbərlərinə minnətdarlığını da ifadə edib: “Çox gözəl haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulur. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti bu sahədə böyük uğurlar əldə edib. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı nümunə göstərir”.

Qaradağ rayonunda təməli qoyulan müasir yaşayış kompleksi də Azərbaycanın özəl sektorunun bu nəcib işə töhfəsidir. Burada 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılır, ümumilikdə, 1026 ailə üçün 9 mərtəbəli 11 bina inşa olunur. Qəsəbənin bütün lazımi infrastrukturu yaradılır, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası inşa olunur. Eyni zamanda digər ərazilərdə də bu məqsədlə yeni binalar tikilir və hazır binalardan mənzillər alınaraq məcburi köçkünlər ora köçürülürlər.

 

“Görülən işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”

 

Yekun olaraq qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından ötən müddət onun bu vəzifəyə təyin olunarkən verdiyi vədləri mərhələli şəkildə yerinə yetirməsi ilə yadda qalmaqdadır. Görünən budur ki, çox böyük təşkilatçılıq qabiliyyətinə malik olan Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə nəinki dövlət qurumlarını səfərbər edib, eyni zamanda özəl sektorun da bu sahəyə cəlb edilməsinə nail  olub. Artıq onlar da Mehriban xanım tərəfindən irəli sürülən və çox yüksək humanizmə əsaslanan bu təşəbbüsə qoşulublar. Təbii ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamı, eyni zamanda, xalqımızın həmrəyliyi, dövlətimizin gücü və inkişafı kimi də qiymətləndirilməlidir.

Ən nəhayət, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bütün bu işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Görülən işlərdə, həyata keçirilən tədbirlərdə başlıca məqsəd daha güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.

Mehriban xanım Əliyeva bütün bunlarla yanaşı, onu da xüsusi diqqətə çatdırıb ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir: “Mən inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunan torpaqlarda Azərbaycan dövləti bütün lazımi infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi bərpa edəcək. Bir daha deyirəm ki, bizim əziz soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə ola bilməz”.

Bütün bunlar isə, heç şübhəsiz, öz növbəsində məcburi köçkünlərə hərtərəfli qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma ocaqlarına qayıdacaqları günə olan əminliklərini də artırır. Çünki həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edən məcburi köçkün soydaşlarımız onlar üçün yaradılan hərtərəfli şəraiti daim yüksək qiymətləndirməklə yanaşı, özləri də yaxşı bilirlər ki, inşa edilən yeni qəsəbələr onların müvəqqəti məskunlaşma yerləridir və ona görə də bu təbəqədən olan soydaşlarımızın yeganə arzu və istəkləri doğma ocaqlarına qayıtmaq, işğaldan azad edilən ərazilərdə tikinti, abadlıq və quruculuq işlərində yaxından iştirak etməkdir. O gün isə uzaqda deyil…

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993