Cocuq Mərcanlıda seçki məntəqəsi yaradılıb

Kənd sakinləri 25 ildən sonra ilk dəfə doğma kəndlərində səs verəcəklər

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 25 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verəcəklər. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində 73 saylı seçki məntəqəsi yaradılıb.

120 saylı seçki dairəsi dairə seçki komissiyasından bildiriblər ki, 73 saylı məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub. Məntəqə üzrə 121 seçici qeydə alınıb. Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatdığı üçün daha 100 ailənin kəndə köçürülməsi gözlənilir. Əgər həmin kənd sakinləri seçkilərə qədər köçürüləcəksə, seçicilərin sayı da artacaq.

Kənd sakinləri də bu əlamətdar tarixi - aprelin 11-ni böyük həvəslə gözləyirlər. Onlardan biri də Samir Məmişovdur. “Dövlətimizdən çox razıyıq. Axır ki, bu günləri də görmək bizə nəsib oldu. Ötən il yenidən öz doğma torpağımıza, doğma kəndimizə qayıtdıq. Hələ də bunun sevincini yaşayırıq. Düşmənin dağıtdığı kəndimizə bu il yaz da tez gəlib. Ağacların çiçəklərinin, yaşıllıqların, güllərin qoxusu ətrafa yayılıb. Hər kəs gündəlik qayğıları ilə məşğuldur. Gələn ay isə uzun illərdən sonra ilk dəfə Cəbrayıl torpağında - Cocuq Mərcanlıda səsvermə hüququmuzdan istifadə edəcəyik”, - deyə o bildirib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993