“Heç bir xarici qüvvə, heç bir kəşfiyyat orqanı bizdəki xalq-iqtidar vəhdətini sarsıda bilməz”

Baş nazirin müavini Əli Həsənov: “Bizə demokratiyadan, insan hüquqlarından dərs verməyə cəhd göstərirlər: getsinlər, özlərinə dərs keçsinlər”

“Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, bu il nəinki Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də, Azərbaycan demokratiyasının 100 yaşı tamam olur”.

Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən dilə gətirib.

Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatlarının mövcudluğunu və sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdıran Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qurultaydakı çıxışında bildirib ki, AzQAC da bunun bir nümunəsidir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizm prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Əli Həsənov qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda 14 nümayəndəsi fəaliyyət göstərib. Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə 35-ci yeri, MDB ölkələri arasında isə birinci yeri tutduğunu xatırladan Baş nazirin müavini deyib ki, ölkəmizin dinamik inkişafı qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərir. Müstəqilliyinin ilk illərində erməni işğalına məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən öz problemlərini həll etdi və bu işə AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları tam şəkildə qorunur.

“Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub”

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan xalqı 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, demokratik prinsiplərə riayət edir və bu prinsiplər əsasında fəaliyyət göstərir: “2018-ci il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Çünki  bu ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 ili tamam olur. Bu, onu göstərir ki, Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, fəaliyyət göstərir və bu prinsiplərə də dönmədən riayət edir. Ancaq bu gün özlərini dünyanın ən güclü, ən qabaqcıl ölkələri adlandıranlar var ki, onlarda demokratiyanın yaşı bizdən xeyli azdır. Biz onlardan xeyli əvvəl demokratiya yoluna qədəm qoymuşuq və bu yolla irəliləyirik. Təəssüf ki, indi həmin ölkələr bizə demokratiyadan, insan hüquqlarından dərs verməyə cəhd göstərirlər. Getsinlər, özlərinə dərs keçsinlər. Onların dərsi bizə lazım deyil. Elə əsl demokratiya da bizdədir, insanlara əsl xidmət, insan hüquqlarına əsl hörmət də Azərbaycandadır. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti insanlara xidmət edir, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün hər cür addımlar atır. Bu xalqa xidmət siyasətinin yaradıcısı, banisi ümummilli liderimiz Heydər Əliyev olub. Bu gün həmin siyasət ölkə Prezidenti İlham Əliyev və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla, layiqincə davam etdirilir. Bunlar dünyanın gözü qarşısında baş verir. Yəni, hər məsələ çox şəffaf və çox demokratik şəkildə öz həllini tapır”.

“Bu insanların hüquqları yoxdur?”

Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan dövləti və Azərbaycan xalqının həll olunmamış yeganə bir problem var ki, o da Qarabağ münaqişəsidir. 30 ilə yaxındır ki, belə ağır bir problemlə üzləşdiyimizi deyən Ə.Həsənov bildirib ki, bizi bu problemə düçar ediblər, bizə bu problemi yaradıblar: “Bunu yaradan dairələr eyni zamanda, Ermənistana imkan, şərait yaratdılar ki, Azərbaycan torpaqlarını işğal etsin. 25 ildən də çoxdur ki, torpaqlarımız, ərazilərimizin beşdə biri işğal altındadır. O zaman Azərbaycan əhalisinin sayı 7 milyondan bir az artıq olardı. Yəni, Azərbaycanda hər 7 insandan biri öz vətənində qaçqın-köçkün vəziyyətinə düşdü və 25 ildən çoxdur ki, bu acı taleni yaşayır. Ötən illər ərzində Qarabağ münaqişəsinin həli ilə bağlı bir sıra beynəlxalq sənədlər qəbul olunub. Bu yöndə təkcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var.1996-cı ildə Lissabon sammitində bəyanat qəbul edilib. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası 14/16 saylı qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər beynəlxalq qurumların da müxtəlif zamanlarda bu münaqişə ilə bağlı sənədləri ortadadır. Lakin bugünədək də bu münaqişə həll olunmamış, qəbul edilmiş qətnamə və qərarlar icra olunmamış, yerinə yetirilməmiş vəziyyətdə qalır. Biz, axı, kimə nə etmişik? Biz kimin torpağına göz dikmişik? Əlbəttə, heç kimin. Bizim kiminsə torpağında, ərazisində gözümüz yoxdur. Ancaq çox təəssüflər olsun ki, bu sualların cavabı olsa da, illərdir bu cavablar verilmir. Bu cavabı biz yaxşı bilirik, amma bu cavab verilmir. Bu da dünyadakı ədalətsizlikdən və özbaşınalıqdan irəli gəlir. Bu gün dünyada bizə qarşı ədalətsizlik, ikili standartlar hökm sürür”. Baş nazirin müavini qeyd edib ki, bu gün Ermənistan dünyada lazımsız bir dövlətə çevrilib: “Amma bununla belə, Ermənistandan bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa çalışılır, onun əli, yəni, faşist və cinayətkar Ermənistan rəhbərliyinin qeyri-kostruktiv addımları ilə münaqişənin həllinə imkan verilmir. Bu gün insan hüquqları bir sıra dövlətlərin və onların təsiri altında olan beynəlxalq təşkilatların əlində təzyiq, təhdid vasitəsinə çevrilib. Həmin dairələr, qüvvələr hər yerdə insan hüquqlarından, onlara əməl olunmasından dəm vururlar. Amma bizə gələndə gözləri yumulur sanki.Burada adi bir məsələni şişirtməyə, onu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışan həmin dairələr və təşkilatlar ancaq torpaqlarımızın işğal altında olmasını, 1 milyondan artıq insanımızın qaçqın-köçkün vəziyyətində qalmasını görməzdən gəlirlər. Üzr üstəyirəm, bu insanlar insan deyil? Onların da insan hüquqları yoxdur? Onların da hüquqları təmin olunmamalıdır? Bizə hüquqdan dərs keçməyə çalışırlar, gedib özlərinə hüquq dərsi keçsinlər”.

“Yüz milyonlarla əhalisi olan Avropa 1 milyonluq miqrantın hüquqlarını təmin edə bilmir”

Baş nazirin müavini Ə.Həsənov eyni zamanda, dünyanın bir sıra, xüsusilə də, müsəlmanlar yaşayan yerlərində-dövlətlərində beynəlxalq güclər tərəfindən münaqişə ocaqlarının yaradıldığını söyləyib: “Özünüz də şahidsiniz ki, 50 ildir Əfqanıstanda qan su yerinə axıdılır. Hər gün orada silah, partlayış səsləri eşidilir, insanlar dinclik nədir bilmir. Götürək İraqı. Az qala 30 ildir ki, bu ölkəni cəhənnəmə çeviriblər. Deyirdilər ki, Səddam diktatordur, orada diktatura rejimi var, ona görə getməlidir. Bəli, Səddam diktator idi və getməliydi, bəs onun yerinə nə gətirdilər, iraqlılara nə bəxş etdilər? Qan-qada, dağıntı, uçurum və sairə… Suriyada, Liviyada, Yəməndə yaşananlar da göz önündədir. Demokratiya deyə-deyə bu ölkələri, bu dövlətləri əsl çəhnnəmə, xarabazara çevirdilər…Artıq bu ölkələrdə insanların ölümü, qətlə yetirilməsi də adi hal kimi qarşılanır, heç kimə təsir etmir. Hər gün eşidir, mətbuatdan oxuyuruq ki, orada 100 adam öldürüldü, burada 50 adam məhv edildi… Amma heç kimdən, xüsusilə də, özlərini güclü və aparıcı, dünyanın “ağası” hesab edən dövlətlərdən səs çıxmır. Sanki belə də olmalıdır, olmalıymış…Bu, dəhşətli bir vəziyyətdir, dəhşətli bir mənzərədir! Bu gün 1 milyondan artıq miqrantın Avropada başına gətirilənlər insanlıqdankənar addımlardır, o, oradan qovur, bu, buradan qovur… 550 milyonluq Avropa 1 milyonluq miqrantı yola vermir, vermək istəmir. Amma ərazi və əhalicə kiçik olan Azərbaycan dövləti 25 ildən çoxdur ki, 1 milyiondan artıq insana hər cür qayğı və diqqət göstərir. Əslində dünyada dövlətlərin böyüyü-kiçiyi olmur, sadəcə, əhali və ərazicə böyük və kiçik dövlətlər olur. Biz də bu baxımdan kiçik dövlətik. Amma biz kiçik dövlət olmağımıza baxmayaraq, həmçinin, dünyada bu cür haqsızlıqlar, ədalətsizliklər, iqtisadi-siyasi-hərbi kataklizmlər yaşanarkən dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməyi bacarmışıq.Bu gün Azərbaycan inkişaf səviyyəsinə görə dünyada 33-cü yerdə, sürətlə inkişaf edən ölkələr sırasında 3-cü yerdə, MDB məkanında isə birinci yerdə. Bunlar da təbii ki, elə-belə, asanlıqla başa gəlməyib. Bunlar Azərbaycanın çox düz yolda olması hesabına başa gəlib.Bunlar Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik hesabına başa gəlib”.

“Mehriban Əliyeva dünyaya Azərbaycan xanımlarının xanımlığını tanıdıb.”

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinin keçirildiyi bir məkana çevrilib: “Azərbaycana gəlib, gedən insanlar, dövlət və hökumət rəsmiləri, siyasilər, turistlər öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan haqqında ağızdolusu danışırlar. Bildirirlər ki, dünyada Azərbaycan kimi sabit, inkişaf edən bir ölkə var. Təbii ki, bunlar da  dediyim kimi,müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, xidmətləri sayəsində Azərbaycan dünyada tanınıb. Mehriban xanım bir ildir ki, vitse-prezident kimi fəaliyyət göstərir, amma onun fəaliyyəti təkcə bu bir ili əhatə etmir. O, hələ 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərinin dünyada yayılması istqimətində böyük işlər görüb və bu gün də bu fəaliyyətini yorulmadan davam etdirməkdədir. O, dünyaya Azərbaycan xanımlarının xanımlığını tanıdıb. Tanıdıb ki, bəli, buyurun, görün Azərbaycan xanımları necə olur… Müsəlman qadınları deyərkən bəzən dünyada göz önünə çarşablı, çadralı qadınlar gəlir. Amma Mehriban xanımın xidmətləri sayəsində bu yanlış təsəvvür aradan qaldırılıb, yəni, Azərbaycan qadınının timsalında çox mütərəqqi, çox ziyalı müsəlman xanımlarının olduğu dünyaya nümayiş etdirilib. Bu gün Azərbaycanda xalq-iqtidar monolitliyi, vəhdəti var. Bu monolitliyin təməlində də Heydər Əliyev və İlham Əliyev siyasətui dayanır. Heş şübhəsiz ki, bu siyasət də Azərbaycan xalqından qaynaqlanır. Ona görə də hesab edirəm ki, dünyada heç bir dövlət, heç bir kəşfiyyat orqanı bu monolitliyi sarsıda, məhv edə bilməz və bilməyəcək”.

“Beynəlxalq aləmdə İlham Əliyev və Mehriban Əliyevaya qarşı qısqanclıq var”

Bununla yanaşı, Baş nazirin müavini Ə. Həsənov onu da təəssüflə diqqətə çatdırıb ki, bu gün beynəlxalq aləmdə Cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya qarşı qısqanclıq var: “Əgər bu qısqanclıq ölkə daxilində olsaydı, bunu bir qədər anlamaq olardı. Bu, bizim bəlkə də milli qüsurumuz hesab oluna bilər. Amma çox təəssüflər olsun ki, bu gün beynəlxalq aləmdə həm İlham Əliyevə, həm də Mehriban Əliyevaya qarşı qısqanclıq var. Bir tərəfdən deyirlər ki, dövlətlər, hakimiyyətlər xalq üçün çalışmalıdır, insan hüquqları, demokratiyanı təmin etməlidir. Digər tərəfdən də bunu təmin edən insanlar, öz xalqlarına, dövlətlərinə qulluq edən rəhbərlər qısqanclıqla qarşılanır. Bax budur dünyanın iç üzü, bax budur ikili standartlar, bax budur ədalətsiz münasibət…”

Çıxışının sonunda Ə.Həsənov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin öz humanist missiyasına bundan sonra da səylə davam edəcəyinə əminliyini ifadə edib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993