Azərbaycanda sosial siyasətin mərkəzində insan amili dayanır

Qarşıda duran əsas vəzifələrdən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasıdır

Azərbaycanda dövlət quruculuğu prosesində həlledici dönüşün baş verdiyi, müasir dövlətçiliyimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi, ölkə əhalisinin rifahının yüksəldilməsinə xidmət edən sosial siyasət də özünün yeni mərhələsinə qədəm qoydu. Sonradan cənab Prezident İlham Əliyevin düşünülmüş siyasi kursunun vacib istiqamətlərindən biri kimi bu sahə dövrün tələblərinə uyğun şəkildə həm forma, həm də məzmun etibarı ilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil oldu. 

Bunların nəticəsidir ki, son illər baş verən qlobal böhran səbəbindən bütün dünya iqtisadiyyatı üçün çətin bir sınaq dövrü olsa da, Azərbaycan bu sınaqdan uğurla çıxaraq dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosialyönümlü siyasət ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək və əhalinin sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mütərəqqi islahatlar davam etdirilib. Elə bu günlərdə cənab Prezidentin müvafiq sərəncamları ilə əhalinin sosial cəhətdən az təmin olunan təbəqəsinin, o cümlədən də məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə imzalanan fərman və sərəncamlar da məhz bu deyilənlərin bariz nümunəsidir.

Bütün bunların nəticəsidir ki, ölkəmizdə xalq-iqtidar birliyi getdikcə möhkəmlənib.  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda  Prezident  İlham Əliyev deyib: “Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir”.

Cənab Prezident çox haqlı olaraq qeyd edib ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması təsadüfi deyil. Çünki  son illər respublikamızda  əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Bu baxımdan sosial qayğıya daha çox ehtiyacı olan məcburi köçkünlərin müxtəlif problemlərinin həlli, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr də xüsusi önəm kəsb edir.

Elə bunlara görədir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın qarşılaşdıqları problemlərin aradan qaldırılması, onların məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu sahə ilə bağlı qəbul olunmuş dövlət proqramlarında və ona edilmiş əlavələrdə hərtərəfli şəkildə öz əksini tapıb. Bu məsələnin yuxarıda adıçəkilən konfransda respublikamızın rəhbəri tərəfindən bir daha gündəmə gətirilməsi bir daha təsdiqləyir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli dövlət siyasətinin prioritetini təşkil edir. Bu günə qədər 265 min köçkünün yeni evlərlə, mənzillərlə, təmin olunması, dörd yüz min qaçqın və köçkünün işlə təmin olunması da bundan xəbər verir. Ümumilikdə, dövlətimiz indiyə qədər bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib.

Qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması daim dövlətin diqqət mərkəzində olub. Məhz bunun nəticəsidir ki, bu gün dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlərlə tanışdır. Bunun məntiqi davamı olaraq, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısının apardığı siyasət nəticəsində bu qəbildən olan insanların sosial rifahının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirilmiş, bu məqsədlə müxtəlif ərazilərdə yeni qəsəbələr və hündürmərtəbəli yaşayış binaları kompleksləri, digər sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib.

Faktlar da təsdiqləyir ki, dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Hətta Avropanın ən inkişaf etmiş ölkələrinə belə pənah aparan qaçqınların orada ən adi ehtiyaclarının ödənməsində həmin dövlətlər çətinlik çəkirlər. Ümumilikdə, Azərbaycanda məcburi köçkünlər üçün görülən işlərin dünyada analoqu yoxdur. Bütün bu işlər isə cənab Prezidentin diqqət və qayğısının nəticəsində mümkün olub. Ölkə başçısı konfransda bir daha vurğuladı ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş layihələr bundan sonra da icra olunacaq, bu istiqamətdə digər tədbirlər də həyata keçiriləcək.

Konfransdakı diqqətçəkən məqamlardan biri də Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar dövlət başçımızın səsləndirdiyi fikirlər oldu. Cocuq Mərcanlı kəndinin bərpasının təmin edilməsi, 150 ailə üçün hər cür infrastruktura malik evlərin tikilməsi, eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərciyin salınması hər birimizdə qürur hissi yaradıb. Bu layihələr xüsusi əhəmiyyət kəsb edir. Çünki bu layihələr vaxtilə işğal edilmiş və ordumuz tərəfindən azad olunmuş torpaqlarda icra edilibdir: “Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar”.

Dövlət başçısının da xüsusi vurğuladığı kimi, cari ildə bu istiqamətdə həyata keçiriləcək işlər daha geniş miqyas alacaq və bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il 12 min köçkün hər cür şəraiti olan mənzillərdə yerləşdirildi. Bu il 4 min ailəyə - ən azı, 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin edilən köçkünlərin sayı, təqribən, 290 minə yaxın olacaqdır.

Bütün bunlardan da göründüyü kimi, son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması mühüm önəm daşıyıb. Bu baxımdan dövlətimizin başçısının da dediyi kimi, ötən illər ərzində  Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb. Çünki dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, əsas strateji məqsəd, hədəf ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993