Məcburi köçkün ailələri onlar üçün inşa edilən yeni yaşayış kompleksinə köçürülür

Tərtər rayonunda məcburi köçkün ailələri onlar üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksinə köçürülür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Məhəmməd Məhərrəmov bildirib ki, köçürülmə prosesi Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilir.

İki gündə 120 ailə yeni mənzillərə köçüb

Mənzillər məcburi köçkün ailələrə püşkatma yolu ilə, ailə üzvlərinin sayına uyğun olaraq verilir. Yaşayış məhəlləsinə Tərtər rayonu ərazisindəki sosial obyektlərdə - məktəblərdə, uşaq bağçalarında, inzibati binalarda və digər tikililərdə məskunlaşan məcburi köçkünlər köçürülür. Artıq iki gün ərzində 120 ailə yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin əşyaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ayırdığı yük maşınları tərəfindən yeni mənzillərə daşınır.

Qeyd edək ki, yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Bütün infrastruktura malik kompleksdə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Kəlbəcərli məcburi köçkün: İnanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq

Yaşayış kompleksində yeni mənzillərə köçən məcburi köçkünlər sevinclərini bölüşüblər. Kəlbəcər rayonundan olan məcburi köçkün Sədaqət İsmayılova deyib: “25 ildir ki, uşaq bağçasında çətin şəraitdə yaşayırdıq. Bu gün isə yaraşıqlı, hər cür şəraiti olan ikiotaqlı evimiz var. Çox sevinirik, inanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq”.

“Hər cür şəraiti olan, tam təmirli mənzilə sahib olmaq bizim üçün əsl bayramdır”

Digər məcburi köçkün Xaliq Hüseynov isə fikirlərini belə ifadə edib: “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Tərtər rayonunda belə bir yaşayış məhəlləsinin inşa edilməsi dövlətimizin torpaqlarından didərgin düşmüş insanlara diqqət və qayğısının daha bir nümunəsidir. Bu gün ailəmiz dövlətimiz tərəfindən verilən üçotaqlı mənzilə köçdü. Hər cür şəraiti olan, tam təmirli mənzilə sahib olmaq bizim üçün əsl bayramdır. Bu sevinci bizə bəxş etdiyi üçün dövlətimizə minnətdarıq”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993