Xocalılar da dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar

Xocalıda 26 il bundan əvvəl baş verən qanlı faciə bütün Azərbaycan xalqını sarsıtsa da, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vursa da, xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Onlar bu gün də hər cür çətinliklərə baxmayaraq öz mətinliklərini, sabaha inam hisslərini qoruyub saxlamışlar.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, həmçinin ona edilmiş Əlavələrə uyğun olaraq xocalılar üçün Goranboy rayonu ərazisindəki Aşağı Ağcakənddə, Meşəlidə, Yuxarı Ağcakənddə, Börüdə və digər ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr salınıb. Məktəblər, uşaq bağçaları, feldşer-mama məntəqələri, inzibati binalar inşa edilib. İşıq, su çəkilib, yollar düzəldilib. Bunlardan əlavə Dövlətqaçqınkomun və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə müxtəlif məskunlaşma obyektlərində təmir-bərpa işləri aparılmış, onların problemlərinin həllinə həmişə qayğı və diqqətlə yanaşılmışdır. Bunlarla yanaşı, 2012-ci il yanvarın ayının 21-də Goranboy rayonu ərazisində istifadəyə verilmiş və açılışlarında cənab Prezidentin də iştirak etdiyi daha 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş 9 ədəd beşmərtəbəli yaşayış binalarına, 2014-cü ilin noyabrında Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün istifadəyə verilmiş qəsəbəyə köçürülənlərin də əksəriyyəti Xocalıdan olan soydaşlarımızdır. Gəncə şəhəri ərazisində salınmış qəsəbədə tikilmiş 450 şagird yerlik məktəb binasında rayonun ayrı-ayrılıqda fəaliyyət göstərən 3 ümumtəhsil məktəbi - Xocalı rayonu Kosalar, Başkənd, Yaloba kənd orta məktəbləri buraya köçürülərək fəaliyyətlərini bu müasir məktəbdə davam etdirirlər. Bütün bunların nəticəsi olaraq qeyd edək ki, Xocalıdan olan məcburi köçkün ailələrinin artıq 43 faizi yeni mənzillərlə təmin olunmuşdur. Bu faciə zamanı hər iki valideynini itirmiş 25 xocalılılya dövlət başçısının tapşırığı əsasında Dövlətqaçqınkom tərəfindən mənzil verilmişdir. Həmişə qeyd olunduğu kimi, bu cür işlər gələcəkdə də davam etdiriləcəkdir. Çünki cənab Prezidentin də dediyi kimi, onlar buna laiyqdirlər.

Bəli, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Cənab Prezidentin də, dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993