Səudiyyə Ərəbistanının göndərdiyi 37 min kiloqramdan çox qurban əti məcburi köçkün ailələrinə paylanılıb

Yanvarın 25-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi tərəfindən məcburi köçkün ailələrinə qurban əti paylanılıb.

Səudiyyə Ərəbistanı Krallığı Füzuli, Biləsuvar, Beyləqan və İmişli rayonlarında məskunlaşmış məcburi köçkünlərə əvvəlki illərdə olduğu kimi, "Qurban əti istifadəsi" layihəsi çərçivəsində 37 min 300 kiloqram qurban əti göndərib. İslam İnkişaf Bankının xətti ilə çatdırılan yardım Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.

Bununla bağlı keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin, İslam İnkişaf Bankının, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri və məcburi köçkünlər iştirak ediblər.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirinin müavini Əbdüləziz Haşim bildirib ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Xalqlarımızın dini və mədəni bağlılığı, beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsi ölkələrimizi bir-birinə yaxınlaşdıran mühüm amillərdəndir.

Qeyd edilib ki, hər iki dövlətin rəhbərləri səviyyəsində olan səmimi və yüksək etibara söykənən münasibətlər qarşılıqlı əməkdaşlığın yüksək templərlə genişlənməsi üçün əsas yaradıb.

Sonra Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirdiyi bu layihəyə uyğun olaraq ölkəmizdəki məcburi köçkünlərə humanitar yardım kimi göndərilən beş min cəmdəyin qablaşdırıldığı hər biri 10 kiloqram olmaqla 3730 qutudan ibarət humanitar yardım Dövlətqaçqınkomun sədrinin müvafiq əmrinə uyğun olaraq Komitənin Təchizat və istehsalat İdarəsinin, Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin, həmçinin müvafiq rayon icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulmuş ərazilərdə - məcburi köçkünlərin sıx məskunlaşdıqları Füzuli rayon ərazisindəki yeni qəsəbələrdə, Biləsuvar və İmişli rayonları ərazisində yeni salınmış qəsəbələrdə və Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbələrdə yaşayan məcburi köçkün ailələrinə paylanılması üçün adı çəkilən rayonların icra hakimiyyətlərinə təhvil verilmiş və quban əti həmin ərazidə məskunlaşan məcburi köçkünlərə paylanılmışdır.

Krallıq tərəfindən göstərilən bu humanitar yardıma görə məcburi köçkün soydaşlarımız Azərbaycan Respublikasının Prezidentinə və Səudiyyə Ərəbistanı Krallığına dərin minnətdarlıqlarını bildirmiş, ölkələrimiz arasında humanitar əməkdaşlığın bundan sonra da yüksək səviyyədə və davamlı inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.

Qeyd edək ki, bu layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir. Krallıq ən böyük donor ölkə hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Səudiyyə Ərəbistanı dünyada lider ölkədir. Bu yardımlar ölkə ÜDM-in 1,5 faizini təşkil edir. Bundan əlavə, Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə də dünya dövlətləri sırasında öncül yer tutur. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollara çatıb. Bu yardımlardan dünyanın 75 dövləti faydalanıb ki, onların da əksəriyyəti müsəlman ölkələridir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993