Prezident İlham ƏLİYEV: Ölkəmizdə sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir

“Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk”

“Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir”.

Bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

“Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir...”

Konfransda çıxış edən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib. Bu proqramların həyata keçirilməsi ilə regionların inkişafında əsaslı dönüş yarandığını deyən Prezident bildirib ki, 2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir: “Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir”.

Dövlətimizin başçısı qeyd edib ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir.

 

“Bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik”

 

“Bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir”, - deyən Prezident bildirib ki, iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər: “Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.

Prezident qeyd edib ki, keçən il valyuta ehtiyatlarımızın artırılması istiqamətində çox ciddi addımlar atılıb: “Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda, neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq”.

Prezident İlham Əliyev vurğulayıb ki, rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır: “Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır”.

“Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir”

“Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər”, - deyən dövlət başçısı qeyd edib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər: “Davos Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir”.

Prezident İlham Əliyev bildirib ki,  inklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir:  “Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik. Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir. Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik. Bu rəqəmlər hər şeyi əyani şəkildə göstərir. Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir”

 

“Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək”

 

Ölkəmizin bir saylı problemini bu tədbirdə də önə çəkən dövlət başçısı deyib ki, məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir: “Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib: “Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib”.

Bu layihələrin icrasını, eyni zamanda, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinin və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcəyinin göstəricisi kimi dəyərləndirən Prezident vurğulayıb ki, Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk: “Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Dövlət başçısı deyib ki, bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək: “Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq”.

Ümumilikdə dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqlarının dayandığını, əsas strateji məqsədin ölkəmizi daha da gücləndirməkdən, müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu bu dəfə də önə çəkən Prezident həmçinin vurğulayıb ki, indiyədək görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993