Vətən şəhidləri ilə ucalır

Keçmiş sovet imperiyasının zaman-zaman Azərbaycana qarşı güc nümayiş etdirməklə, xalqımızı əsarətdə saxlamağa yönələn məkrli siyasətinin tərkib hissələrindən biri kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı faciə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliyi özündə əks etdirir. Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu terror hadisəsi təkcə ölkəmizə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi.

Həmin ağır günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və bu, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Milli məfkurəmizin  azadlıq istəyinin oyanış günü kimi xatırlanan 1990-cı il 20 Yanvar hadisələrindən 28 il ötdü.

Bununla əlaqədar olaraq ölkəmizin paytaxtında, eləcə də şəhər və rayonlarında və bir çox xarici ölkələrdə də 20 Yanvar şəhidlərinin anım mərasimi ilə bağlı yüksək səviyyədə tədbirlər həyata keçirilmişdir.

Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycandakı nümayəndəliyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə keçirdikləri görüş də bu qəbildəndir.

Gənciliyə Yardım Fondunda keçirilən bu tədbirdə iştirak edən nümayndələr öncə 20 Yanvar hadisələrinə işıq  tutan rəsm sərgisi ilə tanış olmuş və sonra Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı uğrunda  canlarını fəda edən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. İki qardaş  dövlətin himni və İstiqlal marşlarının səsləndirilməsi ilə tədbir açıq ?lan edilmişdir. Milli Məclisin deputatlarının, şəhid ailələrinin, əlillərin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim çıxış edərək bildirmişdir ki, 20 Yanvar təkcə Azərbaycanın kədəri deyil, qardaş Türkiyənin də kədəridir, 20 Yanvar təkcə hüzn günü deyil, həm də şərəf günüdür. Həmin gün qəhrəmanlıqla həlak olanların Vətənin azadlığı və suverenliyi uğrunda göstərdikləri şücaətlər bu günkü gənclərə örnəkdir. Sonra tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun çıxışı ilə davam etmişdir. Fuad Hüseynov qeyd etmişdir ki, Sovet İttifaqının qoşunları tərəfindən törədilmiş hadisəyə ilk etirazını bildirən Ümummilli lider Heydər Əliyev olmuşdur. Qanlı faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə bərabər Azərbaycanın Mockvadakı Daimi Nümayəndəliyinə gəlmiş, Sovetlər İttifaqının paytaxtında bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirmiş, bu qətliamı törətmiş şəxslərin adlarını çəkərək qətiyyətlə qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. Dahi siyasətçi, dövlət xadimi kimi, tarixi bəyanatı ilə milli azadlıq uğrunda mübarizlərə öz dəstəyini vermiş, həyatını təhlükəyə ataraq qorxmazlıq və cəsarəti ilə dünyanı heyrətə gətirmişdir. Ulu öndər Heydər Əliyevin hər zaman xalqının yanında olduğuna diqqət çəkən Fuad Hüseynov ümummilli liderin müdrik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını, ölkəmizin inkişaf etdiyini və dünyanın diqqət mərkəzində olduğunu vuğulayaraq onu da qeyd edib ki, 1990-cı il hadisələri nə qədər faciəvi olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu və əzmini qıra bilmədi. O, bildirmişdir ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur.  Fuad Hüseyov çıxışının sonunda 20 Yanvar cinayətini törədənlərin bu günədək beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini də bildirmişdir.

Sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə və Azərbaycanın qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən söhbət açmış  və vurğulamışdır ki, Türkiyənin Azərbaycanda bir təmsilçisi olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır və hər bir sahədə böyük nailiyyətlər əldə edirik. Təbii ki, Azərbaycanla bağlı hər bir hadisə bizi yaxından ilgiləndirir.  O, 20 Yanvar faciəsini Azərbaycanın istiqlal yolunun ilk zirvəsi və milli azadlıq arzusunun oyanış günü olduğunu qeyd etmişdir.

Tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “20 Yanvar Cəmiyyəti”nin sədri Sultan Əzimzadə və digər iştirakçılar da 20 Yanvar hadisəsi ilə bağlı öz fikirlərini ifadə edərək, 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacağını və onların qəhrəmanlığı, vətənpərvər nəslin yetişməsində örnək olacağını  vurğulamışlar.

 Tədbirin sonunda çıxış edən “20 Yanvar fondu”nun sədri, şəhid ailəsi Maral Zamanova da Qanlı Yanvar günlərinin şahidlərindən biri olduğunu vurğulayaraq, o günlərin ağrı və acısını bu günə qədər unutmadığını bildirmişdir.

Ənənəyə sadiq olaraq bu il də Gəncliyə Yardım Fondu  əvvəlcədən “20 Yanvar Fondu” tərəfindən onlara təqdim olunmuş siyahıya əsasən 180 şəhid ailəsinə və əlilə ərzaq məhsullarından ibarət bağlamalar paylamışdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993