Şəhidlər ölməzdir: Bu ölməzlik müstəqilliyimizdə, birliyimizdə və xoşbəxt gələcəyimizdə yaşayır

Dövlətqaçqınkomun kollektivi də 20 Yanvar Şəhidlərini ehtiramla ziyarət etmişdir

20 yanvar 1990-cı il… Bu, Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Eyni zamanda, bu, xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir. SSRİ-nin çöküş ərəfəsində olduğu bir zamanda xalqımıza qarşı törədilmiş bu faciə Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi.

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əllərindən gələni etdilər. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı səfirliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan, SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də bütün məhrumiyyətlərə baxmayaraq o ağır günlərdə xalqının sırasında, onunla birgə, həmrəy oldu.

SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 28 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir.

Yanvarın 20-də Dövlətqaçqınkomun kollektivi də Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993