İşğaldan azad edilmiş ərazilərdə həyat qaynayır

Tezliklə Cocuq Mərcanlıya ikinci köç başlayacaq

Azərbaycan Respublikası Prezidentinin, həmişəki kimi, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işləri, qarşıda duran vəzifələri bir daha önə çəkərək bu məsələyə xüsusi önəm verməsi özlüyündə bu təbəqədən olan soydaşlarımızın problemlərinin həllinin Azərbaycan dövləti üçün və şəxsən cənab Prezident üçün nə qədər həssas xarakter daşıdığını, bu sahənin müntəzəm diqqət mərkəzində saxlanıldığını sübut edir.

Qeyd edək ki, ötən il istər ölkə əhalisinin, istərsə də məcburi köçkünlərin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində sosial infrastruktur layihələri yenə də uğurla icra olunmuş, mühüm əhəmiyyət kəsb edən bu layihələrin icrası istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, qlobal böhran və neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi çətinliklər yaranmasına baxmayaraq sosial proqramların həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir ki, bütün bunlar da özlüyündə Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Təbii ki, bu istiqamətdə əsas diqqət dövlət başçısının rəhbərliyi altında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib.

Belə ki, ölkəmizin bir saylı problemi olan məcburi köçkünlərin sosial, mənzil-məişət problemlərinin həlli istiqamətində görülən işləri, bu sahəyə olan dövlət qayğısını həmişəki kimi, bu iclasda da önə çəkən dövlət başçısı deyib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir: “Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.

Heç şübhəsiz, cənab Prezidentin növbəti dəfə belə qətiyyətli mövqe bildirməsi Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinin getdikcə sonunun yaxınlaşmasına bir siqnal sayıla bilər. Azərbaycan xalqı aydın hiss edir ki, arxasında yenilməz orduya malik güclü dövlət durur.

Elə bunlara görədir ki, artıq Böyük Qayıdışın başlanğıcı kimi tarixə düşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun həyata keçirilən tədbirlər, bu tədbirlər nəticəsində kənd sakinlərinin uzun illərdən bəri həsrətində olduqları doğma torpaqlarına qaytarılması bütün məcburi köçkünlərimiz, eləcə də ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməklə, hər şeydən əvvəl, bir daha dövlətimizin başçısının işğaldan azad olunmuş bu əraziyə, o cümlədən cəbhə kəndlərinə olan həssas münasibətinin göstəricisi kimi dəyərləndirilir. Ən başlıcası isə Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biri kimi qalacaq.

Bəli, bu gün fəxrlə demək olar ki, kənd tamamilə yenidən, həm də əvvəlki vaxtından olduqca gözəl şəkildə qurulub. Kəndin əvvəlki sakinləri bu gün uzun həsrətdən sonra böyük həvəslə dədə-baba yurdlarına qayıdır. 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini düşməndən azad etməsi sayəsində kənddə yaşamağa şərait yarandığını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti  ötən ilin yanvarında Cəbrayıl rayonunun  işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası, iyun ayında isə kənddə bərpa işlərinin davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq aparılan işlər nəinki təkcə bu kəndin sakinlərinin, bütün məcburi köçkün soydaşlarımızın, ölkə əhalisinin qəlbini iftixarla döyündürür. Bütün bunlar həmçinin dövlətimizin gücünün, qüdrətinin göstəricisi olmaqla yanaşı, eyni zamanda dövlət başçısının bu təbəqədən olan vətəndaşlarına xüsusi diqqət və qayğısının göstəricisidir.

Ötən il iyunun 14-də Cocuq Mərcanlıya səfər edən Prezident İlham Əliyev yenidən qurulan kənddə görülən işlərlə tanış olarkən bildirmişdi ki, növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox,  - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir: “Bax Cocuq Mərcanlı  kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da, şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da, tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır”.

Artıq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ölkə başçısı İlham Əliyevin 2017-ci il 15 iyun tarixli növbəti sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin ikinci mərhələsi də başa çatıb. Bu mərhələdə daha 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq başçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Hər cür avadanlıqla təchiz olunmuş 96 şagird yerlik müasir orta məktəb, Şuşa məscidinin bənzəri olan məscid, 100 kubmetr tutumu olan su anbarı, müasir standartlara cavab verən yeni yarımstansiya, yeni kompleks transformator məntəqəsi, subartezian quyularına xidmət edəcək transformator və digər infrastruktur layihələri, xüsusilə kəndə ümumi uzunluğu 9 km olan asfalt yolun çəkilməsi dövlət başçısının cocuq mərcanlılara xüsusi qayğısının göstəricisi kimi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

Həmçinin kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb ki, bütün bunlar da bu gün işğaldan azad olunmuş ərazilərimizin bərpasında nümunəyə çevrilmiş Cocuq Mərcanlının timsalında gələcəkdə işğaldan azad ediləcək digər ərazilərimizdə də bu cür bərpa işlərinin aparılacağından xəbər verir. Göründüyü kimi bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şəraiti yaradılıb və Cocuq Mərcanlı kəndi bu gün yeni sakinlərinin yolunu gözləyir.

Hazırda Cocuq Mərcanlıda 50 ailə, 185 kənd sakini yaşayır. Cocuq Mərcanlının sakinlərinin sayı 1490 nəfər təşkil edir. Ailələrin ümumi sayı isə 418-dir. Bu gün Cocuq Mərcanlı sakinlərinin 1305 nəfəri, 368 ailə kənddən kənarda yaşayır. İkinci mərhələdə tikilən evlərə əsasən Bakı və Bakı ətrafında yarımçıq tikililərdə, zavodların binalarında məskunlaşan, eləcə də, Biləsuvardakı 11 qəsəbədə yerləşən kənd sakinləri köçürüləcək. Hər bir sakin öz evinə köçəcəyi günü səbrsizliklə gözləyir. Bu gün Cocuq Mərcanlının 1305 sakini öz torpağından, öz isti yurd-yuvasından kənarda məskunlaşıb. Əminik ki, qəsəbə sakinlərinin hər biri tezliklə öz doğma torpağında, Cocuq Mərcanlıda yaşayacaq.

Bəli, bu gün vaxtilə düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlıya ikinci nəfəs verilib, kənd gözlərimiz önündə abad və yaraşıqlı bir qəsəbəyə çevrilib, yeni mənzillər yeni sakinlərini qoynuna alıb. Kəndin mərkəzi yolunun kənarlarında səliqə ilə tikilmiş evlər, tikililərin ətrafındakı abadlaşdırılan sahələr, salınan yaşıllıq zolaqları, küçələrdə qurulan işıqlandırma sistemi, öz həyət-bacasında iş görən sakinlər, iş dalınca tələsən insanlar, küçədə oynayan balaca fidanlar, ümumiyyətlə hər şey burada gözəldir, ürəkaçandır. Aparılan tikinti-abadlıq işləri nəticəsində bir vaxtlar azğın düşmənin xarabalığa çevirdiyi kənd qısa bir zamanda bərpa olunaraq, tam müasir yaşayış məntəqəsinə çevrilib.

Həyətyanı torpaq sahələrində əkinlə, təsərrüfatla məşğul olan kənd sakinləri eyni zamanda vaxtilə düşmən tərəfindən xarabalığa çevrilmiş, bu gün böyük həvəs və yurda məhəbbətlə qoynuna sığındıqları abad və yaraşıqlı qəsəbələrinin daha da gözəlləşməsi, abadlaşması üçün səylərini əsirgəmirlər. Onlar məşğulluqlarının təmin olunması, əmək vərdişlərinin bərpası, şəxsi təsərrüfatlarının genişləndirilməsi, gündəlik tələbatlarının özləri tərəfindən ödənilməsi üçün yaradılan mövcud şəraitdən bacarıqla və məqsədə müvafiq şəkildə istifadə edirlər, özləri üçün şəraitə uyğun təsərrüfat formalaşdırırlar. Bütün bunlar isə bir daha xalqımızda dövlətinə və rəhbərinə inam hissinin daha da güclənməsindən xəbər verir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993