“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracaq”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 24-də ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrin olduğunu deyən Əli Həsənov bu münasibətlərin bu gün də uğurla inkişaf etdiyini bildirib. Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycanda humanitar, vətəndaş cəmiyyətinin gücləndirilməsi, demokratik islahatlar, texniki və digər inkişaf layihələri ilə bağlı həyata keçirilən layihələrə sərf olunmuş vəsait təxmini 1,4 mlyard ABŞ dolları həcmində olub. Bundan 820 milyon dolları ABŞ Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin ayırdığı vəsaitdir və bu vəsaitin icrası ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. 1993-2000-ci illərdə ABŞ-ın Azərbaycanda humanitar və inkişaf proqramlarının həyata keçirilməsi sahəsində 33 təşkilatı olub. Hazırda isə 6 beynəlxalq humanitar və inkişaf təşkilatı fəaliyyət göstərir.

Əli Həsənov diqqətə çatdırıb ki, ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub: “Biz onların layihələrinin icrasına bütün köməkliyi etmişik və edəcəyik. Həyata keçirilən layihələrin hamısı Azərbaycan hökumətinin prioritetinə uyğun aparılıb. Biz bu köməyi hər zaman minnətdarlıqla xatırlayırıq və yüksək qiymətləndiririk. Əgər vaxtı ilə bunlar olmasaydı, bizim üçün çox çətin olardı. Şükürlər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib. Lakin buna baxmayaraq, biz çətin vaxtlarda edilən yaxşılıqları heç vaxt unutmuruq”.

Qəbula görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın gələcəyi qeyri-müəyyən idi, lakin indi Azərbaycan çox böyük inkişaf əldə edibdir.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. Səfir bildirib ki, ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib və bundan sonra da bu istiqamətdə prioritet təşkil edən layihələr davam etdiriləcək. Bu görüşün məqsədinin isə məhz gələcək həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaq olduğunu deyən səfir onu da qeyd edib ki, bu günlərdə Abşeron rayonunda məcburi köçkünlərlə bağlı yeni bir layihənin başlanması nəzərdə tutulur.

Robert Sekuta həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək ki, bu da orada və ətraf rayonlarda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına və işlə təmin olunmasına köməklik göstərəcək.

Əli Həsənov bildirib ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev tikilərək sakinlər öz doğma torpaqlarına qayıdıblar. Cənab Prezidentin Sərəncamı ilə müvafiq infrastruktur obyektləri ilə birlikdə daha 100 evin tikintisi də başa çatdırılıb və yaxın zamanlarda digər sakinlər də öz kəndlərinə qayıdacaqlar. Bunları nəzərə alaraq sakinlər arasında reabilitasiya, iş qabiliyyətinin, milli adət-ənənələrinin bərpası kimi proqramların həyata keçirilməsi məqsədəuyğun olardı.

Baş nazirin müavini onu da vurğulayıb ki, ötən ilin noyabrında Tərtər rayonunda açılışı olan yeni yaşayış kompleksi də əslində işğaldan azad edilmiş torpaqlarda tikilibdir. Bununla da Böyük Qayıdış Dağlıq Qarabağ torpağında davam etdirilib.

“Marağa-150” abidəsi haqqında səfirə məlumat verən Baş nazirin müavini qeyd edib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, onların Azərbaycana qarşı əsassız ərazi iddialarını ifşa edən, 1978-ci ildə ermənilərin özləri tərəfindən ucaldılmış, 1988-ci ildə dağıdılmış bu abidənin qalıqları hazırda Tərtər rayonunun Şıxarx kəndinin ərazisində yerləşir. Prezident İlham Əliyevin tapşırığı ilə abidənin ərazisi abadlaşdırılıb, arxiv sənədləri, fotoşəkillər əsasında Azərbaycan, rus, ingilis və fars dillərində stendlər quraşdırılıb, xüsusi buklet hazırlanıb.

Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və ATƏT-in Minsk qrupunun 20 ildən artıqdır hər hansı bir konkret nəticə əldə edə bilməməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Bu isə münaqişənin həlli ilə bağlı durumu daha da çətin vəziyyətə salıb.

Azərbaycan xalqının və dövlətinin sülhsevər olduğunu bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 14 ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Bildirib ki, hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin liderlər sırasına çıxması bütün bunların əyani sübutudur və əldə olunan bu yüksək nailiyyətlər ilk növbədə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin göstəricisidir.

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən səfir R.Sekuta deyib ki, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münaqişə nəticəsində mədəniyyət abidələrinin, məscidlərin dağıdılmasının çox ağır hadisə olduğunu deyən səfir qeyd edib ki, bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993