Erməni millətçiləri tarixini müxtəlif mərhələlərində azərbaycanlılara qarşı deportasiya və soyqırımı həyata keçiriblər

Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb

Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

Sərəncamda bildirilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Məlum olduğu kimi, ermənilər tarix boyu özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına “Böyük Ermənistan” xülyalarını gerçəkləşdirməyə çalışıblar. Bu məqsədlə misli görünməmiş faciələr törətməkdən belə çəkinməyən mənfur qonşuların bu ideyası hətta böyük güclərin maraqları ilə üst-üstə düşdüyündən onların himayədarlığı ilə ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar törədib, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Bunun nəticəsidir ki, müxtəlif dövrlərdə xalqımıza qarşı fərqli təhdidlər, qətllər, qırğınlar törətməklə qondarma “soyqırımı” pərdəsi altında insanlığa sığmayan vəhşiliklərini zaman-zaman davam etdiriblər.

Bu baxımdan ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırım aktları sırasında erməni vandalizminin növbəti nümunəsi kimi 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Çünki Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Lakin bütün bunlar dünyadan gizlədilib, siyasi məqsədlərlə imperiya daxilindəki bəzi dairələrdə söhbətlər aparılsa da ciddi səylə beynəlxalq ictimaiyyətdən gizlədilib. Belə bir haqsızlıq isə təbii ki, Azərbaycan üçün uzun müddət ciddi tarixi təzyiq olub və yalnız 1998-ci ildə ümummilli lider Heydər Əliyevin qətiyyətli səyi və uzaqgörənliyi nəticəsində bu faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Qeyd edək ki, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və nəhayət, 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti, xüsusilə 1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycanın qəzalarında daşnak-bolşevik quldur dəstələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımdır. Tarixi sənədlərlə sübut edilən Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 Mart -  Azərbaycanlıların Soyqırım Günü elan edilib.

Bu gün isə xalqımızın siyasi hüquqları və iqtisadi inkişafı, mədəni və tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda əzmlə mübarizə aparan Prezident İlham Əliyev azərbaycanlıların soyqırımının 100 illiyini keçirmək barədə sərəncam verir, bütün dünyanı bu tarixlə tanış etməklə xalqımızın bugünkü inkişaf səviyyəsinə çatana qədər hansı mübarizələrdən keçdiyini bəyan edir. Bu, tarixi yaddaşın qorunmasının ən yaxşı nümunələrindəndir. Bu baxımdan, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi erməni-bolşevik silahlı dəstələrinin 100 il  əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993