“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib”

Prezident İlham Əliyev: Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var

Xəbər verildiyi kimi, yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv  iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib və sualları cavablandırıb. 

Panel müzakirələrdə çıxış edən Azərbaycan Prezidenti deyib ki, Azərbaycanda daxili təhdidlər və risklər yoxdur. Bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: “Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır.  Azərbaycan məhz belə münasibətlər qura bilib. Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil”.

Dövlət başçısı bildirib ki, qonşularının əksəriyyətindən kiçik ölkə üçün belə bir uyğun balansı tapmaq və bu qonşuluqdan fayda əldə etmək çox vacibdir. Böyük qonşu böyük bazardır: “Bizim üçün ən yaxşı bazar qonşulardır. Ölkələrimiz arasında qarşılıqlı maraqlar mövcuddur. Təbii ki, bir-birimizin daxili işinə qarışmırıq. Qonşuları ilə əməkdaşlıqda praqmatik və praktik yanaşma ölkəmizin uğurunun, daxili stabilliyinin və gələcək üçün yaxşı perspektivin əsas səbəbidir”.

Prezident deyib ki, iqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir. “Neftin qiyməti düşəndə Azərbaycanda elan etdim ki, artıq postneft dövrü başladı, biz neft və qazı unutmalıyıq. Mövcud neft-qaz layihələrini davam etməliyik, lakin əsas gəlir kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq, kənd təsərrüfatına diqqətə yetirməliyik. Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3 faiz və qeyri-neft sənayesi 4 faizi artdı. İqtisadiyyatımızın diversifkasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq”.

Dövlət başçısı qeyd edib ki, biz öz xərclərimizi optimallaşdırırıq: “Keçən il neftin qiymətinin düşməsinə baxmayaraq, biz əlavə 4.5 milyard dollar qazandıq və ehtiyatlarımızı artırdıq. Neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Qeyri-neft sektoru isə bizim ÜDM-in 70 faizini təşkil edir. Bizim hədəfimiz ixrac portfelimizdə qeyri-neft məhsullarının həcmini artırmaq məqsədi ilə ixracı diversifikasiya etməkdir”.

 

Prezident deyib ki, enerji layihələrimiz bizim və region üçün çox vacibdir: “Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər”.

Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrildiyini diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, biz bu istiqamətdə hələ də işləyirik. Gələcəkdə neft və qaz olmayacaq, onlar bir gün bitəcək: “Gələcək innovasiya, yaxşı idarəçilik, effektivlik, menecment, şəffaflıq və sahibkarlığa dövlət dəstəyidir. Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 min yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir”.

Prezident qeyd edib ki, neft və qaz çox iş yeri yaratmır: “Buna görə də həmişə təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə baxmalıyıq. Biz islahatlar keçirdik və bu islahatlar əhali tərəfindən müsbət qəbul olunub. Onlar ağrılı islahatlar olmadı. Çünki bəzən radikal islahatlar edəndə, ilk mərhələ ağrılı olur. Bizim dövlət dəstəyinə ehtiyacı olanlar üçün sosial paketimiz var. Başladığımız dərin və hərtərəfli iqtisadi islahatlar siyasətini davam etdirəcəyik”.

Dövlət başçısı bildirib ki, Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur və ölkəmizdə bütün əsas azadlıqlar təmin olunur: “Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.

Media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı cavablandıran Azərbaycan Prezidenti deyib ki, bu, siyasi səbəblərlə bağlıdır: “Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq. Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var. Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub. Lakin biz heç kəsə qarşı oynamırıq, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmırıq. Buna görə də bəziləri çox da böyük olmayan ölkə üçün Azərbaycanı çox müstəqil hesab edirlər. Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyiblər. Lakin bu belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya iqtisadi forumunun açıqlamasına görə Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb. Bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993