Xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər

Tərtərdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi və ermənilərin Qarabağa İrandan köçürüldüyünü sübut edən “Marağa-150” abidəsi ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin, Milli Məclisin deputatlarının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin və nümayəndələrinin, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, xarici və yerli kütləvi informasiya vasitələri təmsilçilərinin dekabrın 11-də Tərtər rayonuna səfərini təşkil edib.

Qeyd edək ki, bu ilin fevral ayında dövlət başçısının tapşırığına əsasən Dövlətqaçqınkomun və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditasiya olunmuş 18 xarici kütləvi informasiya vasitələri əməkdaşlarının və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş 60-a yaxın diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərlərindən sonra baş tutan növbəti səfər də erməni vəhşiliyinin dünya birliyinin yenidən diqqətinə çatdırılmasında, mühüm əhəmiyyət kəsb etməklə yanaşı,  eyni zamanda Azərbaycan dövlətinin ölkədəki qaçqın və məcburi köçkün vətəndaşlarına göstərdiyi qayğı və diqqətin, humanist siyasətin təzahürünü özündə əks etdirir.

Diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə gəliblər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması istiqamətində son illər mühüm tədbirlər görülüb. Bu yaşayış kompleksi son 16 ildə Azərbaycanda məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. İndiyədək 53 min ailə - 260 min nəfərə yaxın qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu yaşayış kompleksi 50 hektar torpaq sahəsində inşa edilib. Burada dördmərtəbəli 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib. Elektrik, su, qaz, istilik təchizatı və bütün digər zəruri infrastrukturla təmin olunmuş kompleksə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın və digər rayonlardan olan məcburi köçkünlər yerləşdiriləcək. Yaşayış kompleksinin tikintisi 1992-ci ildə işğaldan azad olunmuş ərazidə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.

Bütün qəsəbələrin eyni üslubda inşa edildiyini vurğulayan Əli Həsənov həmçinin onu da qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə tikilən 97-ci qəsəbə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ikinci yaşayış kompleksidir: “Bu ərazi Ağdərə rayonunun ərazisidir və vaxtı ilə işğal altında olub. 1992-ci ildə Ağdərənin kiçik bir hissəsi işğaldan azad olunub. Azərbaycan Prezidenti Cocuq Mərcanlıdan sonra işğaldan azad olunan torpaqlarımızda ikinci yaşayış kompleksinin tikintisini həyata keçirib”.

İsveç və Niderland səfirliklərinin nümayəndələrinin yaşayış kompleksi və buraya köçürüləcək insanların məşğulluğu ilə bağlı suallarını cavablandıran Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərə xidmət sahəsində təcrübəsi dünyaya nümunə olan bir modeldir. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayanda 7 milyon əhalinin bir milyonu qaçqın və məcburi köçkünə çevrilmişdi. İndi onların sayı 1,2 milyona çatıb. Ötən 25 ildə məcburi köçkünlərlə hökumət arasında heç bir narazılıq baş verməyib. Bu, idarəetmənin düzgün təşkili sayəsində mümkün olub. Qaçqın və məcburi köçkünlərlə bağlı siyasətin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev onu daha da təkmilləşdirib.

“Yaşayış kompleksindəki 1170 mənzilə altı min məcburi köçkün yerləşdiriləcək. 50 hektar ərazinin 27 hektarında şəhərcik tikilib, 23 hektarı isə bura köçəcək ailələrə paylanılmaq üçün saxlanılıb. Kompleksə yerləşəcək məcburi köçkünlər əsasən heyvandarlıqla məşğuldurlar və 23 hektar ərazi onların arasında bölünəcək, onlar burada mal-qara saxlaya biləcəklər. Məcburi köçkünlərin bir hissəsi məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi və ATS-də işlə təmin olunacaqlar. Bir qismi isə artıq Tərtər rayonunda işlə təmin edilib. Hesab edirik ki, burada işsizlik problemi olmayacaq”, - deyə Əli Həsənov bildirib.

Qeyd edək ki, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversin buraya köçürüləcək insanların məşğulluğu ilə bağlı sualına cavabında Əli Həsənov maraqlı məqama da toxunub. Qeyd edib ki, kiçik Azərbaycan dövləti bir milyon məcburi köçkünün sosial durumunu yaxşılaşdırmaq üçün bütün imkanlarından istifadə edir və nəticəsi də göz önündədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb. Ancaq 500 milyon əhalisi olan Avropa bu gün bir milyon miqrantın əlində qalıb: “Hər şeyi dünya görür. Avropaya pənah aparan qoca, cavan, qadın, uşaqlar polis dəyənəyi ilə küçələrdə döyülür, qovulur. Bizə isə insan hüquqlarından dərs keçmək istəyirlər. Ancaq beynəlxalq tədbirlərdə həmin ölkələrin rəhbərləri Azərbaycan Prezidentinə müraciət edirlər ki, icazə verin gəlib sizin təcrübənizdən yararlanaq”.

Diplomatları maraqlandıran suallar cavablandırıldıqdan sonra qonaqlar qəsəbədə inşa olunan 1200 şagird yerlik Sarvan Quliyev adına Şıxarx kənd tam orta məktəbində şagirdlər üçün yaradılan şəraitlə tanış olublar. Sonra diplomatların bir neçəsi səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Fransa səfiri Orelia Buşez: “Burada gördüklərim, tikilən binalar məndə xoş təəssürat oyatdı. Bunlar məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yüksək səviyyədə görülmüş işlərdir. Hər bir fəaliyyətin əsasında insan amili dayanmalıdır və biz onu burada gördük. Burada yaşayacaq insanlara xoşbəxtlik, firavanlıq arzulayıram. Hər bir icmanın inkişafı üçün davamlı sülhün və sabitliyin olması çox vacibdir. Fransa ATƏT-in həmsədrlərindən biri kimi, münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

ABŞ-dan olan keçmiş diplomat Ceyms Koyle: “Beş ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tədqiqi ilə məşğulam. Münaqişə ilə əlaqədar fundamental kitab da yazmışam. Bu səfər mənim üçün önəmli bir fürsətdir ki, tədqiqatçı kimi hadisələrlə yerində tanış olum. Azərbaycan hökuməti tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün yaradılan bu şərait inanılmazdır.

Beynəlxalq hüququn münaqişənin həlli ilə əlaqədar norma və prinsipləri artıq məlumdur. BMT nizamnaməsinə əsasən bu prinsiplər çox düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə əməl edilməlidir. Xalqların öz müqəddəratını təyin etməsinə gəlincə, bu, ilk növbədə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız bu prinsiplər əsasında mümkündür”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə jurnalistlərə müsahibəsində deyib: “Səfərdə 60-dan çox ölkənin səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Onlar səfər zamanı bir çox məlumatlar əldə ediblər. Söhbət zamanı bildirirlər ki, Azərbaycan hökumətinin siyasətinin əsasında insan amili durur. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.

Qəsəbə ilə ümumi tanışlıqdan sonra nümayəndə heyəti ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Ermənilərin ərazi iddialarını ifşa edən bu abidənin qalıqları hazırda Tərtər rayonunun bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan bu abidə mühüm siyasi əhəmiyyətə malikdir.

Abidə ilə bağlı məlumat verən Baş nazirin müavini Əli Həsənov bildirib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa-150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Bu abidə, tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Əraziyə vurulan stendlərdə Türkmənçay müqaviləsi (3 dildə), Rusiyanın tanınmış alim və təqdiqatçılarının - Sergey Qlinka, N.Şavrov, V.Veliçko, İ.P.Petruşevskinin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrini təsdiqləyən qeydləri öz əksini tapıb. Stendlərin birində məşhur rus rəssamı V.Maşkovun 1828-ci ildə ermənilərin İrandan Azərbaycana gələn köçünü təsvir etdiyi şəkillər də var.

Erməni tarixçisi B.İşxanyanın qeydləri isə belədir: “Tarixi mənbələrə görə ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni, Rusiya hüdudlarından kənardadır. Dağlıq Qarabağın ərazisində yaşayan ermənilərə gəlincə, onların bir hissəsi xristianlığı qoruyub saxlamış qədim aborogen alban tayfaları idi. Əhalinin digər hissəsini İran və Türkiyədən qaçan və Azərbaycan torpaqlarında sığınacaq tapan qaçqınlar təşkil edir. Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində gəliblər”.

Səfərin sonunda jurnalistlərin suallarını cavablandıran Baş nazirin müavini Əli Həsənov bir daha diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq “Marağa-150” abidəsi ilə bağlı topladığımız əsaslı dəlillər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin, səfirlərin və KİV təmsilçilərinin şahidi olduqları bu mənzərə Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində mühüm töhfədir: “Artıq ermənilər Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət qarşısında tab gətirə bilmirlər. Yaydıqları cəfəng fikirlər dünyada eşidilmir. Çünki cənab İlham Əliyev bütün beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Dünya birliyi ermənilərin uydurmalarına inanmır. Bunu görən ermənilər ölkələrini tərk edirlər. Yəni, Ermənistanda böyük köç başlayıb. Belə getsə, 10 ildən sonra orada erməni qalmayacaq. Hesab edirəm ki, dövlət başçısının tapşıqığı ilə bu istiqamətdə həyata keçirilən proseslər öz bəhrəsini verəcək. Bütün bunlar Prezident İlham Əliyevin reallaşdırdığı “Böyük Qayıdışın” artıq kiçik yox, böyük başlanğıcıdır. İnanırıq ki, cənab Prezidentin dediyi kimi, qısa zamanda işğal altında olan digər torpaqlarımız da azad olunacaq və bundan da gözəl qəsəbələr, şəhərlər salınacaq, Azərbaycan xalqı öz arzusuna qovuşacaq”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993