Məşhur yaponiyalı oftalmoloq Akio Kanaidən daha bir xeyirxah addım

Oftalmoloq mükafat olaraq aldığı maliyyə vəsaitini Azərbaycandakı məcburi köçkünlərin social problemlərinin həllinə kömək məqsədilə ayırıb

Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri dünya şöhrətli oftalmoloq Akio Kanai bu yaxınlarda Yaponiyanın “Yomiuri” qəzetinin ən yüksək mükafatı - Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatına layiq görülüb. A.Kanai həmin mükafatın 5 milyon yen həcmində maliyyə vəsaitinin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə kömək məqsədilə ayrılması qərarına gəlib və bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub göndərib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq humanitar təşkilatlara ölkəmizdə yaratdığı şəffaf və sərbəst şəraitdən yararlanan “Fuji Optical” Co.Ltd şirkəti 2005-ci ildən başlayaraq hər il ölkəmizdə məcburi köçkünlərə təmənnasız oftalmoloji xidmət göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır.

“Fuji Optical” Co.Ltd şirkəti 2005-2017-ci illərdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib. Əlli minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə, 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb.

Bu xeyirxah missiyanın artıq 12 ildir ki, həyata keçirilməsi bir daha Azərbaycan və Yaponiya hökumətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

Görüşlərin birində Akio Kanai 35 illik fəaliyyətləri dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələrin ən uğurlu layihələrdən biri olduğunu qeyd edib. Bu da ölkəmizə, eləcə də qaçqın və məcburi köçkünlərimizə verilən ən böyük dəyərdir.

Dünya şöhrətli optometrist hələ 2006-cı ildə BMT QAK tərəfindən təsis edilmiş “Nansen qaçqın mükafatı”na layiq görülüb və mükafat olaraq ayrılmış maliyyə vəsaiti hesabına Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün artezian quyusu qazılıb istifadəyə verilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993