Daha bir qəzalı binadan köçürülən məcburi köçkünlər yeni mənzillərində yeni həyata başlayırlar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi"nin icrası çərçivəsində işlər mərhələli şəkildə və uğurla davam etdirilir.

Həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun müraciəti əsasında Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində özəl şirkətlər və ayrı-ayrı iş adamları tərəfindən inşa olunaraq hədiyyə kimi istifadəyə verilən hündürmərtəbəli yaşayış binalarına, eyni zamanda  Mehdiabad və Ramana qəsəbələri ərazisində məcburi köçkünlər üçün inşa olunmuş hazır binalara Binəqədi rayonu, 9-cu mikrorayondakı təcili tibbi yardım stansiyasının tikintisi yarımçıq qalmış binasında və həmin binanın ətrafında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi"nin icrası çərçivəsində Xəzər rayonu ərazisindəki "Energetika", Binəqədi rayonu ərazisindəki "Şəfəq" pansionatlarından, Xətai rayonunun Gəncə prospektində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş binadan köçürülmə prosesi başa çatdıqdan sonra artıq yuxarıda qeyd olunan ünvandan yeni mənzillərinə köç edən məcburi köçkünlər onlara dövlət qayğısından ürəkdolusu söhbət açaraq bildirirlər ki, müstəqilliyimiz bərpa olunduqdan sonra ən ağır dövrlərdə, eləcə də ölkəmizin inkişafının bütün mərhələlərində məcburi köçkünlərin problemlərinin həllinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilib. Elə onların indiyədək yaşadıqları dözülməz şəraitdən çıxarılaraq yeni və hərtərəfli şəraitli mənzillərlə təmin edilmələri də məhz bu qayğı və diqqətin təzahürüdür.

Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən köçürmə komissiyası üzvlərinin də iştirakı ilə həyata keçirilən köçürmə prosesinin lazımi səviyyədə təşkili, heç bir problem yaranmaması üçün vaxtında ələ alınan tədbirlər, nəqliyyat vasitəsi ilə təminat məcburi köçkünlər tərəfindən də razılıqla qarşılanır və onlar böyük həvəslə istər Mehdiabad və Ramana qəsəbələrində, istərsə də Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində inşa olunaraq istifadəyə verilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərə köç edirlər. İşlərin düzgün və mütəşəkkil qaydada təşkili nəticəsində qeyd edilən ərazilərdə yeni mənzillərlə təmin olunan məcburi köçkün ailələri onlara verilmiş yeni mənzillərində yır-yığış edərək yeni həyata başlayırlar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993