Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq

Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılacaq

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub.

Bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazirliyin, SEDA layihəsinin, yerli icra hakimiyyətinin nümayəndələri, həmçinin sahibkarlar iştirak ediblər.

Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və Böyük Qayıdışın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində icma əsaslı biznesyönümlü layihələrin reallaşdırılması, o cümlədən yem emalı müəssisəsinin inşası kənddə məşğulluğun təmin olunmasına, regionun sosial-iqtisadi inkişafına töhfə verəcək.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verib, yeni yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin inkişafına şərait yaradacağını diqqətə çatdırıb.

“Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsinin nümayəndəsi Timoti Madigan SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunması nəzərdə tutulur. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılacaq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993