“Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır”

Prezident İlham ƏLİYEV: Özünü müxalifət adlandıran ünsürlərin kitabı çoxdan bağlanıb

“Yeni Azərbaycan Partiyasının yaradılması, doğrudan da, tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”. Bunu Azərbaycan Respublikasının Prezidenti, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı xatırladıb ki, iyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir: “Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və Ulu Öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi”.

“Ulu öndər Azərbaycana verdiyi töhfələrə görə xalqın böyük sevgi və rəğbətini qazanmışdır”

İlham Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi: “O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır. Bu müraciətin səbəbləri də aydındır. Çünki ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdır. Sovet dönəmində ən geridə qalmış respublikalardan biri olan Azərbaycan məhz onun dövründə ən qabaqcıl respublikaya çevrilmişdir. Onun 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində fəaliyyəti nəticəsində respublikada böyük quruculuq işləri aparılmışdır və Azərbaycan, sözün əsl mənasında, hərtərəfli şəkildə inkişaf edirdi. Ondan sonrakı dövrdə Moskvada yüksək vəzifədə çalışarkən həmişə Azərbaycana böyük diqqət və qayğı göstərmişdir”.

1990-cı illərin əvvəllərini - xalqımız üçün ən ağır dövrü xatırladan Prezident İlham Əliyev deyib ki, həmin günlərdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir: “Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir”.

“O vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdir”

Sonra Naxçıvanda işləyərkən ulu öndərin müstəqilliyə gedən yolu açdığını vurğulayan Prezident deyib ki, O, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır: “Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu”.

 

“Bu günkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”

Prezident qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.

O illərdə isə ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Çünki Yeni Azərbaycan Partiyası noyabr ayında yaradılmışdı. Ondan sonra ölkədə dərin böhran daha da kəskinləşdi, 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü ölkəmizdə qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam etmişdir”.

Prezident deyib ki, Azərbaycan xalqı o vaxt bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir: “1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. O illərdə bizim milli ideologiyamız - azərbaycançılıq ideologiyası təqdim edildi və xalq tərəfindən bəyənildi. O illərdə Azərbaycan beynəlxalq təcriddən çıxa və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişdir”.

 

“Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik olmayacaq”

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayıran Prezident bir daha bəyan edib ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur: “Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.

Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

İlham Əliyev bildirib ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək: “Beş il bundan əvvəl partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur - cəmi beş il ərzində. Ona görə, bu istiqamətdə də ardıcıl siyasət aparılacaqdır.

Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır”.

 

“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir”

Prezident vurğulayıb ki, aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərdi: “Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.

Prezident çıxışında onu da bildirib ki, ötən 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb: “Ötən 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.

Gələcək fəaliyyətlə bağlı fikirlərini çatdıran dövlət başçısı bildirib ki, hər bir sahə üzrə konseptual yanaşma var və biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik: “Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993