Məcburi köçkünlər üçün Lökbatan qəsəbəsi ərazisində salınan yaşayış kompleksində işlər uğurla davam etdirilir

Azərbaycan dövlətinin bu sahədəki təcrübəsi bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir

Öz fəaliyyətində sosial problemlərin, xüsusilə də ölkədəki qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqət ayırdığını daim önə çəkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın sədrliyi ilə cari il mart ayının 9-da keçirilən və Bakı və Sumqayıt şəhərlərindəki yararsız və qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

Bu istiqamətdə problemin həlli ilə bağlı məsələnin geniş müzakirə olunduğu həmin müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq daha ağır və qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi məqsədilə hərtərəfli tədbirlər həyata keçirilməkdədir. Həmin müşavirənin və Mehriban xanım Əliyevanın rəhbərliyi altında hazırlanan və əməli fəaliyyətlə reallığa çevrilən tədbirlərin nəticəsi kimi bu gün ən böyük layihə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində, Lökbatan-Qobu yolunun 3 km şərq hissəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 1026 mənzillik 11 ədəd 2 bloklu, doqquz mərtəbəli yaşayış  binalarından ibarət kompleksin tikintisidir. Hazırda böyük tikinti meydançasına çevrilən ərazidə işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Onu da qeyd edək ki, 6 hektardan çox ərazini əhatə edən, binalardakı mənzillərin ümumi sahəsi 72 min kvadratmetr olan, Heydər Əliyev Fondunun müraciəti əsasında  özəl sektor tərəfindən inşa edilən bu yeni yaşayış kompleksində də bu gün qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi yeni və yaraşıqlı mənzillə təmin olunacaq. Buradakı yaşayış kompleksinin inşasına başlamaq üçün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mayın 31-də ərazidə keçirilən təməlqoyma mərasimində şəxsən iştirakı və dərin məzmunlu çıxışı, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli ilə bağlı səsləndirdiyi fikirlər onun fəaliyyətini konkret addımları ilə təsdiqlədiyinin bariz nümunəsidir.

Belə ki, Mehriban xanım Əliyeva müşavirədə olduğu kimi, təməlqoyma mərasimindəki çıxışında da əsas diqqəti ölkə əhalisinin bu təbəqəsinin sosial-mənzil-məişət problemlərinin həllinə yönəldərək həmçinin onu da vurğulamışdır ki, ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir: “Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Qaçqın və məcburi köçkün ailələrinin əksəriyyəti müvəqqəti məskunlaşdıqları bu ictimai binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi yarımçıq qalmış binalarda çox ağır vəziyyətdə yaşayırlar. Bu ilin mart ayında məhz bu problemə - qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, bütün lazımi tapşırıqlar verilmişdir. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanmışdır”.

Qeyd edək ki, indiyədək hazırlanmış tədbirlər planına uyğun olaraq bir sıra qəzalı binalarda məskunlaşan məcburi köçkünlər istər Masazır və Mehdiabad qəsəbələrində inşa edilən hazır binalardan mənzil alınması yolu ilə, istərsə də Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün salınmış məhəllələrin ərazisində yeni inşa olunmuş binalardakı yeni mənzillərə köçürülmüşlər. O da təqdirəlayiq haldır ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil şəraitinin yaxşılaşdırılmasında dövlətin müvafiq qurumları ilə bərabər özəl sektor da yaxından iştirak edir. Bütün bunları xalqımızın xeyriyyəçilik, vətənpərvərlik ənənələrinin davamı kimi yüksək dəyərləndirən  Birinci vitse-prezident dövlətlə yanaşı, biznes sektorlarının, sahibkarların da ölkəmiz üçün çox vacib olan bu məsələyə biganə yanaşmadıqlarından, öz dəstəyini və töhfəsini verməyə hazır olduqlarından məmnunluğunu bildirib. Elə, yuxarıda da qeyd etdiyimiz kimi, hazırda tikintisi sürətlə davam etdirilən Lökbatan qəsəbəsi ərazisindəki yeni yaşayış kompleksi də məhz özəl sektorlar və sahibkarlar tərəfindən inşa olunur.

Bu günlərdə aparılan tikinti işlərinin gedişi ilə tanışlıq məqsədilə ərazidə olarkən burada inşaat işlərini həyata keçirən özəl sektorlardan birinin - “Kristal Abşeron” MTK-nın mühəndisi Eldar Məmmədovla söhbət əsnasında bildirdi ki, tikinti işlərinin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün əraziyə çoxsaylı işçi qüvvəsi və zəruri texnika cəlb olunub. İnşaatçılar fasilələrə yol verilməməsi üçün kifayət qədər avadanlıq və tikinti materialları ilə təmin edilib.

Qısa zaman çərçivəsində binalardan bəzilərində beton işləri başa çatdırılmış, bəzilərində isə müxtəlif mərtəbələrdə beton və hörgü işləri aparılır. Eyni zamanda binaların daxili mənzil bölgüsü və xarici fasad işləri davam etdirilir, pəncərələr quraşdırılır. Bununla yanaşı, binalardan bəzilərində artıq binadaxili işlərə də başlanılıb. Elektrik, santexnik işləri, şaxtaların hörülməsi, divarların suvaq işləri aparılır. “Ağ dağ” suvağı ilə suvanmış eyvanlar, mənzil və dəhlizlər divar kağızlarının çəkilməsi üçün hazırlanır.

Burada həmçinin, 620 şagird yerlik üçmərtəbəli məktəb binasının, 220 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, istirahət parkının, uşaq meydançasının və digər zəruri sosial-texniki infrastrukturların inşası da paralel aparılır. “Azərişıq”Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazidə quraşdırılan 2 ədəd TEM stansiya və 1 ədəd paylayıcı stansiyada işlər başa çatmaq üzrədir. Su və qaz xətləri yaxın əraziyə qədər çəkilib, onlar da müvafiq vaxtda binaya ötürüləcəkdir. Bütün bunlardan əlavə, kanalizasiya xətlərinin çəkilişlərinə də start verilib. Bu yaşayış kompleksinin inşasının gələn ilin may ayında başa çatdırılması nəzərdə tutulub.

Göründüyü kimi, qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Onların problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər bunun bariz nümunəsidir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993