Bakı-Tbilisi-Qarsdan sonra üçtərəfli Tehran Zirvə görüşü

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub

Xəbər verildiyi kimi, Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçirilib. Görüşdə Şimal-cənub dəhlizi, regionda üç ölkəni maraqlandıran önəmli məsələlər müzakirə olunub. Konfransın keçirildiyi məkanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Üçlü formatda aparılan danışıqlardan əvvəl İran prezidenti Həsən Ruhaninin Azərbaycan və Rusiya dövlət başçıları ilə təkbətək görüşü olub.

Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Həsən Ruhaninin görüşündə iki ölkə xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib. Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Azərbaycan və İran prezidentlərinin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verərək bildirib ki, erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Dövlət başçısı qeyd edib ki, bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir: “Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Azərbaycan Prezidenti qeyd edib ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur: “Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Prezident İlham Əliyev bildirib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır: “Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Görüşdə həmçinin hərbi və hərb-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993