Avropa ilə Asiyanı birləşdirən inkişaf, əməkdaşlıq və sülh yolu

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük tarixi əhəmiyyət kəsb edir

Son 14 ildə Azərbaycanın tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Oktyabrın 30-da  Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi isə bu layihələrin miqyasını və əhəmiyyətini  daha da artırıb.

Oktyabrın 30-da BTQ kimi qlobal bir layihənin tarixi açılışında iştirak etmək üçün qonşu ölkələrin rəhbərləri də ölkəmizə səfər ediblər. Xüsusilə regonun böyük və qüdrətli ölkəsi olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın BTQ-nin açılışına qatılması bu layihənin nəinki Cənubi Qafqaz, eyni zamanda, Avropa üçün çox strateji əhəmiyyətindən xəbər verir.

Qeyd edək ki, təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu 826 kilometrdir. Dəmir yolu xəttinin üzərində 10 stansiya qurulub və qatarların sürətinin saatda 120 kilometrə çatdırılması planlaşdırılıb.

Bakı-Tbilisi-Qars layihəsi dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməsini nəzərdə tutan qlobal layihədir. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa tranzit xətti əldə edəcək. Layihənin beynəlxalq əhəmiyyətini dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir: “Bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olmaqla Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək.”

Ekspertlər də  hesab edirlər ki, BTQ Azərbaycan iqtisadiyyatının inkişafına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qədər təkan verəcək ikinci böyük layihədir. Çünki BTQ-nin yük və sərnişin daşımalarından il ərzində ölkə büdcəsinə yüz milyonlarla dollar valyuta daxil olacaq. Bir sözlə, bu layihə region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Gələcəkdə bu xəttə Asiyanın digər ölkələrinin maraq göstərəcəkləri barədə artıq ilkin razılaşmalar da var. Belə ki, Çin və Qazaxıstan kimi inkişaf etmiş Asiya ölkələri bəyan ediblər ki, onlar üçün Avropaya ən səmərəli nəqliyyat dəhlizi məhz Bakı-Tbilisi-Qars dəmir yolu ola bilər. Prezident İlham Əliyev BTQ-nin açılışı zamanı bu barədə bildirib: “BTQ dəmir yolu xətti tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini də birləşdirəcək.”

Ölkə başçısının vurğuladığı kimi, BTQ-nin istifadəyə verilməsi bir daha təsdiq edir ki, Asiyadan Avropaya, Avropadan Asiyaya konteyner daşımalarının həcminin dəfələrlə artması qaçılmazdır. Ümumiyyətlə, bu, bir gerçəklikdir ki, beynəlxalq iqtisadiyyata inteqrasiyanın ilkin şərtlərindən  biri də genişmiqyaslı, sürətli nəqliyyat  sisteminin qurulmasıdır. Belə bir sistem, eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin məhz beynəlxalq təcrübələrdən yararlanaraq etibarlı nəqliyyat sisteminin yaradılmasına yüksək səviyyədə investisiya yatırması son 15 ilin çox mühüm nəqliyyat layihələrindən biridir. Prezident İlham Əliyev açılış mərasimində bu barədə bildirib: “Məhz bu BTQ dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra ölkəmiz Avrasiya məkanının mühüm tranzit qovşaqlarından birinə çevriləcək. Eyni zamanda, BTQ-nin fəaliyyətə başlaması ilə ölkəmiz Avrasiyada regionlararası ticarətə yeni inkişaf imkanları qazandıracaq.”

BTQ-nin digər mühüm iqtisadi üstünlükləri ondan ibarətdir ki, bu dəmir yolundan istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq. Prezident İlham Əliyev də məhz bu məqamı xüsusi dəyərləndirərək deyib ki, BTQ-nin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq. Bu yol bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

Burada digər önəmli bir məqamı da vurğulamaq lazımdır ki, məhz Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də rəsmi Bakının güclü siyasi iradəsi nəticəsində reallaşdı. Azərbaycan dövlətinin gücünə və iqtisadi potensalına güvənən qonşu ölkələr Gürcüstan və Türkiyə ölkəmizin sahiblik etdiyi bu layihəyə dəstək verdilər. Hər üç ölkənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verdi.

Prezident İlham Əliyev bu ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafından razı qaldığını bildirərək vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birlərini dəstəkləyirlər, özləri və  dünya üçün önəmli olan layihələri icra edirlər. BTQ-nin istifadəyə verilməsi eyni zamanda Avropa ölkələri üçün də iqtisadi dividendlər vəd edir. Hazırda Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək, o cümlədən Avropanı da əhatə edəcək.

Ümumiyyətlə, Azərbaycan dövlətinin nəqliyyat sahəsinə ayırdığı önəmli diqqətin nəticəsidir ki, bu gün ölkəmiz nəqliyyat-tranzit imkanlarına görə də regionda liderdir.  Bir sözlə, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan iri həcmli sərmayələr nəticəsində çox güclü nəqliyyat infrastrukturu yaradılıb. Məhz həmin infrastruktur nəqliyyat daşımalarına görə, həm ölkə, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993