“Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu”

Prezident İlham Əliyevdən müsəlman ölkələrinə  vacib çağırış: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

“Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”. Bunu bu günlərdə İstanbulda keçirilən inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı deyib.

Qeyd edək ki, bu Azərbaycanın İslam dünyasına ilk çağırışı deyil. Ölkəmiz bir çox mötəbər tədbirlərdə bu məsələni gündəmə gətirib. Ancaq təəssüf ki, hələ də bəzi müsəlman ölkələrinin Ermənistanla əlaqələri var. Həmin ölkələrin ən azından İslama, onun dəyərlərinə hörmət xatirinə məscidləri dağıdan Ermənistanla münasibətlərə son qoymamaqları olduqca maraq doğurur və bu, bəzən İslam prinsiplərindən önə keçir. Ona görə də Prezident İlham Əliyevin bu istiqamətdə irad bildirməsi əhalisinin böyük hissəsi İslam dininə mənsub olan Azərbaycana qarşı bu qədər sərt işğalçılıq siyasəti yeridən dövlətlə əməkdaşlığa son qoyulmasına hesablanmış ciddi bir mesajdır. 

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunan Prezident İlham Əliyev deyib ki, Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir”.

Prezident xatırladıb ki, ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub: “Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir”.

Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq: “Hörmətli görüş iştirakçıları, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

İlham Əliyev deyib ki, iki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib: “Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub”.

Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır: “Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir”.

Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiya arasında ən qısa yol olacağını deyən Prezident onu da vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur və bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993