Koreya Respublikasının Azərbaycandakı səfirliyinin kollektivi zəngilanlı məcburi köçkünlərlə görüşüb

Oktyabrın 24-də Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Zəngilan Rayon İcra Hakimiyyəti Abşeron rayonunun Masazır qəsəbəsində zəngilanlılar üçün salınmış şəhərcikdə tədbir keçirib.

Tədbirin rəsmi hissəsindən əvvəl ərazidə məskunlaşan zəngilanlı məcburi köçkünlər arasında Koreya Respublikası səfirliyinin təşkilatçılığı ilə qəsəbədəki tibb məntəqəsində sakinlərin müxtəlif xəstəliklər üzrə pulsuz tibbi müayinə və müalicəsi təşkil edilib. Tibbi aksiya zamanı səfir məcburi köçkünlər arasında Koreya Respublikasının tanınmış “Jasenq Şərq Təbabəti” klinikasının həkimləri tərəfindən aparılan müayinələrin gedişi ilə tanış olub və “Qaçqın və məcburi köçkünlərə xidmət” layihəsinin əsas məqsədinin də öz yurdundan didərgin düşmüş insanlara dəstək layihəsi olduğunu vurğulayıb. 

Sonra qonaqlar şəhərcikdə yerləşən 260 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olublar. Bağça uşaqlarına məktəb ləvazimatları və geyimlər hədiyyə edilib. Uşaqlar qonaqları müxtəlif dillərdə sülh şeirləri, Azərbaycan və Koreyanın milli rəqsləri ilə salamlayıblar. Həmçinin Zəngilan şəhərciyində uşaq bağçasının yenidən qurulan oyun meydançasının açılışı olub.

Daha sonra tədbirin rəsmi hissəsinə başlanılıb.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara qəsəbə haqqında məlumat verib. Bildirib ki, hazırda qəsəbədə 760 ailə yaşayır və daha 210 ailə də köçürülmək üzrədir. Qəsəbədə bütün infrastruktur - məktəb, bağça, tibb məntəqəsi, poçt məntəqəsi və Mədəniyyət Evi fəaliyyət göstərir. Hazırda respublikamızda belə qəsəbələrin sayı yüzə yaxındır.

İcra başçısı Koreya Respublikası səfirliyinin və ölkəmizdə fəaliyyət göstərən Koreya şirkətlərinin nümayəndələrinə bu təşəbbüsə görə minnətdarlıq edib. Diqqətə çatdırıb ki, Koreyadan gələn həkimlər bu gün qəsəbə sakinlərinə tibbi yardım göstərib və müxtəlif xəstəliklər üzrə onları müayinə ediblər. Bir ay əvvəl səfirliyin təşəbbüsü ilə 33 nömrəli məktəbdə “Koreya Respublikası - məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsi keçirilib. Bu, səfirliyin azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyin bariz nümunələrindən biridir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu qəsəbədə olmaqdan məmnunluğunu ifadə edib. O deyib: “Göstərdiyimiz bu dəstək əslində ürəyimizdən gələn hisslərimizi sizə çatdırmaq məqsədi daşıyır. Bu yardımla biz zəngilanlı ailələrə mənəvi dəstək göstərməyə çalışmışıq. Torpaqlarını itirmiş insanların ağrı-acısını, qaçqın və məcburi köçkünlərin yaşadığı hissləri çox yaxşı anlayıram”.

Koreya Respublikasının hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edən səfir əminliklə bildirib ki, qaçqın və məcburi köçkünlər yaxın zamanda öz doğma torpaqlarına geri qayıdacaqlar.

Tədbirin əhəmiyyətindən danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, bu il Azərbaycan Respublikası ilə Koreya Respublikasının diplomatik münasibətlərinin 25-ci ildönümüdür. Ötən 25 il ərzində həm ikitərəfli əlaqələrin genişlənməsi baxımından, həm də hər iki ölkənin sosial-iqtisadi inkişafı baxımından böyük yol qət edilib. Koreya və Azərbaycan arasında müxtəlif sahələrdə - səhiyyə, təhsil, kommunikasiya, rabitə, nəqliyyat və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. O deyib: “Bizim üçün ən böyük əhəmiyyət kəsb edən məqam Azərbaycanın üzləşdiyi bir nömrəli problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi probleminə Koreya dövlətinin, Koreya xalqının bu qədər həssaslıqla, diqqətlə yanaşmasıdır”.

Ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışan F.Hüseynov bildirib ki, bu istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətlər və təcrübə dünyada bir model kimi qəbul olunur.  Azərbaycan dövləti tərəfindən bu təbəqədən olan vətəndaşlarının problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hərtərəfli tədbirlər görməsinə baxmayaraq onların ən böyük arzusunun doğma ocaqlarına qayıtmaq olduğunu diqqətə çatdıran F.Hüseynov bütün məcburi köçkünlərin elə bu arzu və inamla yaşadıqlarını, cənab Prezidentin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözlədiklərini bildirib.

Vurğulanıb ki, Koreya Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verdiyini dəfələrlə qeyd edib. Təsadüfi deyil ki, bu ölkənin Cənubi Qafqaz regionundakı səfirliyi məhz Azərbaycanda açılıb.

Sonra Koreya Respublikası səfirliyinin təşəbbüsü ilə Zəngilan rayonu 33 nömrəli məktəbin 5-11-ci sinif şagirdləri arasında “Koreya Respublikası - məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sonda qonağa Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən Çinar meşələrinin əks olunduğu rəsm əsəri hədiyyə edilmişdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993