Nazirlər Kabinetində qaçqınların statusu haqqında qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı iclas keçirilib

Oktyabrın 25-də Azərbaycan Respublikası Nazirlər Kabinetində ölkəmizin mövcud qanunvericiliyində (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa) “əlavə himayə” anlayışının daxil edilməsi təşəbbüsü üzrə görülmüş işlər və nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə bağlı iclas keçirilib.

 Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iclasın gündəliyi barədə məlumat verərək deyib: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis Azərbaycan Hökumətinə iki məsələ ilə bağlı müraciət edib. Birinci məsələ üzrə “Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur. Bu məsələ demək olar ki, bütün aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. İkinci məsələ isə BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolunda qaçqın anlayışı üçün qoyulan meyarlara uyğun gəlməyən, lakin fundamental insan hüquq və azadlıqlarının qorunması baxımından beynəlxalq himayəyə ehtiyacı olan şəxslər üçün sığınacaq təmin etməklə xüsusi statusun - “əlavə himayə”nin verilməsidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu var. Bu sənəd qeyd edilən beynəlxalq konvensiyaya uyğun olaraq 1999-cu ildə hazırlanıb. Bu gün həmin qanunda dəyişiklik edilməsi barədə layihəni müzakirə edəcəyik. Bu məsələ aidiyyəti qurumlarla müzakirə olunur. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına növbəti ildə ödəniləcək ianə məbləğinin artırılması məsələsinə baxılır”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis çıxış edərək Azərbaycan Hökumətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına illik ianənin artırılması ilə bağlı təşəbbüsə görə təşəkkürünü bildirib. O deyib ki, Azərbaycanın qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya qoşulması və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun bu Konvensiyaya uyğun olaraq hazırlanması yüksək qiymətləndirilir. BMT nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycanda qaçqın statusu almış 63 nəfər var və onlar müvafiq qanuna əsasən “qaçqın” statusu alıblar.

Eyni zamanda, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi təşkilata BMT-nin Baş Assambleyası tərəfindən verilmiş mandat əsasında bundan dəfələrlə çox şəxsə beynəlxalq himayəyə ehtiyacı olduqları üçün “qaçqın” statusu verib. Hökumət tərəfindən tanınmış qaçqınlarla birlikdə hazırda sayı 1108 nəfər olan bu şəxslər öz ölkələrini müharibə, geniş yayılmış zorakılıq, insan hüquqlarının kütləvi şəkildə pozulması və digər bu kimi səbəblərdən tərk edərək Azərbaycana gəliblər. Azərbaycan Hökuməti BMT QAK tərəfindən bu şəxslərə verilən sənədləri tanıyaraq onların ölkədə olmalarına dözümlülüklə yanaşıb. BMT QAK bu faktı minnətdarlıqla qiymətləndirməklə yanaşı, həmin kateqoriyadan olan şəxslərin sosial xidmətlərə, əmək bazarına, mülki və iqtisadi münasibətlərə daxil olmasının asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb. İnsan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qoşulduğu bir çox konvensiyalar və beynəlxalq sənədlər “əlavə himayə” anlayışının qanunvericiliyə daxil edilməsini və bu insanların Azərbaycanda mövcudluğunu leqallaşdırmağı tələb edir. “Əlavə himayə” anlayışının qanunvericiliyə daxil edilməsi ilə bu məsələ öz həllini tapacaq və BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolundan irəli gələn öhdəliklərin icrası olaraq Azərbaycan da bu kateqoriya insanların beynəlxalq himayəsini müvafiq standartlara uyğun şəkildə həyata keçirəcək.

Yol sənədindən danışan Furio de Angelis bildirib ki, bu sənəd qaçqınlara mənşə ölkələri istisna olmaqla, bütün ölkələrə səfər etmək üçün viza almaq hüququ verir. Qaçqınlara verilən vəsiqənin təsviri və spesifikasiyasına gəldikdə isə, bu sənədin tövsiyə olunan formada hazırlanması onların cəmiyyətə, ölkə iqtisadiyyatına daha çox töhfə verə bilməsinə, həmçinin öz ehtiyaclarını təmin etmələrinə kömək göstərərdi.

Sonra Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev çıxış edərək yol sənədinin və qaçqın vəsiqəsinin “qaçqın” statusu almış şəxslərə verilməsinin əhəmiyyətindən danışıb. Həmçinin “Əlavə himayə” ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinin Azərbaycan Hökumətinin BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolundan irəli gələn öhdəliklərinin icrası baxımından əhəmiyyətini, məsələyə baxılarkən isə dövlət maraqlarının qorunmasının nəzərə alınmasını vurğulayıb.

Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin rəis müavini Seymur Mərdəliyev mövzu ətrafında çıxış ediblər.

İclasa yekun vuran Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çox ciddi səyləri nəticəsində Azərbaycan qısa müddət ərzində dünya ölkələri üçün nümunəyə çevrilib. “Bunu biz demirik. Bütün dünya ölkələri deyir ki, Azərbaycan bütün istiqamətlərdə, istər qaçqınlar və məcburi köçkünlər üçün yaradılan hüquqi baza və şəraitə, istər iqtisadi, istərsə də humanitar sahənin inkişafında dünya ölkələri üçün nümunədir. Bu, ulu öndər Heydər Əliyevdən başlayaraq bu işləri çox uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördükləri işlərin nəticəsidir. Bu gün beynəlxalq aləmdə Azərbaycana çox böyük hörmətlə yanaşırlar. Bunun da səbəbi təbii ki, dövlətimizin başçısının və Birinci vitse-prezidentin dünyada tutduqları mövqedir, ölkəmizdə yaratdıqları şəraitdir”, - deyə Əli Həsənov əlavə edib.

Baş nazirin müavini 2017-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında iştirakını və səfər çərçivəsində BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə keçirilən görüşü xatırladıb. Qeyd edib ki, M.Möller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının bir çox ölkələr üçün örnək olduğunu vurğulayıb. “Mixael Möllerə Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin hərtərəfli inkişafı istiqamətində görülən işlər barədə məlumat verdim. O dedi ki, biz dünyaya adətən BMT nümunələrini yayırıq. Ancaq bu gün Azərbaycan dövlətinin gördüyü işlər barədə eşidəndən sonra hesab edirəm ki, biz Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, iqtisadiyyatın inkişafı ilə bağlı gördüyü işləri dünya ölkələrinə yaymalıyıq”, - deyə Əli Həsənov əlavə edib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993