Azərbaycanın ən məşhur kəndinin inkişafı ilə bağlı daha bir mühüm sərəncam

Dövlət başçısının imzaladığı sərəncama əsasən Cocuq Mərcanlıda əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 1,5 milyon manat ayrılıb

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 13-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” sərəncam imzalayıb.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün dövlət başçısının sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.

Sərəncamda da qeyd olunduğu kimi, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmiş və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıtmışdır.

Hazırda dövlət başçısının digər bir sərəncamına - 15 iyul 2017-ci il tarixli “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Qeyd edək ki, dövlət başçısının kəndin bərpası, onun perspektiv inkişafı üçün imzaladığı məlum sərəncamlar, bunlardan irəli gələn tədbirlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi, illərdir doğma yurddan kənarda yaşayan və buraya köçürülən kənd sakinlərinin yeni və yaraşıqlı mənzillərlə təmin olunması kəndin digər sakinlərinin də Cocuq Mərcanlıya qayıtmaq istəklərinə əlavə stimul yaradır. Buna görə də hazırda kənddə əlavə olaraq daha 100 fərdi yaşayış evinin, digər infrastrukturların inşası sürətlə davam etdirilir.

 Kənddə yaşayış üçün zəruri olan hərtərəfli işlər görüldüyünü, ən yüksək səviyyədə şərait yaradıldığını, xüsusən də keyfiyyət amilinə böyük önəm verildiyini öz gözləri ilə görən cocuq mərcanlılar doğma yurda daha yaxından bağlanırlar.

Cocuq Mərcanlı kəndində əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi və sakinlərin məşğulluqlarının təmin olunması məqsədilə imzalanan son sərəncamla nəzərdə tutulan tədbirlər isə kəndin inkişafının gələcək istiqamətlərinə yönələn mühüm addımlardan biridir. Belə ki, burada əsas məqsəd uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasından, əkin və biçin sahələrinin məhsuldarlığının artırılmasından, kənd təsərrüfatının önəmli sahələrindən olan heyvandarlığın inkişaf etdirilməsi, kənddə yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Məhz bu baxımından suvarma sisteminin normal fəaliyyətinin, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinin olduqca mühüm əhəmiyyəti vardır.

Hazırda cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq kənddə suvarma suyu probleminin kompleks həll edilməsi üçün müvafiq qurumlarla birlikdə iş aparılır. Bütün bu işlər yekunlaşandan sonra kənd sakinlərinin əkin-biçinlə məşğul olması, bol məhsul və gəlir əldə etməsi, məşğulluqlarının və dolanışıqlarının təmin olunması məsələsi də öz həllini tapacaqdır. Bütün bunlar kənddə bir sıra layihələrin də reallaşdırılmasına imkan yaradacaqdır.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993