Dövlət qayğısının daha bir təzahürü:Məcburi köçkünlər üçün Tərtər rayonu ərazisində salınan məhəllədə son tamamlama işləri görülür

Öz inkişaf tempinə görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələr üzrə əldə edilən nailiyyətlər, iqtisadi inkişaf və tərəqqi özünün müsbət təsirini ölkənin hər bir vətəndaşının həyatında hiss etdirir. Eyni zamanda Azərbaycanın hərtərəfli inkişafından Ermənistanın işğalçılıq siyasəti nəticəsində, artıq neçə illərdir, qaçqın və məcburi köçkün vəziyyətində yaşayan 1 milyon 200 mindən çox soydaşımız da yararlanmaqdadır. Çünki qaçqın və məcburi köçkünlərin sosial təminatının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların ən müasir kommunal xidmət növləri ilə təmin olunmuş yaşayış mənzilləri ilə təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir.

Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizdə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək müxtəlif sahələrdə qayğılarının yüngülləşdirilməsi üçün, həmişə olduğu kimi, bu gün də istər dövlət büdcəsində, istərsə də Dövlət Neft Fondunda nəzərdə tutulmuş vəsaitlər hesabına davamlı tədbirlər həyata keçirilməkdədir. Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bu cür tədbirlər dövlətimizin başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrin müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. İstər bölgələrdə, istərsə də Bakı şəhərində və ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələr və yaşayış məhəllələri inşa edilərək bu təbəqədən olan soydaşlarımızın istifadəsinə verilir.

Elə Tərtər rayonu ərazisində 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə salınan yaşayış kompleksi də Dövlət Proqramına cənab Prezidentin 21 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş əlavələrin müvafiq bəndinə uyğun inşa edilir. Rayonun ərazisindəki müxtəlif obyektlərdə, xüsusilə qəzalı binalarda, məktəblərdə, uşaq bağçalarında məskunlaşan məcburi köçkünlər üçün salınan və artıq tikintisi başa çatmaqda olan məhəllədə layihəyə əsasən hər biri 4 mərtəbəli olmaqla 34 ədəd bina inşa olunur ki, bunlardan da 30-u 36 mənzilli, digərləri 24 mənzillidir. Ümumi ərazisi 27 hektarı əhatə edən şəhərcikdə həmçinin 1200 şagird yerlik üçmərtəbəli müasir tipli məktəb, 280 yerlik bağça, 2 mərtəbəli inzibati bina, klub-icma mərkəzi, 2 mərtəbəli musiqi məktəbi, ATS binası, 2 ədəd qazanxana inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi qurulub. İçməli su təchizatı üçün 4 ədəd, ərazidəki 9 hektarlıq yaşıllıqları suvarmaq üçün isə ayrıca suvarma anbarı inşa olunub, qaz, su, kanalizasiya, işıq sistemləri artıq quraşdırılaraq başa çatdırılıb.

Layihə çərçivəsində şəhərciyi “mavi yanacaq”la təmin edən 10 km-lik xarici və qəsəbədaxili qaz kəmərinin, hər birində 4 ədəd qazan olmaqla iki ədəd qazanxananın istilik şəbəkəsi ilə birlikdə tikintisi, eləcə də servis xidməti binasının inşası tamamlanıb, həmçinin 20 km uzunluğunda paylayıcı istilik kəməri çəkilib. Kommunikasiya sisteminin uzunluğu 125 km olan yaşayış kompleksinin ərazisinin 100 min kvadratmetr hissəsinə asfalt örtüyü vurulacaqdır ki, artıq bunun da xeyli hissəsi yerinə yetirilib. Ərazidə istirahət meydançaları inşa olunub, 4 ədəd sutəmizləyici qurğu da istifadəyə hazırdır. Artıq məhəllədə son tamamlama və təmizlik, abadlıq işləri görülür. Təmirli mənzillər çılçıraqla, qaz piltəsi, hamam vannası ilə təmin olunub.

Məhəllənin inşasına sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi tenderdə qalib gələn tikinti təşkilatları tərəfindən aparılan inşaat işləri yüksək peşəkarlıqla həyata keçirilməkdədir. Bu baxımdan dövlət başçısının tapşırığına əsasən işlərin gedişini və keyfiyyətin təmin olunmasını gündəlik diqqət mərkəzində saxlayan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bu məqsədlə ötən ayın 23-də yenidən məcburi köçkünlər üçün salınan bu məhəllədə görülən işlərlə yerində tanış olmuş, tikinti işlərini yerinə yetirən şirkətlərin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirərək müvafiq müzakirələr aparmış, onların təkliflərini dinləmiş, işlərin tikinti qaydalarına uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılır. İstər Tərtər rayonu ərazisində salınan bu məhəllə, istərsə də Qaradağ rayonu ərazisində 1026 məcburi köçkün ailəsi üçün salınan məhəllə, eyni zamanda digər ərazilərdə inşa olunan binalar dövlətimizin başçısının bu təbəqədən olan soydaşlarımıza növbəti qayğı və diqqətinin bariz nümunəsidir.

 Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın onların müxtəlif problemlərinin həllinə gündəlik qayğı və diqqət yetirdiyini və bütün bunları daim öz həyatlarında hiss etdiklərini xüsusi vurğulayan məcburi köçkünlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edərək daim möhtərəm Prezidentimizə arxalandıqlarını, Ali Baş Komandan kimi cənab Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, doğma yurdlarına qayıdacaqlarına və o yerlərdə də cənab Prezidentin rəhbərliyi altında bu soydaşlarımız üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılacağına əminliklərini bildirirlər. Onlar birmənalı şəkildə inanırlar ki, cənab Prezidentin təşəbbüsü və qətiyyəti ilə bu yaxınlarda Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı icra olunan analoji layihə bu gün həsrətini çəkdikləri doğma yurdlarında da həyata keçiriləcək.

Bütün bunlardan da göründüyü kimi, dövlətimizin başçısının rəhbərliyi altında ölkə əhalisinin sosial qayğıya daha çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkün soydaşlarımızın normal yaşayış şəraitinin, sosial-infrastruktur təminatının yaxşılaşdırılması, onların kommunal xidmət növləri ilə, doğma ocaqlarına qayıdanadək yaşayış mənzilləri ilə təmin olunmaları, məşğulluqlarının artırılması, digər problemlərinin həlli Azərbaycan dövlətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu sahədə müntəzəm olaraq ardıcıl addımlar atılır.

Ölkəmizin bir saylı probleminə dövlət başçısının və Birinci vitse-prezidentin hərtərəfli qayğı və diqqəti, həmçinin bunların nəticəsi olaraq onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan uğurlu addımlar, bu istiqamətdə görülən işlərin miqyası bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan artıq qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının bütün problemlərini özü həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrilmişdir. Bu deyilənlər məcburi köçkünlərimizin real həyatında da özünü büruzə verməkdədir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993