Azərbaycan Prezidentinin BMT kürsüsündən verdiyi mesajlar Ermənistanı silkələdi

Prezident İlham Əliyev çıxışında Serj Sarkisyanı beynəlxalq ictimaiyyətə hərbi cani kimi təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72- ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nüfuzlu beynəlxalq qurumlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi oldu. Ən başlıcası isə sessiyada əsasən Dağlıq Qarabağla bağlı məsələ və bu xüsusda qeyd edilənlər Ermənistanın işğalçı siyasətinin mahiyyətinin ifşa olunması baxımından böyük əhəmiyyət kəsb etdi. Burada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev konkret fakt və sübutlarla Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırdı, Ermənistan dövlət başçısı Serj Sarkisyanın Azərbaycan, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri arqumentlərlə alt-üst etdi.

Prezident İlham Əliyev ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını diqqətə çatdıraraq, bunun yolverilməz olduğunu bildirdi. Bu işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu BMT kimi nüfuzlu bir qurumun tribunasından açıq şəkildə söyləyərək bu vaxta qədər problemin həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident İlham Əliyev artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi. Prezident İlham Əliyev məhz bu kontekstdə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq, hazırkı mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu qeyd etdi. O, işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel döyüşləri təkrarlana bilər. Ona görə də, beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır.

Qeyd edək ki, yüksək tribunadan səsləndirilən bu cəsarətli fikir əslində Ermənistanla bərabər həm də onun işğalçılıq  siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Dövlət başçısının çıxışında Ermənistanın status-kvonun dəyişməz qalması üçün əlindən gələni etməsi də xüsusi vurğulanıb. Bununla yanaşı, Prezident Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamələrin icra olunmamasından narahatlığını ifadə edib: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.

Dövlət başçısı ötən ilin aprelində Ermənistanın şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdiyi cinayətlərdən də danışıb: “Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.

Bütün bunlar artıq Ermənistanda ciddi qorxu yaradıb. Erməni siyasi şərhçi Qalust Qriqoryan qələmə aldığı məqalədə Azərbaycanın əraziləri azad etmək üçün son şərtlərini irəli sürdüyünü yazıb: “Hamımız BMT Baş Assambleyasının 72-ci sessiyasında İlham Əliyevin çıxışını gördük. Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, “aprel müharibəsi”ndə olduğu kimi Ermənistanın istənilən addımına qarşı Azərbaycan ordusu cavab verəcək. Bu, BMT-də, dünyanın ən ali orqanı olan tribunada təkcə Ermənistana yox, bütün dünyaya xəbərdarlıq idi. Təsadüfi deyildi ki, İlham Əliyev BMT-də çıxış edərkən Azərbaycan ordusu hərbi atışlar həyata keçirirdi. Bu o deməkdir ki, sabah müharibə başlayarsa, təəccüblənməməliyik”, - deyə o bildirib.

Erməni şərhçi Serj Sarkisyan hakimiyyətini tənqid edib: “İlham Əliyev dünyaya xəbərdarlıq edəndə Sarkisyan ağzına su alıb oturdu, verməyə cavabı olmadımı? İlham Əliyev açıq şəkildə Sarkisyanın soyqırımı törətdiyini söylədi. Bunu heç Ukrayna prezidenti Pyotr Poroşenko belə BMT tribunasından Putinə deməyib. Amma İlham Əliyev dedi, Sarkisyan isə susdu. Əfsuslar olsun ki, bizim hakimiyyətimiz cavab verməyi belə bacarmır”.

Q.Qriqoryan Azərbaycan müdafiə naziri Zakir Həsənovun fikirlərinin də Ermənistana son xəbərdarlıq olduğunu iddia edib. Qeyd edək ki, Z.Həsənov Prezident İlham Əliyevin BMT-dəki çıxışını şərh edərkən, “Ali Baş Komandanın Dağlıq Qarabağ münaqişəsi ilə söylədiyi fikirlər Ordu üçün əmrdir” deyə bildirib.

Q.Qriqoryan Bakının artıq heç nədən çəkinmədiyini və ərazilərin azad olunması üçün müharibə variantını açıq şəkildə dilə gətirdiyini deyib. Onun fikrincə, bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir.

Bəli, doğrudan da ermənilərin bu narahatlığına əsas var. Çünki Prezident İlham Əliyevin BMT tribunasında olduqca məzmunlu və cəsarətli çıxışı, səsləndirdiyi fikirlər, nümayiş etdirdiyi qətiyyətli mövqe, işğalçı Ermənistana və onun havadarlarına ünvanladığı mesajlar bu narahatlığı daha da artırıb. Dövlətimizin başçısı bu müstəvidə Cənubi Qafqaz regionunda mövcud olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində bölgədə yaranmış vəziyyəti müfəssəl şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıb, düşmən ölkənin təcavüzkarlığı nəticəsində dinc azərbaycanlıların qətlə yetirildiyini, yerdə qalanlarının isə özününküləşdirildiyini, 1 milyondan artıq soydaşımızın öz yurd-yuvalarından didərgin salındığını bildirib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993