Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, son iki yüz ildə ermənilər tərəfindən mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının bir qismi ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı işğaldan azad edildi. O vaxt Füzuli rayonunun bir çox yaşayış məntəqələri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alındı. Ötən ilin aprel döyüşləri nəticəsində qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini azad etməsi isə əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı.

Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə xarici KİV-lərin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil edildi və erməni vəhşiliyi ilə bağlı dolğun məlumatlar qısa müddətdə bütün dünyaya yayıldı. Bütün dünya cəmi dörd ay ərzində işğal altında qalmış bir kənddə ermənilərin törətdikləri vandalizmdən xəbər tutdu. Bununla da ermənilərin son 200 ildə uydurduqları yalan və böhtanlar ifşa edildi. “Cocuq Mərcanlıya bu səfərlərin təşkili, ermənilərin bu kənddə törətdikləri vəhşiliklər barədə məlumatların dünyaya yayılması, onların uydurduqları yalanların ifşası dövlətimizin başçısının uzaqgörənliyi sayəsində mümkün oldu. Qısa müddətdə Cocuq Mərcanlı kəndi bütün dünyaya səs saldı. Bütün bunlar Böyük Qayıdışın başlanğıcıdır”, - deyə Əli Həsənov vurğulayıb.

Prezident İlham Əliyevin iyunun 14-də Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak etdiyini deyən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı Cocuq Mərcanlıya səfəri zamanı burada 23 ildir yaşayan yeganə ailənin - Oqtay Həziyevin ailəsinin qonağı oldu. Uzun illər düşmən mərmisinin atəşləri altında yaşayan bu insanların şücaətini doğma torpağa və Vətənə bağlılıq nümunəsi kimi dəyərləndirdi.

Bu səfərdən bir gün sonra, iyunun 15-də Prezident “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Hazırda orada 100 fərdi yaşayış evinin tikinti işləri aparılır. “Cocuq Mərcanlıya köçmək üçün bizə 300-ə yaxın ailə müraciət edib. Artıq 50 ailə bu kəndə köçürülüb. Başqa rayonların, o cümlədən köçkün olmayan rayonların əhalisi də Cocuq Mərcanlıya köçmək üçün bizə müraciət edirlər. Budur Vətənə, torpağa, dövlətə sadiq, bağlı Azərbaycan vətəndaşları. Bütün sahələrdə olduğu kimi, vətəninə, torpağına bağlılıqda da Azərbaycan vətəndaşları bütün dünyaya nümunədirlər”, - deyə Əli Həsənov qeyd edib.

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Respublikası Prezidentinin çıxışına toxunan Əli Həsənov bu çıxışın respublika ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılandığını vurğulayaraq bildirib ki, Azərbaycan lideri Ermənistanın terrorçu rəhbərliyinin işğalçı əməllərini, Azərbaycan xalqına qarşı soyqırımı, etnik təmizləmə siyasətini davam etdirdiyi barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırdı. Eyni zamanda, bəyan etdi ki, Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edən, dinc, silahsız sakinlərə qarşı soyqırımı törədən Ermənistanın hazırkı rejimi bu gün də dinc azərbaycanlıları, hətta günahsız qadın və uşaqları belə qətlə yetirməkdən çəkinmir. Amma Ermənistan sülhə gəlmək istəməsə, 2016-cı ilin Aprel döyüşlərindən daha ağır bir vəziyyətlə üzləşməli olacaq: “BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın terrorçu rəhbəri Serj Sarkisyanın çıxışları ilə çox diqqətlə tanış oldum. Deməliyəm ki, Sarkisyan BMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri qarşısında həyasızlığını, abırsızlığını nümayiş etdirdi. Həyasızlığın dərəcəsinə baxın. Qonşu ölkənin torpağının 20 faizini 25 il işğal altında saxlayasan, bu ölkənin 1 milyon insanını qaçqın-köçkünə çevirəsən və dünyanın ən ali təşkilatının tribunasından bu cür yalan və böhtan danışasan.

Azərbaycan Prezidenti isə sessiyada çox səlis, dəqiq, sərbəst, sakit, bütün etik normalara, öz mədəniyyəti və dünyagörüşünə uyğun şəkildə ermənilərin azərbaycanlılara qarşı etdikləri bütün cinayətkar hərəkətləri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin və cənab Prezidentin öz xalqı üçün gördüyü bütün işləri bir-bir sadaladı. Azərbaycan Prezidentinin çıxışı Ermənistanın nümayəndələrinə də bərk təsir etmişdi. Hətta ekrandan müşahidə etdim ki, onlardan biri Azərbaycan Prezidentinin çıxışından sonra turşumuş sifətinə taxdığı eynəyi qəzəblə çıxararaq masanın üstünə atdı və Sarkisyana baxaraq sanki demək istəyirdi ki, bax, çıxış belə olar, sən isə Ermənistanı bütün dünyada biabır etdin. Çünki onun prezidenti yalan-böhtan danışdı, öz ölkəsində gördüyü bir işi vurğulaya bilmədi.

Amma Azərbaycan Prezidenti ona ayrılmış vaxtın yarısını Ermənistanın cinayətkar rejiminin törətdiklərinə, yarısını ölkədə görülən böyük işlərə həsr etdi. Cənab Prezident BMT-nin tribunasından ölkədə görülən bütün işlər haqqında danışdı. Prezident İlham Əliyev öz çıxışı ilə son 200 ildə bütün dünya ermənilərinin azərbaycanlılara, türklərə qarşı törətdikləri cinayətkar hərəkətləri, yalan və böhtanları ifşa etdi və növbəti diplomatik qələbəsini qazandı. Eyni zamanda, bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan sülhsevər ölkədir, Azərbaycanın Prezidenti və xalqı sülh istəyir, Qarabağ probleminin tezliklə həllini istəyir. Lakin cinayətkar Ermənistan rejimi sülh istəyindən uzaqdır. Çünki azərbaycanlıların qanı üzərində hakimiyyətə gəliblər, ona görə problemin həllini istəmirlər.

Azərbaycan Prezidenti çıxışında çox ciddi bir mesaj verdi: əgər Ermənistanın cinayətkar, faşist rejimi bir daha təxribatlara əl atsa, Azərbaycan Prezidentinin əmri ilə Milli Ordumuz onlara Aprel döyüşlərindən daha ağır dərs verəcək. İndi erməni xalqı düşünsün, bir qərara gəlsin: bu rejimin arxasınca getməsin. Bu rejim problemlərin həllinə getməyəcək. Ona görə də özlərinə normal bir lider tapsınlar ki, heç olmasa öz xalqına hörmət eləsin. Erməni xalqını aclıqdan çıxarsın, insanların xarici ölkələrə köçünü dayandırsın. Eyni zamanda, Azərbaycan xalqı ilə mehriban qonşuluq şəraitində yaşamaq istəsin. Bu halda problemin həlli mümkün olacaq. Əks halda, Azərbaycan Prezidentinin dediyi kimi, cəza çox ağır olacaq”.

Komitə sədri İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun Nyu-Yorkda keçirilən iclasına da toxunaraq deyib: “İclasda qərar qəbul olunub ki, təşkilata üzv ölkələr Ermənistanla əlaqələrini məhdudlaşdırsınlar. Hesab edirəm ki, bu azdır. İslam Əməkdaşlıq Təşkilatı özü qərar qəbul etməlidir ki, üzv ölkələr Ermənistanla əməkdaşlığı dayandırsın. Çünki hələ də bəzi islam ölkələri Ermənistanla əlaqə saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz ümumiyyətlə, BMT-nin Ermənistana qarşı sanksiya tətbiq etməsini istəyirik”.

Sonra “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı barədə məlumat verib.

Bu nəşrin nadir kitab olduğunu bildirən Bəxtiyar Sadıqov qeyd edib ki, indiyədək Qarabağ, müharibə mövzusunda bir çox dəyərli kitablar yazılıb. Təqdimatı keçirilən bu kitab isə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki keyfiyyət dəyişikliyindən bəhs edir. Bu kitabın təkcə Azərbaycan oxucuları üçün nəzərdə tutulmadığını dəyən baş redaktor nəşrin qısa müddət ərzində rus və ingilis dillərinə tərcümə olunduğunu bildirərək deyib: “Kitab gələcəkdə digər dillərə də tərcümə olunacaq. Kitabda tarixi baxımdan zəruri olan sənədlərə, aprel zəfərinin səbəb və nəticələrinə, Prezident İlham Əliyevin aprel döyüşləri barədə fikirlərinə geniş yer ayrılıb. İşğal nəticəsində həm Cocuq Mərcanlı kəndinə, həm Cəbrayıl rayonuna vurulan ziyan fakt və sənədlərlə göstərilib. Kitaba həm aprel zəfəri, həm də Böyük Qayıdışın başlanğıcı ilə bağlı Milli Məclisin deputatlarının, siyasətçilərin, politoloqların, müxtəlif sahələrdə çalışan insanların fikirləri də daxil edilib”.

Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamından sonra kənddə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, sakinlərin bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Cocuq Mərcanlı haqqında film və kitabın ərsəyə gəlməsinə görə dövlətimizin başçısına təşəkkürünü bildirən O.Həziyev deyib: “Mən də köçkünlük həyatını, müharibənin ağrı-acısını yaşamışam. Həmin vaxt ailəmiz beş ay məcburi köçkün həyatı sürməyə vadar olmuşdu, çünki ermənilər bizim kəndi də işğal etmişdi. Ulu Öndərimizin komandanlığı altında Horadiz əməliyyatında bir çox yaşayış məntəqəsi, o cümlədən Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Birmənalı qərar verdim ki, öz ailəmlə birlikdə doğma torpağımda yaşayacam. Həmin vaxtlar burada vəziyyət çox ağır idi. Ermənilər hər şeyi məhv edib dağıtmışdı. Əkinçiliklə, təsərrüfatla məşğul olub, hər şeyi yenidən qurdum. Aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi azad edildi. Bu strateji yüksəkliyin əvvəllər ermənilərin əlində olması bizim təhlükəsiz yaşamağımıza ciddi maneə törədirdi. Prezidentimizin Sərəncamından sonra Cocuq Mərcanlıda 50 yaşayış evi, məktəb və gözəl Şuşa məscidinin bənzəri olan məscid inşa edildi. Prezident kəndin açılışına özü gəldi. Bizimlə görüşərək çox səmimi söhbət etdi. Mənə Azərbaycan Respublikasının birinci dərəcəli “Əmək” ordenini şəxsən təqdim etdi. Bütün bu diqqətə və qayğıya görə bir daha dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993