Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi də yekunlaşmaq üzrədir

Bu gün gözlərimiz önündə qurulub abadlaşan, xarabalıq üzərində yenidən qurulan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixdə imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” növbəti sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin ikinci mərhələsi uğurla davam etdirilir.

İnşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 evin, 50 yerlik uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Artıq bütün evlərdə hörgü, daxili və xarici suvaq işləri başa çatıb, dam örtükləri vurulub. İnşa olunacaq iki ədəd 200 kubmetrlik su anbarından biri hazırdır, həmçinin bir subartezian quyusu qazılıb.

Evlərin inşasında son tamamlama işləri aparılır. Uşaq bağçasında döşəmə, inzibati bina və poçt binasında dam örtüyü vurulur. Klub-icma mərkəzində daxili suvaq, malyar işləri görülür. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi, daha bir 200 kubmetrlik su anbarının tikintisi və əlavə bir subartezian quyusunun qazılması davam etdirilir.

Yaxın günlərdə qəsəbədaxili küçələrdə asfalt işlərinə başlanılacaq. Qəsəbədə, həmçinin 1,75 hektarda yaşıllıq salınacaq. Tikinti işlərinin oktyabr ayının birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, fərdi evlərin, inzibati binanın, uşaq bağçasının tikintisində hazırda Cocuq Mərcanlı kəndində yaşayan sakinlər də yaxından iştirak edir, buna görə məvacib alırlar. Beləliklə də həm kənardan əlavə işçi qüvvəsinin gətirilməsinə ehtiyac duyulmur, həm də cocuq mərcanlılar öz kəndlərini, öz evlərini özləri inşa etmiş olurlar. 

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993