BMT tribunasından Ermənistana sərt xəbərdarlıq

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi aprel dərsini yaddan çıxarmamalıdır, əks təqdirdə Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq

“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında deyib. Ermənistanın 25 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxladığını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib: “Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

 

“Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir”

Aparıcı beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul etdiklərini, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladan Prezident vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər: “Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”

Prezident deyib ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.

 

“Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır”

Ötən ilin aprelində Ermənistanın şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdiyini deyən dövlət başçısı bildirib ki, bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı: “Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulda Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

Bu ilin avqustunda Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.

“Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir”

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının fəal üzvü olduğunu deyən Prezident onu da diqqətə çatdırıb ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi: “Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir”.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən dövlət başçısı bildirib ki, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir.

Prezident İlham Əliyev sessiyada Azərbaycanın bölgədəki nüfuzundan, sabit ölkə olmasından da danışaraq bildirib ki, bu bəzi antiazərbaycan qüvvələri ciddi şəkildə narahat edir. Ancaq buna rəğmən biz bu gün də beynəlxalq sülhə və əmin-amanlığa bir dövlət kimi hər cürə dəstək göstərməyə hazırıq.

Təbii ki, bu qürurverici hadisədir ki, Prezident İlham Əliyev sessiyadakı möhtəşəm çıxışı ilə Ermənistan və onu himayə edən qüvvələri çox ciddi faktlar qarşısında susdurmaqla, inkişaf edən, demokratikləşən Azərbaycanı dünyaya bir daha yaxından tanıtdı.

 

Prezident işğalçı ölkənin rəhbərini faktlarla ifşa etdi

Ən başlıcası isə BMT Baş Assambleyasının 72-ci sessiyası və burada edilən çıxışlar, səslənən fikirlər Ermənistan üçün növbəti ciddi diplomatik zərbə oldu. Sessiya əsasən Dağlıq Qarabağla bağlı məsələ və bu xüsusda qeyd edilənlər Ermənistanın işğalçı siyasətinin mahiyyətinin ifşa olunması baxımından böyük əhəmiyyət kəsb etdi. Burada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev konkret fakt və sübutlarla Ermənistanın təcavüzkar siyasətinin mahiyətini bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırdı, Ermənistan dövlət başçısı Serj Sarkisyanın Azərbaycan, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri arqumentlərlə alt-üst etdi.

Qeyd edək ki, Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistanın deyil, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi çıxış etdi. Burada yenə erməni xislətinə uyğun olaraq münaqişənin mahiyyətini təhrif etməyə çalışdı. Əslində Sarkisyan nüfuzlu təşkilatda, dünya ölkələrinin liderləri qarşısında belə çıxışı ilə özünü gülünc vəziyyətə saldı. Hazırda dünyada gedən mürəkkəb proseslərin, qarşıdurmaların müzakirə edildiyi, həll yollarının axtarıldığı beynəlxalq tədbirdə daha sanballı çıxış etmək əvəzinə, Serj ənənəvi olaraq tarixi faktları təhrif etməklə, ucuz, böhtan, şər xarakterli, ənənəvi erməni üslubunda bəyanatlar səsləndirdi. Halbuki dünya ictimaiyyəti, elə BMT sessiyasına qatılan dövlət və hökumət başçıları Sarksiyanın yalan danışdığını yaxşı bilir və çoxları da onun çıxışına rişxənd edirdilər.

Amma Ermənistan prezidentindən fərqli olaraq Azərbaycanın dövlət başçısı həqiqətləri söyləyərək bu yüksək tribunadan reallıqları yenidən dünyanın diqqət mərkəzinə olduğu kimi çatdırdı, Ermənistanın işğal siyasətini davam etdirməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını, mülki əhalini belə atəşə  məruz qoyduğunu bildirdi, bununla da işğalçı dövlətin başçısının yalanlarını ifşa etdi. Prezident bu çıxışı ilə, Qarabağ problemini ortaya qoymaqla Azərbaycanı bu işğalla razılaşmağa öyrətmək istəyənlərə meydan oxuyaraq onların gözünün içinə dik baxdı və bir daha dünyaya mesaj verdi ki, problemi Azərbaycanın özü həll edəcək, bunun üçün kifayət qədər resursları var və müvafiq addımlar atılır. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, həmçinin ötən ilin aprel hadisələri Azərbaycanın heç bir zaman ərazi bütövlüyünün pozulmasına razı olmayacağını göstərir. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993