Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün bütün lazımi tədbirləri görür

Birinci vitse-prezident Mehriban xanım Əliyeva:  Bu siyasət bundan sonra da davam etdiriləcəkdir

“Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq”.

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə cari ilin mart ayının 9-da Bakı və Sumqayıt şəhərlərindəki yararsız və qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

Həmin müşavirədə Mehriban xanım Əliyeva diqqətə çatdırılan mövcud problemlərin, qeyd olunan digər məsələlərin qısa zamanda həll edilməsi, yararsız və qəzalı binalarada daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın oradan köçürülməsi kimi məsələlərin qısa zamanda həll edilməsi üçün təcili tədbirlər ələ almağın və birgə çalışmağın vacibliyini vurğulayaraq bildirmişdi ki, bu gün bizim qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan yataqxanalarda məskunlaşan dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Bunun üçün yeni mənzillərin, yeni binaların tikilməsinin vacibliyini önə çəkən Mehriban xanım Əliyeva onu da vurğulamışdır ki, eyni zamanda  Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var, bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır.

Bu baxımdan problemin həlli ilə bağlı məsələlərin geniş müzakirə olunduğu  müşavirədə qarşıya qoyulan bu vəzifələrə və verilmiş tapşırıqlara uyğun olaraq daha ağır və qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi məqsədilə bu gün işlər uğurla davam etdirilir. Həmin müşavirənin və Mehriban xanım Əliyevanın rəhbərliyi altında hazırlanan tədbirlərin nəticəsi kimi ən böyük layihə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində, Lökbatan-Qobu yolunun 3 km şərq hissəsində 1026 mənzillik doqquzmərtəbəli 11 yaşayış kompleksinin tikintisidir. Burada ən yaddaqalan məqam isə yaşayış kompleksinin inşasına başlamaq üçün ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mayın 31-də ərazidə keçirilən təməlqoyma mərasimində şəxsən iştirakı və dərin məzmunlu çıxışında bu istiqamətdə gələcək fəaliyyətinin perspektivlərini açıqlaması oldu.

Göründüyü kimi, öz fəaliyyətində sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşdığını daim vurğulayan Mehriban xanım Əliyeva bu istiqamətdəki fəaliyyətini konkret addımları ilə təsdiqləyir. Elə Birinci vitse-prezidentin iştirakı ilə Qaradağ rayonu ərazisindəki təməlqoyma mərasimindən heç bir ay keçməmiş - iyun ayının 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində onlara yeni mənzillərin verilməsi mərasimində də bilavasitə iştirakı, yararsız, qəzalı binalarda yaşayan məcburi köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıqlar, o cümlədən həmin ərazidə təzə mənzillərlə təmin olunmuş soydaşlarımızın mənzil şəraiti ilə tanışlığı, apardığı səmimi söhbətlər də məhz bu diqqət və qayğının, humanist siyasətin təzahürüdür.

Belə ki, Mehriban xanım Əliyeva müşavirədə olduğu kimi, istər təməlqoyma mərasimində, istərsə də Masazır qəsəbəsində məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərasimindəki çıxışları zamanı əsas diqqəti ölkə əhalisinin bu təbəqəsinin sosial-mənzil-məişət problemlərinin həllinə yönəldərək həmçinin onu da vurğuladı ki, ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilir.

Bunlar isə özlüyündə bir daha sübut edir ki, Birinci vitse-prezident kimi fəaliyyətə başlayan Mehriban xanım Əliyeva həqiqətən də ilk günlərdən məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır və artıq bu istiqamətdə geniş miqyaslı işlərə başlayıb. Deyilənlərin nəticəsi kimi verilmiş tapşırığa uyğun olaraq hazırda Sumqayıt şəhərində 936 məcburi köçkün ailəsi üçün binaların tikintisi də davam etdirilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hündürmərtəbəli binalardan ibarət bu yaşayış kompleksi Sumqayıt şəhərində məcburi köçkünlər üçün salınan ilk yaşayış kompleksidir və Sumqayıtda bu işlərə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın yuxarıda qeyd olunan müşavirədəki tapşırıqlarından sonra start verilib.

Eyni zamanda həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır. Heydər Əliyev Fondunun müraciətinə əsasən daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin köçürülməsi üçün özəl şirkətlər tərəfindən ayrılan mənzillər də problemin həlli istiqamətində müstəsna rol oynayır. Bu baxımdan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Masazır və Mehdiabad qəsəbələrində özəl şirkətlər tərəfindən 214 mənzilin ayrılmasını, "Energetika" pansionatında məskunlaşan 150-dən çox məcburi köçkün ailəsinin həmin mənzillərə köçürülməsini Azərbaycan xalqının xeyriyyəçilik ənənələrinin davamı kimi yüksək dəyərləndirən Mehriban xanım Əliyeva cəmiyyətimiz üçün vacib olan bu ağır problemin həllinə töhfə verənlərin humanizmindən məmnunluğunu ifadə edib. Ayrılan digər mənzillərə də köçürülməyə yaxın vaxtlarda başlanacaqdır.

Həmçinin Bakı şəhərindəki qəzalı obyektlərdə məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi üçün isə Dövlətqaçqınkom tərəfindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində 1 ədəd beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün tikilən yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində biri 50, ikisi isə 80 mənzilli olmaqla 3 ədəd beşmərtəbəli yaşayış binalarının tikintisi başa çatdırılaraq istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.  Burada paralel olaraq küçələrin işıqlandırılması üçün elektirik dirəkləri və lampaları quraşdırılıb, binaların daxili və xarici kommunikasiyalarının, su, kanalizasiya, istilik sistemlərinin quraşdırılması tam başa çatdırılıb. Ərazidə yaşıllaşdırma işləri aparılıb. 

Sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən inşa olunan binalarda işlərin keyfiyyəti də diqqət mərkəzində saxlanılıb. Həmin binaların kommunikasiya xətləri əvvəlcə salınmış qəsəbələrin kommunikasiya xətlərinə qoşulubdur. Yaxın günlərdə istifadəyə tam hazır olan həmin binalara təyinatı üzrə nəzərdə tutulan məcburi köçkünlərin köçürülməsinə start veriləcək.

Bu gün hər kəsə bəllidir ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət mərkəzində duran prioritet istiqamətlərdən biridir. Cari ilin ən böyük layihələrindən biri kimi hazırda Tərtər rayonu ərazisindəki məskunlaşma obyektlərində məskunlaşan məcburi köçkünlər üçün salınan və inşası sürətlə davam etdirilən yaşayış kompleksi də bunları deməyə əsas verir. Belə ki, burada hazırda 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası və digər zəruri obyektlər inşa edilir.

Eyni zamanda Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə daha 100 məcburi köçkün ailəsinin buraya köçürülməsi məqsədilə aparılan bərpa-quruculuq işləri son mərhələsinə yaxınlaşmaqdadır.

Bəli, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da vurğuladığı kimi Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz diqqət və qayğısını göstərir: “Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki, işğaldan azad olunmuş kəndlərimiz, şəhərlərimiz bərpa edilsin, yeni qəsəbələr salınsın və insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq.”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993