İslama qarşı erməni düşmənçiliyi Astanada dünyanın diqqət mərkəzinə gətirildi

Sammitdə Prezident İlham Əliyev İslam dünyasına mühüm mesajlar verdi

“Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin dövlət və hökumət başçılarının, elm və texnologiya məsələləri üzrə məsul nazirlərin, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyətinin iştirakı ilə Astanada keçirilən İƏT-in elm və texnologiya üzrə birinci sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib. Ümumiyyətlə, Prezident İlham Əliyevin sammitdə verdiyi mesajlar təşkilat çərçivəsində ilk növbədə həmrəyliyə nail olmaq üçün maneə yaradan amillərin aradan qaldırılmasına, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün, müsəlman ölkələrində apardığı məkrli siyasətin beynəlxalq aləmə olduğu kimi çatdırılmasına yönələn ciddi mesajlardır.

Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar

Prezident İlham Əliyev çıxışında təşkilatın elm və texnologiya üzrə birinci sammitinin keçirilməsini yüksək qiymətləndirib: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib. Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib”.

Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təmas Qrupunun yaradıldığını xatırladan ölkə başçısı qeyd edib ki, Azərbaycan bu qərarı çox yüksək qiymətləndirir: “Bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib”.

Erməni vəhşiliyi bu gün də davam edir

1992-ci ildə Ermənistanın Xocalı soyqırımını həyata keçirdiyini bildirən Prezident qeyd edib ki, bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib: “Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”.

Keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusunun torpağımızın bir hissəsini erməni işğalçılarından azad etdiyini deyən Prezident söyləyib ki,  orada yeni qəsəbə salınıb: “150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz”.

 

Azərbaycan sürətlə inkişaf edir

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir: “Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib”.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu deyən Prezident qeyd edib ki, eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib: “Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak edib. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılıb”.

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu diqqətə çatdıran İlham Əliyev bildirib ki, son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artıb: “Bir milyon 600 min iş yeri yaradılıb. Yoxsulluq beş faiz səviyyəsinə düşüb. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”. Çıxışının sonunda ölkə başçısı vurğulayıb ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Ümumiyyətlə götürdükdə dövlət başçısının bu sammitdə iştirakı, keçirdiyi ikitərəfli görüşlər və dərin məzmunlu çıxışı Azərbaycan diplomatiya tarixinin səhifələrindən biri olmaqla böyük əhəmiyyət daşıyır: Dövlət rəhbərinin nitqində müsəlman dünyasında yaranmış şəraiti, İslam əleyhinə olan hərəkətlərin artmasını, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü, müsəlman ölkələrində apardığı məkrli işləri diqqətə çatdırması, gənclərin elm və təhsilə cəlb edilmələrinin vacibliyini vurğulaması xüsusilə diqqəti cəlb edib. Bunlar özlüyündə eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyəti üçün də faydalı olacaq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993