Füzulidən olan məcburi köçkünlər də dövlət qayğısından hərtərəfli bəhrələnirlər

Bu gün ön cəbhədə yerləşən düşmən təxribatlarına layiqincə sinə gərən Füzuli rayonunda ötüb keçən illər ərzində işğaldan, erməni təcavüzündən zərər çəkmiş ərazilərdə müharibə ağrılarına məlhəm qoyulur. Füzulililər inam, əzmkarlıq, qətiyyət nümayiş etdirərək dövlət qayğısına əməli işləri ilə cavab verirlər. Rayonun ərazisində aparılan hərtərəfli abadlıq-quruculuq işləri ilə yanaşı, məcburi köçkünlər üçün də onlarla yeni qəsəbələr salınıb, insanlara rahat şərait yaradılıb. Ötən ilin aprel ayında düşmənin təxribat diversiyasına layiqincə cavab verən milli ordumuzun hissələri uzun illərdən bəri işğal altında qalan Lələtəpəni azad edərək minlərlə hektar əraziyə nəzarəti ələ keçirib. Bu tarixi qələbə bütün xalqımız kimi, cəbhə xəttində yaşayan insanların da daha çox qüruruna, iftixarına, inamına və sevincinə səbəb olub.

Qeyd edək ki, əhalisi bu gün 109 min nəfərdən çox olan Füzuli rayonu 1993-cü ilin avqustunda işğala məruz qaldıqdan sonra 1994-cü ilin yanvar ayında ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi, 50 min hektara yaxın ərazisi işğaldan azad edilib. Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 65 min nəfərdən artıq əhali yaşayır. 55 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb.

Təbii ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün ölkənin müxtəlif bölgələrində, Bakıda və Bakı ətrafı ərazilərdə salınmış qəsəbə və yaşayış komplekslərində Füzulidən olan çoxsaylı soydaşlarımızın da mənzil-məişət şəraitləri yaxşılaşdırılıb. Bunlardan əlavə rayonun ərazisində məcburi köçkünlər üçün Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastrukturu ilə birlikdə 16 müasir qəsəbə salınıb ki, bütün bunlar da Azərbaycan dövlətinin bu təbəqədən olan bütün vətəndaşlarına hərtərəfli qayğı və diqqətinin parlaq təzahürüdür. İşğaldan sonra rayonda infrastrukturun fəaliyyəti bərpa olunmuş, 80 ümumtəhsil müəssisəsi və 2 texniki peşə məktəbi, 25 uşaq bağçası, 33 kitabxana, 6 klub, 3 muzey, 12 musiqi məktəbi, 8 xəstəxana, 18 həkim məntəqəsi, 2 texniki peşə məktəbi, 25 uşaq bağçası, 33 kitabxana, 6 klub, 5 musiqi məktəbi, 1 park, 8 xəstəxana, 18 həkim məntəqəsi, 13 feldşer-mama məntəqəsi, 2 muzey, 1 Muğam Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir.

İşğaldan azad olunmuş ərazilərdə 21 məktəb binası bərpa olunmuş, 15 məktəb binası tikilib. Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhali daim hiss edir. Belə ki, bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan ikimərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş məktəb binası tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Mehriban xanım Əliyeva füzulili körpələri də yaddan çıxarmayıb. 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 yerlik ikimərtəbəli uşaq bağçası-körpələr evləri tikilərək istifadəyə verilib. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Bunlar Heydər Əliyev Fondunun son 4 ildə cəhbə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirib, minlərlə füzulili məcburi köçkünü sevindirib.

İşğal dövrü dağıdılmış və yandırılmış 4 mindən çox ev bərpa olunaraq əhalinin istifadəsinə verilib. Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 5 küçə yenidən bərpa olunaraq istifadəyə verilib, şəhərdə geniş yaşıllıq zolaqları salınıb, həmişəyaşıl ağaclar əkilib, park və xiyabanlar yaradılıb. Ölkə başçısının sərəncamı ilə 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulub. Rayon ərazisində 60 km-ə yaxın yolların bərpası işləri başa çatdırılıb. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 km-dən artıq olan yolun tikintisi sürətlə davam etdirilir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Füzuli rayonuna hər səfəri, burada bir sıra obyektlərin açılışında iştirak etməsi, füzulilərlə səmimi və yaddaqalan görüş keçirməsi rayon əhalisinin qəlbində dərin iz buraxıb. Dövlət başçısı məcburi köçkünlərin yaşadıqları ərazilərə həmişə sevinc gətirib. Respublika Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi xəttə sadiq olan füzulililər həm iqtisadiyyatı möhkəmləndirir, həyat şəraitlərini yaxşılaşdırır, həm də fəal həyat mövqeyi tutmaqla ölkənin və rayonun ictimai-siyasi həyatında daha yaxından iştirak edirlər. Ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına baxmayaraq, bu gün Füzuli rayonu bütövlükdə regionun inkişaf mərkəzi kimi tanınır. Dövlət başçısının xüsusi diqqət və qayğısı, rayon rəhbərliyinin gərgin əməyi və Füzuli camaatının zəhmətsevərliyi bu işdə xüsusi rol oynayır.

Füzulidə böyük tikintilərin və quruculuq işlərinin həyata keçirilməsi üçün yeni layihələr hazırlanıb. Bu layihə əsasında rayonda geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. İlk növbədə Horadiz şəhərinin yenidən qurulması başa çatdırılıb. Belə ki, həmin layihəyə əsasən şəhərin kanalizasiya, içməli su, istilik sistemi, elektrik təsərrüfatı, küçələri, daxili yolları tam bərpa edilib. Bununla yanaşı, Horadizdə işğal dövründə yandırılmış iki uşaq bağçasının, səkkizillik məktəbin, kompüterləşdirilmiş mərkəzi kitabxananın tikintisi və bərpası başa çatdırılıb. 2 nömrəli orta məktəb əsaslı bərpa olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan yeni park gözəlliyi və müasirliyi ilə diqqəti daha çox cəlb edir və füzulilərin Ulu Öndərə sonsuz ehtiram və məhəbbətinin rəmzi kimi tanınır.

Füzulililər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini və qəti mövqeyini ürəkdən bəyənir və yekdilliklə müdafiə edirlər. Xalqın iradəsindən kənar heç bir qərar qəbul edilməyəcəyini dəfələrlə bəyan edən dövlət başçısı demişdir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır və Azərbaycan bu mövqedən bir addım da geri çəkilməyəcəkdir”.

Dövlət başçısının bu qətiyyətinə arxalanan, təbii mənzərəsi, gözəlliyi ilə seçilən, işğaldan azad edilmiş əraziləri gülüstana çevrilən Füzuli rayonunun sakinlərini də bir amal birləşdirir: Biz cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün torpaqlarımızı azad edəcəyik, bütün məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqlar. İnsanların inam və ümidlərinə bu cür yeni bir ruh gətirən aprel qələbəsi torpaqlarımızın nəyin bahasına olursa-olsun işğalçılardan azad ediləcəyinə açılan yolun başlanğıcıdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993