Cocuq Mərcanlı gündən-günə abadlaşaraq firavan həyatına qovuşur

Kəndin bərpasından sonra sakinlərin doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirib

Artıq Böyük Qayıdışın başlanğıcı kimi tarixə düşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun həyata keçirilən tədbirlər, bu tədbirlər nəticəsində kənd sakinlərinin uzun illərdən bəri həsrətində olduqları doğma torpaqlarına qaytarılması bütün məcburi köçkünlərimiz, eləcə də ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməklə, hər şeydən əvvəl, bir daha dövlətimizin başçısının işğaldan azad olunmuş bu əraziyə, o cümlədən cəbhə kəndlərinə olan həssas münasibətinin göstəricisi kimi dəyərləndirilir. Ən başlıcası isə Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biri kimi qalacaq.

Cocuq Mərcanlıda yeni, gözəl mərhələnin başlanğıcı davam edir

Məlum olduğu kimi, düz 24 il bundan əvvəl yağı düşmən tərəfindən işğal olunaraq xarabalığa çevrilən, cəmi bir neçə ay işğal altında qaldıqdan sonra ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunan, 2016-cı ilin aprel zəfəri zamanı Lələtəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi ilə əsaslı yenidənqurma işlərinə başlanılmasına, insanların təhlükəsiz yaşamasına şərait yarandığından dövlətimizin başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı olduqca mühüm tarixi əhəmiyyət kəsb edən sərəncam imzaladı və bundan sonra kəndin bərpasına start verildi. Belə ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısının cari ilin yanvar ayının 24-də imzaladığı sərəncama əsasən artıq ilkin mərhələdə burada tikilən 50 fərdi yaşayış evinə köçürülən kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində firavan həyata başlayıblar. Həyətyanı torpaq sahələrində əkinlə, təsərrüfatla məşğul olan kənd sakinləri eyni zamanda vaxtilə düşmən tərəfindən xarabalığa çevrilmiş, bu gün böyük həvəs və yurda məhəbbətlə qoynuna sığındıqları abad və yaraşıqlı qəsəbələrinin daha da gözəlləşməsi, abadlaşması üçün səylərini əsirgəmirlər. Onlar məşğulluqlarının təmin olunması, əmək vərdişlərinin bərpası, şəxsi təsərrüfatlarının genişləndirilməsi, gündəlik tələbatlarının özləri tərəfindən ödənilməsi üçün yaradılan və mövcud şəraitdən bacarıqla və məqsədəmüvafiq şəkildə istifadə edirlər, özləri üçün şəraitə uyğun təsərrüfat formalaşdırırlar.  

Bu baxımdan kənddə yaradılan hərtərəfli şərait, sentyabrın 15-də doğma ünvanda yeni qəsəbənin yeni nəslinin nümayəndələri olan məktəbliləri ağuşuna alacaq müvafiq avadanlıqlarla, internetlə təchiz olunmuş 96 şagird yerlik orta məktəb, Şuşa məscidinin bənzəri olan məscid, 100 kubmetr tutumu olan su anbarı, müasir standartlara cavab verən yeni yarımstansiya, yeni kompleks transformator məntəqəsi, subartezian quyularına xidmət edəcək transformator və digər infrastruktur layihələri, xüsusilə kəndə ümumi uzunluğu 9 km olan asfalt yolun çəkilməsi dövlət başçısının cocuq mərcanlılara xüsusi qayğısının göstəricisi kimi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Həmçinin kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb ki, bütün bunlar da bu gün işğaldan azad olunmuş ərazilərimizin bərpasında nümunəyə çevrilmiş Cocuq Mərcanlının timsalında gələcəkdə işğaldan azad ediləcək digər ərazilərimizdə də bu cür bərpa işlərinin aparılacağından xəbər verir. Eyni zamanda məhz bunlara görədir ki, Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı prosesi həmçinin xalqımızda dövlətinə və rəhbərinə olan inam hissini daha da gücləndirib.

 

İkinci mərhələdə aparılan quruculuq-bərpa işləri tezliklə başa çatdırılacaq

 

Cənab Prezidentin şəxsi nəzarəti altında qısa müddət ərzində kənddə ilkin mərhələdə aparılan bərpa-quruculuq işləri ilə tanışlıq məqsədilə iyun ayının 14-də Cocuq Mərcanlıda olan dövlətimizin başçısı burada görülən işləri yüksək qiymətləndirərək deyib ki, bu gün biz Cocuq Mərcanlıda yeni, gözəl mərhələnin başlanğıcını qeyd edirik. Bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Bu qayıdışın, kəndin bərpasının tarixi bir hadisə olduğunu, kəndə qayıtmaq istəyində olan əhalinin müraciətlərinin çoxluğunu nəzərə alan dövlətimizin başçısı bundan bir gün sonra - iyun ayının 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir sərəncam imzaladı.

Hazırda vaxtilə düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlıya ikinci nəfəs verilib, kənd gözlərimiz önündə abad və yaraşıqlı bir qəsəbəyə çevrilib, yeni mənzillər yeni sakinlərini qoynuna alıb, eyni zamanda indi növbəti sərəncama uyğun olaraq ikinci mərhələdə nəzərdə tutulan quruculuq işlərinin davam etdirildiyi ərazi böyük bir tikinti meydançasını xatırladır. Buraya kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub. Artıq 17 hektar ərazidə inşa edilən əlavə 100 evin, 50 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, poçt binasının, tibb məntəqəsinin, digər zəruri sosial-texniki infrastruktur obyektlərinin tikintisi böyük sürətlə və keyfiyyətlə inşa edilməkdədir. İşlərin gedişinə gündəlik nəzarətin nəticəsidir ki, sifarişçi təşkilat kimi təyin olunmuş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən inşa edilən qəsəbədə qısa vaxt ərzində bünövrə və hörgü işləri demək olar ki, başa çatdırılıb, evlərin çoxunun dam örtüyü vurulub. Hazırda daxili və xarici suvaq işləri aparılır. Yeni qəsəbədə də hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılması, qəsəbədə 1,75 hektarda yaşıllıq salınması, qəsəbədaxili yollar, səkilər, arxlar çəkilməsi nəzərdə tutulur ki, bunlar da inşaat işləri ilə paralel qaydada aparılır.

Kəndin bərpasında böyük həvəslə və yüksək əhval-ruhiyyə ilə çalışan inşaatçıların gərgin və yorulmaz fəaliyyətləri nəticəsində burada işlərin nəzərdə tutulan vaxtda yekunlaşdırılması, işlərin gedişində fasilələrə yol verilməməsi üçün inşaatçılar kifayət qədər tikinti materialları ilə təchiz olunmuşlar. Məhz bunların nəticəsidir ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq Cocuq Mərcanlı kəndinin bərpasının birinci mərhələsində olduğu kimi, ikinci mərhələsində də nəzərdə tutulan işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması, daha 100 ailənin doğma kəndlərinə köçürülməsi üçün hərtərəfli tədbirlər ələ alınmışdır. Bu məqsədlə dövlət tərəfindən lazımi vəsait də ayrılıbdır.

 

Cənab Prezidentin tapşırığına əsasən müvafiq qurumlar da kənddə bir sıra layihələr həyata keçiriblər

Burada mühüm önəm daşıyan məqamlardan biri də odur ki, Cocuq Mərcanlının ilkin mərhələdəki bərpasından sonra cənab Prezidentin tapşırığına əsasən əlaqədar nazirliklər və ölkənin digər müvafiq qurumları məsul olduqları sahələr üzrə bir sıra mühüm layihələr həyata keçirmiş və bu gün də keçirməkdədirlər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilkin mərhələdə kəndə qayıdan əhalinin məşğulluq və sosial sığorta məsələlərinin həlli, telekommunikasiya və rabitə xidmətləri ilə tam təmin olunmaları üçün vaxtında müvafiq tədbirlər həyata keçirmişlər. Bunun nəticəsidir ki, artıq kənddə telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatdırılıb, kənddə 64 nömrə tutumlu telefon stansiyası da tikilib və Füzuli rayonundan 10 km uzunluğunda optik xətt çəkilib. Bununla da kənddə tikilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin olunub. Səyyar “ASAN” xidmətin əməkdaşları əraziyə gələrək indiyədək doğma ocağını tərk etmədən burada yaşayan Həziyevlər ailəsi və kəndin tikintisinə cəlb olunmuş şəxslərlə görüşüb, müraciətlərini dinləyərək onlara yerində şəxsiyyət vəsiqələri təqdim ediblər. Azərbaycanın ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti kəndin yüksək sürətli mobil internetlə təmin olunması üçün burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri başa çatdırıb. Ərazidə şəbəkənin keyfiyyətini daim nəzarətdə saxlayan şirkət eyni zamanda 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli “Bakcell” nömrəsi təqdim edib ki, bu nömrələrin sahibləri də bir il ərzində öz aralarında pulsuz, digər “Bakcell” nömrələri ilə də 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar. Daxili İşlər Nazirliyi polis idarəsi üçün bina tikib. Kəndin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə ərazidə “Azərişıq” tərəfindən müasir standartlara cavab verən 35 10 kVt-luq yeni yarımstansiya inşa olunub. Həmçinin mənzillərin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün yeni kompleks transformator məntəqəsi, 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVt gücündə yeni transformator quraşdırılıb.

 

Ərazidə yerləşən daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işləri də həyata keçirilməkdədir

Bütün bunlarla yanaşı, ən vacib məqamlardan biri də odur ki, digər dövlət qurumları kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) də öz fəaliyyəti çərçivəsində tədbirlərini davam etdirib. Belə ki, bu proseslər çərçivəsində ƏMDK tərəfindən kənd əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işi həyata keçirilməkdədir. İlkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 1993-cü il 23 avqust tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyənedici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda, dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə arxiv arayışı alınıb.

Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.

 

Kəndə köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlər də təqdirəlayiqdir

Eyni zamanda kənd sakinlərinin məşğulluqlarının təmin olunması istiqamətində də görülən işlər təqdirəlayiq olmaqla yanaşı, mühüm önəm daşıyan amillərdəndir. Bu baxımdan cənab Prezidentin burada yaşayan əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələrini, bu rayonun ərazisinin tarixi xalçaçılıq  mərkəzlərindən biri olduğunu nəzərə alan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Füzuli filialında Cocuq Mərcanlıdan olan 20-25 nəfər xalçaçının daimi iş yeri ilə təmin olunması qərara alınıb.

Qürurverici haldır ki, bu gün cənab Prezidentin məlum sərəncamlarını alqışlamaqla dövlətimizə və hökumətimizə dəstək və həmrəylik nümayiş etdirərək qardaş Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda kənd əhalisinin məşğulluğunu təmin etmək baxımından müxtəlif layihələr həyata keçirmək məqsədilə təşəbbüsləri haqlı olaraq yüksək dəyərləndirilir. Belə ki, bu yaxınlarda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin nümayəndə heyəti Cocuq Mərcanlıda kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələr həyata keçirilməsi məqsədilə kənd sakinləri ilə görüşüb, Dövlətqaçqınkomda uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılması və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verilməsi, sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpası ilə bağlı ətraflı müzakirələr aparmışlar ki, bunlar da tezliklə özünün müsbət nəticəsini verəcəkdir. Heç şübhəsiz bu cür tədbirlər istər kənd sakinləri, istərsə də bütün məcburi köçkün soydaşlarımız tərəfindən rəğbətlə qarşılanır.

Yuxarıda da qeyd etdiyimiz kimi, dövlətimizin həmin kəndin bərpasına, əhalinin məşğulluğunun təmin olunmasına, sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına kifayət qədər vəsaiti var. Ancaq bu cür təşəbbüslər, iş adamlarının dəstəyi hər şeydən əvvəl, böyük simvolik məna daşımaqla əhali arasında da yüksək əhval-ruhiyyə hissi yaradır, onların Cocuq Mərcanlının timsalında tezliklə doğma kəndlərinin azad ediləcəyinə, o yerlərdə də məhz bu cür tədbirlərin həyata keçiriləcəyinə olan inam hisslərini daha da artırır. Çünki hələ qarşıda erməni işğalından azad ediləcək neçə-neçə kənd və şəhərlərimizin bərpası da durur və bu istiqamətdə atılan bu ilk addım o yerlərə Böyük Qayıdışın əsasını qoyan tarixi bir hadisədir. Ən başlıcası bu, torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yeritdiyi qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsidir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993