Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir

İlham Əliyev: “Biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək”

Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının üçüncü ilinin uğurla yekunlaşacağı şəksizdir. Bunu əldə olan altıaylıq göstəricilər, yürüdülən siyasət və inkişafın dinamizminin qorunması da təsdiq edir. Ən təqdirəlayiq odur ki, qeyri-neft sektorunun prioritet elan edilməsi, bu sahəyə kifayət qədər sərmayə ödənilməsi sayəsində sosial-iqtisadi sahədə çox böyük nailiyyətlər əldə edilməkdədir. Belə ki, bu gün Azərbaycan iqtisadiyyatı artıq neft sektorundan asılılığını azaldır. Real sektorda ümumi daxili məhsul istehsalı və qeyri-neft sektoru məhsullarının ixracı sürətlə artmaqdadır.

Dövlət cəmiyyətin hərtərəfli tərəqqisinə yönələn bu uğurlu siyasəti davam etdirməkdədir və əsas istiqamət inkişaf etmiş dövlətlərin səviyyəsinə çatmaqdır. Bu hədəfə inamla gedilir. Azərbaycanın analoqu olmayan nəhəng iqtisadi sıçrayışı danılmaz reallıqdır. Bu yüksəlişi aparıcı və inkişaf edən dünya dövlətlərinin siyasi, ictimai, dövlət xadimləri, həm də nüfuzlu beynəlxalq maliyyə və iqtisadi qurumlarının ekspert və mütəxəssisləri də təsdiq edirlər. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür.

Real iqtisadiyyatın bugünkü yüksək templə inkişafı, operativ  islahatlar və görülən tədbirlər nəticəsində ən qısa zamanda ölkədə qeyri-istehsalın artması və bunun da təbii ki, ixrac imkanlarının daha da genişlənməsinə gətirib çıxaracağı artıq birmənalıdır. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun beynəlxalq aləmdə getdikcə artması nəticəsində baş verir. Təsadüfi deyil ki, hazırda ölkəmiz regionun lider dövləti, qüdrətli və dünyanın ən inkişaf edən ölkəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqəti iqtisadiyyatın inkişafında rol oynayan mühüm amillərə yönəldib və baş verən tərəqqinin bazisinin müstəqilliyin olması barədə deyib: “Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.

Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə sabitlik və geniş əməkdaşlıq şəraiti bərqərar olsun, multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Lakin çox təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi ilə mümkün olmur, əksinə regionda hayların qonşu dövlətlərə də təhdidləri artır. Haylar terror və soyqırımı siyasətilə aborigen xalqı doğma ocaqlarından çıxararaq özlərinə monoetnik dövlət yaratmışlar. Bu reallıqda Azərbaycan regional sabitlik, sülh, inkişaf və multikultural mərkəzi səviyyəsindədir. Dünyada aparıcı mövqedə duran Avropada mənəvi, iqtisadi böhran bu gün artıq reallıqdır, bu mənfi proses daim genişlənir, geniş ərazilərdə gərginlik yaradır. Bu hal ciddi düşünməyə, ölkəni və əhalini risklərdən qoruya biləcək taktiki və strateji mövqe seçməyə vadar edir.

Dövlət başçısı məhz bu kataklizmlərə və düşünülmüş siyasətlə fəaliyyətə üstünlük veriləcəyinə işarət edərək deyib ki, Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir. İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi və konsepsiyası hazırlanmalıdır. Beləliklə, dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə reallaşan siyasət öz alternativsizliyini sübut etməkdədir. Təbii ki, dünyada hər bir dövlətin sosial-iqtisadi, siyasi səviyyəsi müxtəlifdir. İnkişaf etmiş ölkələr digərlərini həm öz siyasi nüfuz, həm də iqtisadi təsir dairələrinə daxil etmək üçün mübarizə edirlər.

Düşünülmüş müstəqil siyasət, bu zəmində xalqla iqtidar arasında yaranmış sarsılmaz birlik və Azərbaycanın bütün uğurlarının əsas şərti olduğunu təsdiq etməkdədir. Hazırda getdikcə daha da güclənən iqtisadiyyat qurulub və bu gün iqtisadi inkişaf baxımından heç bir ölkə Azərbaycan ilə müqayisə oluna bilmir. Bunu yəqin etmək üçün son on il ərzində olan iqtisadi inkişaf templərinə nəzər salmaq kifayətdir və belə sıçrayış heç bir başqa ölkədə heç vaxt olmamışdır. Bu gün Azərbaycan dinamik innovativ uğurlu iqtisadi inkişafını davam etdirir. Bu, isə öz növbəsində imkan verir ki, Azərbaycan müstəqil siyasət yürütsün.

Dövlət başçısı gərgin kataklizmlər şəraitində ölkəmizin uğurla inkişaf etdiyi, bu tərəqqinin və əmin-amanlığın xalq-iqtidar birliyinin nəticəsində olduğu barədə deyib: “Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir”.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur.

Hazırda Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri davamlıdır. Şəhərlərimiz gözəlləşir, abadlaşır. Azərbaycan xalqı dövlətin apardığı siyasəti dəstəkləməklə bərabər, bu dəstəyə sadiqliyini hər addımda nümayiş etdirir və beynəlxalq siyasi, iqtisadi, sosial sahələrdə bu siyasətə alternativ olmadığını da çox aydın görür. Doğrudan da islamafobiyanın, irqçiliyin, milli-dini toqquşmaların, müharibələrin genişləndiyi bir şəraitdə alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı 1990-cı illərin əvvəllərindəki yaranmış siyasi-iqtisadi, sosial uçuruma apara bilər. Buna görə də Azərbaycan xalqı dövlət siyasətini daim dəstəkləyərək, iqtidara böyük etimad göstərir. Reallaşan strateji kursun müsbət yekunları xalqımızda əminlik yaradıb ki, bundan sonra da bu yolla gediləcək, Azərbaycanın inkişafı təmin olunacaq, bizi müstəqil siyasi və iqtisadi kursdan heç bir kənar qüvvə çəkindirə bilməyəcək.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993