Baş nazirin müavini Əli Həsənov: “Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib”

Avqustun 16-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən Əli Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dost ölkələrdən biri olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.

Əli Həsənov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.

O, qeyd edib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında, o cümlədən digər nüfuzlu beynəlxalq təşkilatlarda İndoneziya həmişə ölkəmizin haqq işini dəstəkləyib.

Baş nazirin müavini ölkəmizin 25 il ərzində keçdiyi inkişaf yolundan danışıb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə irəliləyərək həmişə uğurlar əldə etdiyini, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini qeyd edib ki, bu problemin həll edilməsi ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları qərarlar qəbul edib. Ancaq bunların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır.

Görüşdə Əli Həsənov bildirib ki, bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görürük ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır. Məhz elə buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb. Əgər bu həmrəylik güclənməsə bu proseslər elə bu cür də davam edəcək. Səfir Hüsnan Bəy Fanani qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Səfir Hüsnan Bəy Fanani ölkəsinin dünyanın ən böyük müsəlman ölkəsi kimi Prezident İlham Əliyevin həmrəyliklə bağlı çağrışlarını dəstəklədiklərini diqqətə çatdırdı və qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyir.

Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya dövlətləri üçün nümunəvi bir ölkə olduğunu deyən Səfir paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Xəzər dənizinin mirvarisinə çevrildiyini deyib. O, ölkəsində baş verən təbii fəlakətlər zamanı göstərilən köməkliklərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Görüşdə diplomat regionlarda səfərdə olduğunu, səfər zamanı Mingəçevir şəhərində məcburi köçkünlərlə görüşdüyünü diqqətə çatdırdı və məcburi köçkünlərlə bağlı yaradılan şəraiti yüksək qiymətləndirdi.Səfir eyni zamanda sentyabr ayında Azərbaycanda İndoneziya mədəniyyət festivalının keçiriləcəyini və məcburi köçkünlərin də burada iştirak etmələrinin vacibliyini diqqətə çatdırıb.

Sonda Əli Həsənov İndoneziyanın nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə və ölkəmizin haqq işini həmişə dəstəklədiyi üçün İndoneziyaya təşəkkürünü bildirib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993