Prezident İlham Əliyev: “Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir”

Son illər aparılan siyasət və onun uğurlu nəticələri göstərir ki, bu istiqamətdə qarşıya qoyulan məqsədlərə nail olunur, daha geniş tədbirlərin reallaşdırılmasına hərtərəfli imkan yaradılır

Bu gün dünyada demokratik, hərtərəfli inkişaf etmiş dövlət kimi özünə layiqli yer tutan Azərbaycanda əhalinin sosial müdafiəsinin təmin edilməsi müstəqil dövlətimizin qarşısında duran strateji vəzifələrdən biridir. Elə buna görədir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.

Sosial məsələlərin həlli ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq olunmuş dövlət proqramlarına uyğun həyata keçirilən böyük layihələr ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının başlıca amillərindən biri kimi iqtisadi gücü daim artan ölkəmizin bu istiqamətdə fəal və məqsədyönlü siyasət kursuna malik olmasını, sosial cəhətdən həssas əhalinin etibarlı müdafiə sistemi ilə əhatə edilməsini bir daha təsdiqləyir.

 

Azərbaycanda bütün sosial proqramlar uğurla yerinə yetirilir

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı özlüyündə daha bariz şəkildə sübut edir ki, Azərbaycanda sosial siyasət dövlət siyasətinin prioritetidir. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu starteji yolla gedir: “Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.

Qeyd edək ki, son dövrlərdə dünyanın mənzərəsi müharibələrlə, müxtəlif zəmində baş qaldıran münaqişələrlə, digər bu kimi neqativ hallarla səciyyələnsə də, Azərbaycan sabitlik adası kimi fərqlənir və ölkədə möhkəm xalq-iqtidar həmrəyliyi hökm sürür. İqtisadi potensialın güclənməsi və sabitlik isə hər bir ölkənin, hər bir xalqın arzuladığı fundamental amillərdir. Digər istiqamətlərdə nail olunan inkişaf da bir-birini tamamlayan məhz bu iki amillə daha sıx bağlıdır.

Ölkənin iqtisadi gücünün davamlı olaraq artması və daxili sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması sosial sferanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsindən də bəlli olduğu kimi, məhz sabit cəmiyyətlərdə ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi naminə səmərəli şəkildə istifadə olunur. Bu baxımdan yaradılan Azərbaycan modeli dünya üçün nümunə sayıla bilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizi fərqləndirən cəhətlərə diqqət çəkərək vurğulayıb: “Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur”.

 

Ölkəmizdə həyata keçirilən geniş miqyaslı sosial siyasət bütün sahələri əhatə edir

Qeyd etmək yerinə düşər ki, davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda gedən iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli siyasət bilavasitə ölkənin sosial problemlərinin həlli, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində olub. Məhz bu məqsədlə dövlət başçısının rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı da daxil olmaqla bir neçə dövlət proqramı qəbul edilib. Bu çərçivədə regionların inkişafı, yeni kommunikasiyaların qurulması, iş yerlərinin açılması, mövcud regionun iqtisadi göstəriciləri nəzərə alınmaqla istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.

Belə ki, bu günün özündə də Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər uğurla öz həllini tapır. Məlumdur ki, hər bir ölkədə ən güclü sosial göstəricilərdən biri də işsizliyin səviyyəsi hesab edilir. Ötən illər ərzində Azərbaycanda, xüsusən də, özəl sektorda çoxsaylı iş yerlərinin yaradılması bu sahənin də perspektivindən xəbər verir. O da xüsusi vurğulanmalıdır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir.

Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə çoxsaylı fərman və sərəncamlar imzalayıb. Son illərdə bütün ölkə boyu intensiv şəkildə sosial infrastruktur layihələri reallaşdırılır ki, bu da Azərbaycanda həyata keçirilən sosial siyasətin miqyası barədə konkret təsəvvür yaradır. Paytaxt Bakıda və respublikanın bütün regionlarında müasir məktəb, xəstəxana binalarının, idman komplekslərinin inşası, əhalinin kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasəti qabarıq şəkildə təzahür etdirir.

Azərbaycanda sosial infrastruktur quruculuğundan söhbət açarkən bütün respublika miqyasında təhsil müəssisələrinin, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsini, ölkənin hər yerində məktəblərin, səhiyyə müəssisələrinin tikintisinin geniş vüsət almasını xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev ölkə miqyasında bu istiqamətdə sosial infrastruktur quruculuğundan məmnunluq ifadə edərək deyib: “Sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır. Ötən altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir”.

 

Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə daha böyük layihələrə start verilib

Qeyd edək ki, bu baxımdan ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər də dünyanın nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilməklə bu istiqamətdəki Azərbaycan modeli oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə əldə etdiyi uğurlara heç şübhəsiz, Prezident İlham Əliyevin sosial siyasət strategiyasının əsasında qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının, onların məşğulluqlarının təmin edilməsinin, təhsil, səhiyyə xidmətinin tələb olunan səviyyədə qurulmasının, yoxsulluqlarının azaldılmasının, sosial müdafiəsinin gücləndirilməsinin əsas yer tutaraq xüsusi önəm daşıması sayəsində nail olunmuşdur.

Bu gün də dövlətimizin başçısının rəhbərliyi altında məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davamlı xarakter daşıyır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan və digər mənbələrdən yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Düzdür, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan xeyli məcburi köçkünlərimiz var. Lakin bütün bunları nəzərə alaraq Azərbaycan dövləti onların da mənzil-məişət şəraitlərinin mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində yeni layihələrin icrasına başlayıb. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti seçildikdən sonra ilk müşavirəsini məhz bu məsələyə həsr edən Mehriban xanım Əliyeva da həmin müşavirədə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasını, bu məqsədlə yeni binalar tikilməsini, eyni zamanda Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmasını və bu işlərin sürətləndirilməsinin vacibliyini önə çəkərək xüsusi tapşırıqlar vermişdi.

Hazırda bunların nəticəsi olaraq qəzalı və yarasız binalarda məskunlaşan soydaşlarımızı yeni mənzillərə köçürmək məqsədilə Lökbatan qəsəbəsinin ərazisində 1026 ailəlik 11 ədəd doqquz mərtəbəli, Sumqayıt şəhərində 936 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yaşayış komplekslərinin inşası uğurla davam etdirilir. Həmçinin Bakı şəhərindəki qəzalı obyektlərdə məskunlaşan məcburi köçkünlərin məskunlaşdırılması üçün Ramana qəsəbəsi ərazisində 1 ədəd 50 mənzillik, Masazır qəsəbəsi ərazisində biri 50, ikisi isə 80 mənzillik olmaqla 3 ədəd beşmərtəbəli yaşayış binalarının tikintisi artıq başa çatdırılmışdır ki, tezliklə məcburi köçkünlər bu ərazilərdəki mənzillərə köçürüləcəklər. Eyni zamanda bu yaxınlarda Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və özəl şirkətlər tərəfindən ayrılmış 214 mənzildən 151-nə məcburi köçkünlərin köçürülməsi başa çatdırılmışdır.

Bütün bunlar və buna bənzər həyata keçirilən sosial layihələr dövlətimizin başçısının qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına böyük diqqət və qayğısının, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının parlaq göstəricisidir və özlüyündə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi, siyasi və mədəni islahatların mərkəzində Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, əhalinin daha yaxşı yaşayışının təmin edilməsi dayanır.

 

Sosial mənzillərin tikintisi təşəbbüsü cənab Prezidentdən gəlib

Qeyd edək ki, sosial dövlət olan Azərbaycanda daim insanların həyat şəraitinin yaxşılaşmasına yönələn yeni sosial təşəbbüslər irəli sürülür. Belə təşəbbüslər, adətən, cəmiyyətin istəyi, sifarişləri əsasında formalaşır. Son illərdə Azərbaycanda irəli sürülən sosial təşəbbüslər sırasında aztəminatlı ailələr üçün uyğun qiymətə sosial mənzillərin tikintisi layihəsi mühüm yer tutur. Yeni sosial təşəbbüsə uyğun olaraq bütün respublika miqyasında aztəminatlı ailələrin uyğun qiymətə mənzil şəraitlərinin yaxşılaşdırılması strateji hədəf kimi qarşıya qoyulub. Sirr deyil ki, aztəminatlı ailələrin aylıq gəlirləri bazar qiymətləri ilə mənzil almağa kifayət etmir. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Bu baxımdan ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.

Qeyd edək ki, sosial əhəmiyyətli bu təşəbbüs bilavasitə xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına yönəlmiş siyasəti həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Prezident İlham Əliyevdən gəlib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın dövlət başçısı yaranan şəraitdə aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə belə ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsinə böyük önəm verir. Cari ilin yenidən baxılan büdcəsinin xərclər istiqamətində sosial mənzillərin tikintisi proqramına böyük məbləğdə vəsait ayrılması da deyilənləri bir daha təsdiqləyir.

Bir sözlə, ölkədə vətəndaşa qayğı kompleks şəkildə, hərtərəfli formada həyata keçirilir. Son illərdə maaşların, pensiyaların, digər sosial ödənişlərin dəfələrlə artırılması, aztəminatlı ailələrə göstərilən yardımlar və s. bunun daha bir təsdiqidir. Sadalananlar, bir daha göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993