Xəzər rayonundakı “Energetika” pansionatında məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi başa çatdırılıb

Püşkatma yolu ilə paylanan mənzillər 151 məcburi köçkün ailəsinin sevincinə səbəb olub

İyulun 21-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə püşkatma keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yuxarı göstəriciləri sırasındadır.

“Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib “ - deyə Gəray Fərhadov məlumat verib. Həmçinin o, qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu insanlara xüsusi qayğı ilə yanaşırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Mehriban xanım Əliyeva tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, bu yaxınlarda isə qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərasimində iştirak etməsi, hər üç tədbirdəki çıxışı zamanı bu sahədə işlərin sürətləndirilməsi və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.

Çıxışlardan sonra şəffaflığın tam təmin olunması, heç bir narazılıq hallarının yaranmaması məqsədilə məcburi köçkünlərə evlərin paylanmasında ilk dəfə tətbiq olunan üsulla püşkatma mərasimi keçirilib, 151 məcburi köçkün ailəsi növbə ilə püşk çəkərək yeni mənzillərə sahib olublar. Ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən 1 otaqlı, 2-3 və 4 otaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hamının gözü qarşısında Mərdəkan Mədəniyyət Sarayının səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra ailə tərkibinə və mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla böyük həvəslə, eyni zamanda həyəcanla püşkatma qutusuna yaxınlaşan məcburi köçkünlər bir-birinin ardınca, necə deyərlər, bəxtlərini sınamağa başlayıblar.

“Müvafiq qaydalara və ailə tərkibimizə uyğun olaraq bizə ikiotaqlı mənzil düşdüyünü əvvəlcədən də bilirdim və belə də oldu. Ailəmiz Masazırda tikilmiş yaraşıqlı binada 2 otaqlı mənzillə təmin olundu. Məni kuponumuzu çəkənədək həyəcanlandıran başqa məsələ idi. Mən neçə illərdir ki, vaxtilə “Energetika” pansionatı kimi tanınan, indi isə olduqca qəzalı vəziyyətdə olan bu məskunlaşma  obyektində əvvəlcə qonşu kimi, sonralar daha yaxından doğmalaşdığımız, çətin günlərimizi birlikdə yaşadığımız, bu gün isə yeni mənzil sevincini bölüşdüyümüz yaxın qonşularımızdan ayrı düşəcəyimizdən narahat idim. Çünki bir-birimizə o qədər doğmalaşmışıq ki, indi aralı yaşamağı ağlımıza belə gətirmirik. Görünür qəlbimizin istəyi bəxtimizə də hopub. Köhnə qonşularımızdan dördü ilə eyni binada, qonşu mənzillərlə təmin olunduq. İndi biz həm də bu sevinci yaşayırıq”.

Yenicə püşkatma qutusundan aralanaraq əlindəki kuponla qonşuları və bizimlə sevincini bölüşən Ziyəddin Şərifov dedikləri bu fikirlərlə yanaşı onu da bildirdi ki, doğrudan da, neçə illərdir artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən də məskunlaşdıqları binanın tam qəzalı vəziyyətdə olması barədə verdiyi rəydə də göstərildiyi kimi, olduqca çətin vəziyyətdə yaşayıblar. Ona görə də onlar dövlətimizin başçısının məcburi köçkünlərə diqqət və qayğısına arxalanaraq hər cür çətinliyə sinə gərməklə bu günə inanıblar və bu günü səbrsizliklə gözləyiblər.

Püşkatamanın şəffaf keçirildiyindən razılıqlarını, yeni mənzil almalarının sevincini hamı ilə bölüşən digər məcburi köçkünlər - Ağdam rayon sakinləri Nadir Divanov, Elza Abdullayeva, Şəlalə Abdullayeva və Füzuli rayon sakini Rafiz Kərimov da onlara göstərilən xüsusi dövlət qayğısından danışıblar. Bildiriblər ki, müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib.

Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən tənzimlənməsindən söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. “Xəzər rayonunun Şüvəlan qəsəbəsində məskunlaşdığımız köhnə pansionat binasından bu cür yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün əsl bayramdır. Bu bayramı bizə bəxş etdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərindən minnətdarıq”, - deyə həmsöhbətlərimiz əlavə ediblər.

***

Qeyd edək ki, püşkatma mərasimindən sonra iyulun 25-də Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında neçə müddətdir ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərinə köçürülməsinə start verildi. Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən köçürmə komissiyası üzvlərinin də iştirakı ilə həyata keçirilən köçürmə prosesinin lazımi səviyyədə təşkili, heç bir problem yaranmaması üçün vaxtında ələ alınan tədbirlər, nəqliyyat vasitəsi ilə təminat məcburi köçkünlər tərəfindən də razılıqla qarşılanır və onlar böyük həvəslə Masazır və Mehdiabad qəsəbəsindəki mənzillərinə köç edirlər. İşlərin düzgün və mütəşəkkil qaydada təşkili nəticəsində cəmisi bir neçə gün ərzində başa çatan köçürmə prosesindən sonra müvafiq ərazilərdə yeni mənzillərlə təmin olunan məcburi köçkün ailələri onlara verilmiş yeni mənzillərində yır-yığış edərək yeni həyata başlayıblar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993