Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə verilmiş tapşırıqlar uğurla icra olunur

Bu istiqamətdə görülən işlər əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə cari ilin mart ayının 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələrin icrası davam etdirilir.

Qeyd edək ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən bildirmişdi ki, o, öz fəaliyyətini sosial məsələlərin, əhalinin az təminatlı hissəsinin problemlərinin həllinə yönəldəcəkdir. Məhz elə bunun nəticəsi olaraq fəaliyyətinin gələcək istiqamətlərini açıqlamaqla ilk müşavirəsini də ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi.

Həmin müşavirədə Mehriban xanım Əliyeva diqqətə çatdırılan mövcud problemlərin, qeyd olunan digər məsələlərin qısa zamanda həll edilməsi, yararsız və qəzalı binalarada daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın oradan köçürülməsi kimi məsələlərin vaxtında həllini tapması üçün təcili tədbirlər ələ almağın və birgə çalışmağın vacibliyini vurğulayaraq bildirmişdir ki, bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir: “Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan məcburi köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına cavab verməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır”.

Artıq müşavirədə qarşıya qoyulan bu vəzifələrə və verilmiş tapşırıqlara uyğun olaraq daha ağır və qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi məqsədilə işlərə başlanılıb. Həmin müşavirənin və Mehriban xanım Əliyevanın rəhbərliyi altında hazırlanan tədbirlərin nəticəsi kimi bu gün ən böyük layihə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində, Lökbatan-Qobu yolunun 3 km şərq hissəsində 1026 mənzillik 11 ədəd doqquz mərtəbəli yaşayış binalarından ibarət kompleksin tikintisidir. Hazırda bu ərazidə işlər uğurla davam etdirilir. Burada həmçinin, 624 şagird yerlik üçmərtəbəli məktəb binasının, 220 yerlik uşaq bağçasının, tibb məntəqəsinin və digər zəruri sosial-texniki infrastrukturların inşası da paralel qaydada aparılır. Bu yeni yaşayış kompleksində də bu gün qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.

Burada ən yadda qalan məqam isə yaşayış kompleksinin inşasına başlamaq üçün ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mayın 31-də ərazidə keçirilən təməlqoyma mərasimində şəxsən iştirakı və dərin məzmunlu çıxışı oldu. Belə ki, Mehriban xanım Əliyeva müşavirədə olduğu kimi, təməlqoyma mərasimindəki çıxışında da əsas diqqəti ölkə əhalisinin bu təbəqəsinin sosial-mənzil-məişət problemlərinin həllinə yönəldərək həmçinin onu da vurğuladı ki, ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir: “Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Qaçqın və məcburi köçkün ailələrinin əksəriyyəti müvəqqəti məskunlaşdıqları bu ictimai binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi bitməmiş binalarda çox ağır vəziyyətdə yaşayırlar. Bu ilin mart ayında məhz bu problemə - qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, bütün lazımi tapşırıqlar verilmişdir. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanmışdır”.

Bütün bu deyilənlərlə o, bir daha sübut etdi ki, Birinci vitse-prezident kimi fəaliyyətə başlayan Mehriban xanım Əliyeva həqiqətən də ilk günlərdən məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır və artıq bu istiqamətdə geniş miqyaslı işlərə başlayıb.

Öz fəaliyyətində sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşdığını daim vurğulayan Mehriban xanım Əliyeva bu deyilənləri konkret addımları ilə təsdiqləyir. Elə Birinci vitse-prezidentin iştirakı ilə iyun ayının 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində onlara yeni mənzillərin verilməsi mərasimindəki iştirakı və çıxışı, yararsız, qəzalı binalarda yaşayan məcburi köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıqlar, o cümlədən həmin ərazidə təzə mənzillərlə təmin olunmuş soydaşlarımızın mənzil şəraiti ilə tanışlığı, apardığı səmimi söhbətlər də məhz bu diqqət və qayğının, humanist siyasətin təzahürüdür.

Qeyd edək ki, həyata keçirilən bu tədbirlərlə yanaşı, eyni zamanda Heydər Əliyev Fondunun müraciətinə əsasən məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Masazır və Mehdiabad qəsəbələrində özəl şirkətlər tərəfindən 214 mənzilin ayrılmasını Azərbaycan xalqının xeyriyyəçilik ənənələrinin davamı kimi yüksək dəyərləndirən Mehriban xanım Əliyeva dövlətlə yanaşı biznes strukturlarının, iş adamlarının da bütün cəmiyyətimiz üçün vacib olan bu ağır problemin həllinə öz töhfələrini verdiyindən məmnunluğunu da ifadə edib ki, hazırda da həmin mənzillərə nəzərdə tutulmuş ərazilərdən məcburi köçkünlərin köçürülməsi davam etdirilir.

Həmçinin Bakı şəhərindəki bu cür qəzalı obyektlərdə məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi üçün isə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində 1 ədəd beşmərtəbəli, 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün tikilən yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində biri 50, ikisi isə 80 mənzilli olmaqla 3 ədəd beşmərtəbəli yaşayış binalarının tikintisi də artıq başa çatdırılıb, küçələrin işıqlandırılması üçün elektirik dirəkləri və lampaları quraşdırılıb, binaların daxili və xarici kommunikasiyalarının, su, kanalizasiya, istilik sistemlərinin quraşdırılması da yüksək səviyyədə həyata keçirilib. Həmin binaların kommunikasiya xətləri əvvəlcə salınmış qəsəbələrin kommunikasiya xətlərinə qoşulubdur ki, bunlar da işlərin tezliklə başa çatdırılmasına təkan vermişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə aidiyyatı qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıqlar Sumqayıt şəhərində də uğurla icra olunur. Belə ki, bu gün respublikamızın işğal rayonlarından olan 52 mindən çox qaçqın və məcburi köçkünün məskunlaşdığı bu şəhərdə ilkin mərhələdə qəzalı yataqxanalarda məskunlaşmış  məcburi köçkünlər üçün şəhər icra hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində ayrılmış sahədə 936 məcburi köçkün ailəsi üçün yaşayış kompleksindən ibarət böyük bir şəhərcik salınır. Altısı 8, ikisi 14, daha ikisi 15 mərtəbəli, 138-i bir, 520-si iki, 278-i isə üç otaqlı olmaqla salınan bu yaşayış kompleksi Sumqayıtda məcburi köçkünlər üçün salınan ilk yaşayış kompleksidir və Sumqayıtda bu işlərə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın yuxarıda qeyd olunan müşavirədəki tapşırığından sonra start verilib.

Bu mərhələdən sonra şəhərdəki inzibati binalarda, uşaq bağçalarında, məktəblərdə, vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər üçün də yeni binalar tikilməsi nəzərdə tutulur. Qeyd edək ki, Sumqayıtdakı təxminən 4688 nəfərin məskunlaşdığı 15-ə yaxın qəzalı vəziyyətdə olan yataqxanalarda məskunlaşan soydaşlarımız üçün salınan bu yaşayış kompleksinin inşasının gələn ilin ortalarında başa çatdırılması nəzərdə tutulub.

Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət nəticəsində qaçqın və məcburi köçkünlər də ölkəmizdə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar və onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi vurğuladığı  kimi, bu, Azərbaycan dövləti üçün ən ağır, ən vacib problemdir. Ona görə də Azərbaycan dövləti bu problemin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993