Ölkəmizin haqlı mövqeyini dəstəkləyən dövlətlərin sayı artmaqdadır

İlham Əliyev: “Aparılan düşünülmüş siyasətin nəticəsidir ki, bütün dünya ictimaiyyəti, qüdrətli dövlətlər Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir”

Müasir dövrdə düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik, müstəqil siyasət sahibi olmaq, sabitliyi möhkəmləndirmək bütün uğurların əsas şərti kimi öndə dayanır. Nüfuzlu beynəlxalq təşkilatların, ekspertlərin və mütəxəssislərin bu baxımdan örnək kimi dəyərləndirdiyi Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atmaqla ölkəmiz inkişaf strategiyasına və zamanın çağırışlarına uyğun olaraq beynəlxalq münasibətlər sisteminin önəmli iştirakçısına çevrilib.

Hər bir dövlətin xarici siyasətinin əsas uğuru müasir geosiyasi şəraitdə qlobal dəstəyə, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı anlaşma şəraitində fəaliyyətin tənzimlənməsinə nail olmaqdır. Azərbaycanın qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması istiqamətində sadiq qaldığı əməkdaşlıq prinsipi çevik, dinamik və perspektivlidir. Qərb, Şərq dəyərlərini özündə birləşdirməklə dünya birliyində xüsusi əhəmiyyətə malik olduğunu balanslaşdırılmış siyasəti ilə təsdiqləmiş Azərbaycan regionlararası siyasi, iqtisadi və sivilizasiyalararası əlaqələrinin genişlənməsində mühüm amilə çevrilir. Mövcud münaqişələrin həllini tapmadığı, yeni qarşıdurma və təhlükə bölgələrinin yarandığı, risk və təhlükəsizlik üçün ciddi xəbərdarlıqların artdığı müasir dünyamızda və münaqişə bölgələrində əməkdaşlıq, qarşılıqlı anlaşma siyasətinə sadiq qalmaqla vəziyyətin sabitləşməsinə hazırda daha çox ehtiyac duyulur. Bu baxımdan sabitlik diyarı kimi tanınan, multikultural və tolerantlıq təcrübəsi təbliğ olunan Azərbaycana maraq artmaqdadır.

Bu baxımdan xarici siyasətimizin əsas istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyən dövlətlərin də sayı artmaqdadır. Ermənistanın təhriki ilə Dağlıq Qarabağda qanunsuz keçirilən referendumun Minsk qrupunda təmsil olunan ABŞ, Fransa, Rusiya və Avropa İttifaqı, İran, Gürcüstan tərəfindən tanınmaması, separatçı rejimin qanunsuz ümumxalq səsverməsinin hüquqi əsasının olmadığı barədə bəyanatların səsləndirilməsi Azərbaycanın xarici siyasətinin təntənəsidir. “Aparılan düşünülmüş siyasətin nəticəsidir ki, bütün dünya ictimaiyyəti, qüdrətli dövlətlər Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi” söyləyən Prezident İlham Əliyev münaqişə ilə bağlı Azərbaycanın mövqeyini ifadə edərək bildirir ki, danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bundan kənarda heç bir həll yolu mümkün deyil.

Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları da xarici siyasətimizin uğurları kimi başqalarına nümunə göstərilir. “Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir” söyləyən Prezident İlham Əliyev malik olduğumuz mənəvi dəyərlərimizi böyük sərvət hesab edir. 

Balanslaşdırılmış xarici siyasətini qarşılıqlı əməkdaşlıq, hörmət və etimad əsasında təkmilləşdirən, başqalarının daxili işlərinə müdaxiləni yolverilməz hesab edən, dövlətin mənafeyinə və xalqın maraqlarına uyğun problemlərlə bağlı prinsipial mövqeyini bütün səviyyələrdə müdafiə edən Azərbaycanın dəstəklənən siyasəti birmənalıdır: “Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir” söyləyən İlham Əliyev Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyəti, qaçqın böhranı ilə bağlı məsələlərin müzakirəsində də xeyirxahlıq və humanizm prinsiplərinə əsaslanır.

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin istiqamətləri və perspektivləri ilə bağlı görülən işlər barədə də ətraflı danışılıb. Bildirilib ki, cari ilin altı ayında Azərbaycan beynəlxalq əlaqələri yeni istiqamətlər üzrə fəallaşıb, çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dövlət başçımızın cari ilin altı ayında beş Avropa, eyni sayda müsəlman ölkəsinə səfəri, dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında, sammitlərdə, zirvə görüşlərində iştirakı Azərbaycanın balanslaşdırılmış və beynəlxalq səviyyədə dəstəklənən xarici siyasətinin uğurudur.

Prezident İlham Əliyevin bildirdiyi kimi hər səfər özlüyündə tarixi hadisə olmaqla ölkəmizin əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndiyini də göstərir. Ölkəmizin dünya siyasətində tutduğu mövqenin dəstəklənməsi təbii ki, təkcə rəsmi səfərlərlə məhdudlaşmır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan respublikamızda hər il keçirilən mötəbər tədbirlər, forumlar, dünya siyasətinin aktual mövzularının müzakirəsi ölkəmizin önəmini daha da artırır, münasibəti, hörməti əks etdirir. Bütün bunlar isə öz növbəsində Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, beynəlxalq əlaqələrini genişləndirmək, ən başlıcası isə xalqımızın rifahını artırmaq məqsədinə yönəldilmiş mühüm amillərdəndir.

Beləliklə, bu günümüzün reallığı budur ki, Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilib. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Bu mühüm hadisəni qeyd etmək kifayətdir ki, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə özünə olan inamı, etimadı bir daha təsdiqlədi. Məhz bu uğurlarımız öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır və Azərbaycanın dünya siyasətindəki mövqeyini gündən günə genişləndirir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993