Məcburi köçkünlərin ənənəvi qəbulunda onların müraciətləri dinlənilmiş, narahatlıq doğuran məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir

Dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini daim önə çəkərək bildirmişdir ki, Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır və bu münasibətlərin yaxşı əsaslar üzərində qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə də Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar. Bununla da Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib.

 Son illər ölkə başçısının tapşırıqları əsasında ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə, rəhbərlik etdikləri dövlət qurumlarında müntəzəm vətəndaşları qəbul etmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir. Ölkə başçısının dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşlara lazımi səviyyədə xidmət göstərilməsi, onların bütün müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı verdiyi tapşırıqlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də daim diqqətdə saxlanılır, Komitəyə müxtəlif məsələlərlə bağlı məcburi köçkünlər tərəfindən edilən müraciətlər zamanı bu meyarlar əsas götürülür.

Müxtəlif ərazilərdə məskunlaşmış məcburi köçkünlərin iyulun 16-da Dövlətqaçqınkomda keçirilən növbəti ənənəvi qəbulu da, həmişə olduğu kimi, dövlət başçısının qarşıya qoyduğu tələblər səviyyəsində aparılmış, bu təbəqədən olan soydaşlarımızın qayğı və problemləri diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir.

İlk növbədə əsasən “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəbələrə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli qərarı ilə orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin olunan məcburi köçkünlərə edilən ödənişlərin icra müddətinin uzadılmaması və digər bu kimi məsələlərlə bağlı müraciət edən məcburi köçkünlər Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən qəbul olunub. Bu məsələ ilə bağlı müraciət edənlərlə hərtərəfli söhbət aparılaraq məsələyə aydınlıq gətirilib və onlara lazımi izahatlar verilib. 

Eyni zamanda həmin gün Dövlətqaçqınkomun sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov müxtəlif məsələlərlə, o cümlədən qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işə düzəltmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müxtəlif məskunlaşma obyektlərindən və bölgələrdən qəbula gələn 300-dən çox məcburi köçkünlə ümumilikdə görülən işlər, qarşıda duran vəzifələrlə əlaqədar söhbətlər aparmış, onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olmuş, edilən müraciətlər, narahatlıq doğuran məsələlərlə bağlı onlara hərtərəfli izahat vermişlər.

Bunlarla yanaşı, onu da qeyd edək ki, bu dəfə də qəbula gələn məcburi köçkünlərin əksəriyyətinin müraciətləri mənzillə bağlı olduğundan onların diqqətinə çatdırılmışdır ki, martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə də bildirilmişdir ki, indiyədək görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsi yaşayır. Diqqətə çatdırılıb ki, müşavirədə Mehriban xanım Əliyeva çıxışında bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmasının vacibliyini önə çəkərək bildirmişdir ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidirlər. Bu məsələnin dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri olduğunu önə çəkən Birinci vitse-prezident məsələnin həlli yollarını da müəyyənləşdirmişdir ki, artıq bu işlərə də başlanılmışdır. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə həmin müşavirədən sonra - may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailə üçün salınan yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində daha ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərasimlərinin keçirilməsi, müxtəlif ərazilərdə bu məqsədlə yeni binaların tikintisi deyilənləri özlüyündə bir daha təsdiqləyir.

Ona görə də bu məsələ ilə bağlı müraciət edənlərə mövcud vəziyyətlə əlaqədar hərtərəfli aydınlıq gətirilərək bildirilmişdir ki, bütün tədbirlərdə məcburi köçkünlərin problemlərinin həmişə dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu istiqamətdəki məsələləri daha sürətlə həll etmək üçün müvafiq tapşırıqlar vermişdir ki, bununla da daha ağır durumda yaşayanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının rəhbərliyi altında işlər mərhələli şəkildə davam etdirilir.

Dövlətqaçqınkomun şöbə və departament müdirlərinin, Bakı şəhəri üzrə sektor müdirlərinin, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin də iştirak etdiyi qəbulda ərizə və şikayətlərdə, edilən müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə müvafiq tədbirlər görülməsi üçün Komitənin müvafiq strukturlarına ünvanlanmış, konkret tədbirlər ələ alınması üçün tapşırıq və tövsiyyələr verilmişdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993