“Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır”

İlham Əliyev: Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir

 

Cocuq Mərcanlıdakı yeni qəsəbənin köhnə sakinləri: “Biz çox sevinirik ki, köhnə yurddakı yeni evimizdəyik”

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 24 yanvar 2017-ci il və 15 iyun 2017-ci il tarixlərində imzaladığı tarixi əhəmiyyətli hər iki sərəncam istər məcburi köçkünlər, istərsə də bütün ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməklə dövlət başçısı tərəfindən atılan bu qətiyyətli addımlar Azərbaycanın işğal altında olan torpaqları geri qaytarmaq əzminin qəti olduğunu və artıq bu istiqamətdə əməli fəaliyyətə keçdiyini dünyaya bəyanlayan bir mesajdır.

“Məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olub. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır”.

Bütün bunlara görədir ki, bu gün nəinki təkcə məcburi köçkünlərimiz, bütün ölkə ictimaiyyəti böyük fəxarət hissi keçirir və hər kəs hesab edir ki, doğma ellərə “Böyük Qayıdış”ın başlanğıcı olan Cocuq Mərcanlı növbəti uğurlarımızın təməli kimi artıq tarixə düşüb. Prezident İlham Əliyevin də söylədiyi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biri kimi qalacaq.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da məcburi köçkünlər üçün salınan qəsəbələr arasında bu yaxınlarda istifadəyə verilən Cocuq Mərcanlı qəsəbəsinin xüsusi yeri olduğunu qeyd edən dövlət başçısı bunu tarixi hadisə kimi dəyərləndirib: “Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır.”

Beləliklə dövlət başçısı tərəfindən imzalanan hər iki sərəncam istər Cocuq Mərcanlıda həyatın əvvəlki məcrasına yönəldilməsi, kəndin daha da abadlaşdırılaraq müasirləşdirilməsi, istərsə də neçə illərdir məcburi köçkün həyatı yaşayan kənd sakinlərinin geri qayıdışına, rahatlıqlarının təmin olunmasına hesablanmış uzaqgörən siyasətin nəticəsidir.

Bu kəndin bərpası həm də bütün məcburi köçkünlərin doğma yurda qayıtmaq inamlarını daha da artırır və onlarda belə bir əminlik yaradır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan digər ərazilərimiz də nəyin bahasına olursa olsun, tezliklə işğaldan azad ediləcək.

Artıq məlum olduğu kimi, kəndin birinci mərhələsinin bərpasından sonra ilkin mərhələdə inşa olunmuş 50 ailəlik qəsəbəyə Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən kəndin sakinlərinin köçürülməsi başa çatdırılıb. Böyük həvəslə geri qayıdan kənd sakinləri indi qurub-yaratmaqla, əkin-səpinlə məşğul olurlar və arzulayırlar ki, işğal altında olan bütün kəndlər, rayonlar da işğaldan azad edilərək Cocuq Mərcanlı kimi abadlığa, gülüstanlığa çevrilsin.

Bakı şəhərində və ətrafda, eyni zamanda Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdən buraya köçürülən cocuq mərcanlılar cənab Prezidentin qayğı və diqqətindən ruhlanaraq bildirirlər ki, kənd, köhnə yurd yeri indi tamamilə dəyişib. Burada asfalt yol salınıb, bütün infrastruktur var: “Biz çox sevinirik ki, köhnə yurddakı yeni evimizdəyik. Prezidentimiz sağ olsun ki, bizi öz doğma torpağımıza qaytardı. İllərdir bizim gəlişimizi gözləyən əzizlərimizin ruhu şad oldu bu qayıdışla” - bu fikirlər demək olar ki, bütün kənd sakinlərinin ümumiləşdirilmiş fikirlərini əks etdirir. Düz 24 il əvvəl isti avqust ayında günorta vaxtı bu yurdu zor gücünə tərk etdiklərini deyən kənd sakinləri bildirirlər ki, heç ağlımıza da gəlmədi ki, nə vaxtsa geri dönəndə belə şəraitli mənzillərlə, yaraşıqlı bir şəhərə bənzəyən kəndə qayıdacağıq və artıq qayıtmışıq.      

Yaxın günlərə qədər Cocuq Mərcanlının yeganə sakini kimi təqdim etdiyimiz, 23 illik yaşam tərzi ilə xalqımızın şanlı vətənpərvərlik nümunəsini yaşadan, bütün bunlara görə də cənab Prezidentin müvafiq sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oqtay Həziyev də həmkəndlilərinin sevincini bölərək bildirir ki, artıq o, burada tək deyil. Həmkəndlilərinin, qonum-qonşularının doğma kəndə qayıtmaları sayəsində onun kənddəki qonşularının sayı artıb. Gecələr kənddə işıqları yanan evlərin sayının artması Cocuq Mərcanlının əvvəllər yeganə sakini olmuş Oqtay Həziyevi indi hədsiz sevindirir. O, bu sevincini belə bölüşür:

- Bəli, cənab Prezidentimizin sayəsində insanlarımız vətənə geri dönür. Sağ olsun, Prezidentimiz, tikib, qurub yaradıb. Hazırda kəndin həyatında canlanma yaşanır. İnsanlar öz həyət-bacalarını təmizləyir. Digər tərəfdən, növbəti 100 evin inşası davam edir. Bunların hamısı qürurvericidir. Mən də xoşbəxt adamam ki, kəndimin, obamın insanları öz elinə qayıdır. Artıq Bakıda və Biləsuvarda məskunlaşan Cocuq Mərcanlı sakinlərinin bura köçürülməsi başa çatıb. Qardaşımgil Biləsuvarda cəbrayıllılar məskunlaşan qəsəbədə yaşayırdılar. Onlar da artıq Cocuq Mərcanlıya köçüblər. Onların hamısı əzizlərimizdir. Sakinlərin geri dönüb kənddə yaşaması mənim üçün də böyük ruh yüksəkliyi yaradır. Onlar həm də məni güvən yeri bilirlər. Mən də onların arxasında dayanmışam. İnşallah, əl-ələ verib doğma yurdda yaşayacağıq: “Cənab Prezident sağ olsun, kənddəki ilk evi mənə hədiyyə edib kupçası ilə bərabər. Bununla bərabər mənim özümün tikdiyim evim var. Həmin ev mənim üçün ən müqəddəs evdir, dostumdur, sirdaşımdır, mən onu ata bilmərəm. Çünki ona xəyanət etmiş olaram. Ailə üzvlərim də yanımdadır. Orda da yaşayacağıq, burda da”.

Bu qayıdışdan sonra sahibkar kimi təsərrüfatını genişləndirməyi nəzərdə tutan O.Həziyev bildirir ki, bu, həm də yeni iş yerləri deməkdir. Ehtiyacı olan insanlar işlə də təmin olunacaqlar. Yaxın günlərdə kənddə torpaq islahatı aparılacaq, sakinlərə torpaq paylanacaq. Torpaqların bir qismi perspektivli yer kimi saxlanılacaq. Həmin torpaqlarda pambıqçılıq, çuğundur və başqa tərəvəz məhsulları əkiləcək. Vətəndaş həm öz tələbatını ödəyəcək, həm də təsərrüfatdan pul qazanacaq. Ən başlıcası isə insanlar kəndinə geri qayıtdığı üçün çox sevinir. Bundan sevincli nə ola bilər onlar üçün? Müvəqqəti çətinlik olması normaldır. Çətinliyə alışdıqdan, şəraitə uyğunlaşdıqdan sonra hər şey normallaşacaq. Yüz ilin sakininə çeviriləcəklər. Bura köçənlərin hamısı öz kəndimizin adamlarıdır, hamı bir-birinə doğmadır, bir-birini tanıyır, yad yoxdur. Ona görə də hər şeyin yaxşı olacağına inanırıq.

Bəli, indi vaxtilə xarabalığa çevrilən Cocuq Mərcanlı gözlərimiz önündə abad və yaraşıqlı bir qəsəbəyə çevrilib, yeni mənzillər yeni sakinlərini qoynuna alıb. İndi Cocuq Mərcanlı kənd orta məktəbi də şagirdlərin yolunu gözləyir. İndiyədək Biləsuvar rayonunda fəaliyyət göstərən məktəb sentyabr ayının 15-də öz doğma ünvanında fəaliyyətə başlayacaq. Bu, xüsusən Cocuq Mərcanlını görməyən uşaqların həyatında xüsusi iz buraxacaq. Çünki onlar vaxtilə məhz ata-analarının təhsil aldıqları kənddə oxumağa başlayacaqlar.

Qeyd edək ki, bu ərazidə bərpa prosesinin ikinci mərhələsi də uğurla davam etdirilir. Belə ki, kəndə qayıtmaq üçün edilən müraciətlərin çoxluğunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti 15 iyun 2017-ci il tarixdə kəndin bərpası ilə bağlı daha bir sərəncam imzalayıb. Həmin sərəncama əsasən Cocuq Mərcanlı kəndində əlavə 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb. 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0, 10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Bəli, Cocuq Mərcanlıda artıq yeni həyat başlayıb. Kənd yenidən qurulduğundan, vaxtilə boş qalmış, insan nəfəsinin həsrətini çəkən torpaqlarda da bir canlanma əmələ gəlib, təbiət də gözəlləşib. 23 ildən də çoxdur ki, Cocuq Mərcanlıda yalnız bir evdən işıq gəlirdi. İndi daha 50 mənzilin közərən işıqları bu yerlərə bir yaraşıq verir. Tezliklə insan hənirtisi, insan nəfəsi ilə isinəcək daha 100 evdən beləcə işıqlar közərəcək, Cocuq Mərcanlı  əvvəlkindən də abad olacaq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993