“Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır”

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, dövlətimiz bu problemin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir

Azərbaycanın ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərlə bağlı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində əldə olunan uğurlar həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. Münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq Azərbaycanda problemin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması mexanizmi işlənib həyata keçirilir. Bu gün dünyada qaçqın və məcburi köçkün problemlərinin dövlət tərəfindən idarə olunmasından söz düşəndə, ilk növbədə Azərbaycan nümunə göstərilir. Azərbaycanın BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilməsi də bunun əyani ifadəsidir.

Bu yaxınlarda qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yenimənzillərin verilməsi mərasimindəki çıxışında Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi ilə vurğulayıb ki, Azərbaycan dövləti məcburi köçkün ailələrinin problemlərinin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir: “Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq. Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailənin yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur - tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Əminəm ki, işlər qısa bir zamanda başa çatdırılacaq və bugün çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq. Azərbaycan dövləti tərəfindən bu tədbirlərin icrası üçün ümumilikdə, 6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur”.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra mart ayının 9-da ilk müşavirəsini qaçqın və məcburi köçkünlərə həsr etməsi Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın köçürülməsinə həsr olunmuş müşavirədə bu istiqamətdə görüləcək işlərin perspektivlərini müəyyənləşdirməsi, yararsız və qəzalı vəziyyətdə yaşayan məcburi köçkünlərin oradan köçürülməsi kimi məsələlərin qısa zamanda həll edilməsi üçün təcili tədbirlər ələ almağın vacibliyini vurğulaması bir daha onu göstərdi ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritet istiqamətidir. Bundan sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təbəqədən  olan vətəndaşlarımızın yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində 1026 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 11 yaşayış binaları kompleksinin təməlqoyma mərasimində iştirakı və bu mərasimdəki çıxışı zamanı önə çəkdiyi fikirlər yuxarıda deyilənlərin bariz nümunəsidir. Ümumiyyətlə götürdükdə Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi də bu istiqamətdəki fəaliyyətini daim uğurla davam etdirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, bu münaqişə nəticəsində ölkəmizdə yaranan qaçqın və məcburi köçkün probleminin əsl mahiyyətinin dünyaya çatdırılması məqsədilə gərgin fəaliyyət göstərib.

Xatırladaq ki, ölkədəki qaçqın və məcburi köçkün probleminin sistemli şəkildə həllinə nail olmaq məqsədilə ötən müddət ərzində digər hüquqi-normativ sənədlərlə yanaşı, birbaşa bu sahə ilə bağlı iki Dövlət Proqramı və ona iki əlavə təsdiq edilib. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi tikilib, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Bu da iki Mingəçevir şəhəri deməkdir. Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibbi məntəqəsi, 2 olimpiya idman kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri çəkilib. Bakı şəhərində və Abşeron rayonu ərazisində salınmış yeni qəsəbə və məhəllələrdəki mənzillər  6500 ailə, 29 min nəfər  köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib. Ölkədə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb.

Dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda, dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə Dünya Bankı ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən 78,5 milyon ABŞ dolları dəyərində yeni saziş imzalanıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Azərbaycan torpaqlarının işğal altında qaldığı, münaqişənin davam etdiyi bir dövrdə hərbi vətənpərvərlik tərbiyəsi xüsusi önəm kəsb edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üç il bundan əvvəl apardığı təhlil nəticəsində müəyyən olunub ki, əraziləri işğal edilmiş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 nəfər təhsil alır. Dövlət başçısına mövcud vəziyyət məruzə olunandan sonra cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində bu gün bu rəqəm 10 dəfə artaraq 300 nəfər olub. Orta məktəb məzunları arasında ali məktəblərə qəbul da ilbəil artır. Təkcə keçən il orta təhsili başa vuran və sənəd verən məcburi köçkünlərdən 3600 nəfəri, yaxud 35 faizi tələbə adını qazanıb. Bu da ümumrespublika göstəricisi ilə müqayisədə yaxşı nəticədir. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. 2016-cı ildə hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur.

Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,6 milyard manatdan çox vəsait sərf olunub. Bunun 3,1 milyard manatı dövlət büdcəsinin, 2,1 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və kənd sakinlərinin doğma ocaqlarına qaytarılması da tarixi hadisədir. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirib minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi. Lələtəpə yüksəkliyinin qaytarılması ilə Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Və bu ilin yanvar ayında dövlət başçısı cənab İlham Əliyev tərəfindən Cocuq Mərcanlının bərpası ilə bağlı müvafiq sərəncam imzalandı. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi. Birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikildi, Horadizdən Cocuq Mərcanlıya yol çəkildi. Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtük salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb. Qeyd edək ki, Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilən sayca 96-cı yaşayış məskənidir.

Xatırladaq ki, iyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlıda ilkin mərhələdə görülən işlərlə tanışlıq məqsədilə bu kəndə səfərindən bir gün sonra dövlətimizin başçısı "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb. Hazırda kənddə bərpa işlərinin ikinci mərhələsi uğurla davam etdirilir ki, bütün bunlar da qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinin, onların doğma ocaqlarına qaytarılmasının daim Azərbaycan dövləti, şəxsən cənab Prezident tərəfindən diqqət mərkəzində saxlanıldığına dəlalət edir. 

Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş tam təmirli mənzillərə köçürülən 214 ailənin də yaşayış şəraitinin yaxşılaşması çox təqdirəlayiqdir. Ölkənin iş adamlarının yardımı ilə həyata keçirilən bu layihə Azərbaycan xalqının xeyriyyəçilik ənənəsinin davamıdır. Bunun böyük önəmini vurğulayan Birinci vitse-prezident xanım Mehriban Əliyeva bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz diqqət və qayğısını göstərir: “Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki, işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz bərpa edilsin, yeni qəsəbələr salınsın və insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993