Yasamal rayonundakı yataqxanada yanan mənzillər qısa müddət ərzində təmir edilərək məcburi köçkünlərin ixtiyarına verilib

Ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli dövlət siyasəti, məlum dövlət proqramlarının qəbulu və onların icrası Azərbaycan dövlətinin böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi qayğının təzahürüdür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovulan soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür, yeni layihələr həyata keçirilir. Ən başlıcası isə bu istiqamətdə həyata keçirilən uğurlu layihələri ilə dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycanda bu təbəqədən olan soydaşlarımızın problemləri mərhələli şəkildə həll olunaraq dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Məlum olduğu kimi, keçən ayın 7-də Yasamal rayonu, Şərifzadə küçəsi 1-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş vermiş  yanğın nəticəsində 16 məcburi köçkün ailəsinin mənzilləri yanmışdı. Hadisə baş verən gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Komitənin digər məsul işçiləri ilə əraziyə gələrək həmin yataqxanada məskunlaşan məcburi köçkünlərlə görüşmüş, sakinlərin müraciətini dinləyərək yanğından ziyan çəkən ailələrin müvəqqəti yaşayış yeri ilə təmin olunması, yanan mənzillərin tez bir zamanda təmir edilərək sakinlərin öz mənzillərinə qaytarılması ilə bağlı Dövlətqaçqınkomun müvafiq qurumlarına konkret tapşırıqlar vermişdi.

Baş nazirin müavini Ə.Həsənovun bu məsələni gündəlik diqqət mərkəzində saxlamasının, işlərə daimi nəzarətinin nəticəsidir ki, yanan mənzillər, eyni zamanda kommunikasiya xətləri Komitənin tabe təşkilatları olan Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin tikinti-təmir idarəsinin xətti ilə qısa zamanda təmir edilərək burada məskunlaşan məcburi köçkünlərin ixtiyarına verilmişdir. Yanan otaqlara yeni plastik pəncərə və qapılar quraşdırılıb, otaqların döşəməsi təzələnərək rənglənib.Onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edən məcburi köçkünlər bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə etməklə yanaşı, həmçinin bunları daimi dövlət qayğısının təzahürü kimi dəyərləndirirlər.

Bu günlərdə həmin yanan mənzillərin sakinləri ilə görüşdük.

Cəbrayıldan, Füzulidən, Ağdamdan və digər bölgələrdən bu yataqxanada müvəqqəti məskunlaşan məcburi köçkünlər onlara dövlət tərəfindən göstərilən bu cür diqqət və qayğıdan söhbət açdılar. Füzuli rayonundan məcburi köçkün Munis Tahirov, Allahverdi Heydərov, Zəminə Babayeva ilə söhbət əsnasında onlar həmin günü belə xatırlayaraq bildirdilər ki, yanğın bir anda baş verdiyindən nədən qaynaqlandığını anlaya bilmədik. Hamı özünü itirmişdi, alov isə getdikcə güclənir, bir- bir evlərə keçirdi. Uşaqları güclə mənzillərdən çıxara bildik.  Lakin az keçmiş Dövlət Yanğından Mühafizə Xidmətinin xeyli texnika və canlı qüvvəsi  bir saat ərzində yanğını söndürüb, digər mənzillərə keçməsinin qarşısını aldılar.

Söhbət əsnasında məcburi köçkünlər onu da bildirdilər ki, yanğınla bağlı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənovun sədrliyi ilə elə həmin günün səhəri Yasamal Rayon İcra Hakimiyyətində yanan yataqxana ilə bağlı müşavirə keçirildi və biz də müşavirədə iştirak edirdik. Həmin müşavirədə Ə.Həsənov vurğuladı ki, hadisə ilə bağlı Prezident cənab İlham Əliyevə məlumat verilib və görülən bütün tədbirlər dövlət başçısının nəzarəti altındadır.

Məhz dövlət başçısının tapşırıqlarına əsasən Ə.Həsənovun diqqət və qayğısı sayəsində bizə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaq üçün dövlət tərəfindən maddi yardım da edildi. Lakin biz uzun zaman kirayədə qalmadıq. Belə ki, mənzillərimiz  qısa zamanda təmir edildi, bizə dəyən maddi ziyan dövlət tərəfindən ödənildi və biz bununla yeni avadanlıqlar və əşyalar aldıq. Bunu isə birbaşa ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı kimi başa düşürük: “Göstərilən diqqət və qayğıya görə ölkə başçısına məcburi köçkünlər adından dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, yaxın zamanlarda bütün yataqxanalarda məskunlaşan məcburi köçkünlər yeni və müasir tipli evlərə köçürüləcəkdir. Amma biz məcburi köçkünlərin yeganə arzusu doğma yurd-yuvalarımıza qovuşmaqdır. Buna görə 24 ildir ki, qarşılaşdığımız hər bir çətinliyə sinə gərmişik. Bu gücü isə bizə Prezidentimiz cənab İlham Əliyev verib. İnanırıq ki, məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad ediləcək. Cocuq Mərcanlıdan başlanan yol digər işğal altında olan ərazilərimizdə davam edəcək. O gün isə uzaqda deyil...”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993