Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsinə start verildi

Bu mərhələdə əlavə 100 evin, 50 yerlik uşaq bağçasının və digər sosial infrastrukturların tikintisi nəzərdə tutulur

Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.

Bu münasibətlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və inşaat işlərini aparacaq tikinti şirkətlərinin nümayəndələri Cocuq Mərcanlıda olub, yeni qəsəbə salınacaq əraziyə baxış keçiriblər.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.

Məlumat verilib ki, 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993